Kəndlilər təsərrüfatlarını sığortalamaqda maraqlı deyillər — Ekspert səbəbini AÇIQLADI

İQTİSADİYYAT 05 fev 2024, 16:08
2023-cü ildə Azərbaycanda 380 476 hektar əkin sahəsi sığortalanıb. Bu, 2022-ci illə müqayisədə 43 % çoxdur. Ötən il aqrar sığorta mexanizmi vasitəsilə 6 500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7 800 baş heyvan da sığorta edilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə ən çox sığortalanmış əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı əkinləri olub. Ümumilikdə isə əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47 minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin sözlərinə görə, sığortalanan, əsasən, məmurlara məxsus əkinçilik və heyvandarlıq təsərrüfatlarıdır. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, kəndlilər sığortaya bir o qədər də maraq göstərmirlər. Baxmayaraq ki, son vaxtlar fors-major hallar artıb, təbii fəlakətlərlə daha çox üzləşirik:

“2023-cü ildə pambıqçılıqla məşğul olan kəndlilərin bir çoxu təsərrüfatlarını sığortalayıb, amma sığorta hadisəsi baş versə də, sığorta pulunu ala bilməyiblər. Ötən il davamlı intensiv yağışlar yağdı, pambıqçılar xeyli ziyana düşdülər. Onların təsərrüfatları intensiv yağışlardan sığortalanmalıdır, amma sığorta şirkətləri yalnız seldən sığortalayır. Bildiyimiz kimi, Aran bölgəsinə sel gəlməsi çox nadir haldır, sel, əsasən, dağlıq və dağətəyi rayonlarda baş verir”.



V.Məhərrəmli 40 faizdən çox artımın olmasını da müsbət qiymətləndirib:

“Uzun illərdir bu problemlərlə məşğul olurduq. Sığorta mexanizmi ilə bağlı bəzi təkliflərlə çıxış edirdik. Bu sahədə peşəkarlara ciddi ehtiyac var. Aqronomlar, baytar həkimləri olmalıdır ki, sığorta hadisəsi baş verəndə ekspert kimi vəziyyəti qiymətləndirmək mümkün olsun. Çünki sığorta şirkətləri bunda maraqlı deyil, fermerlərə ödənişdən yayınır, çalışır ki, dəymiş ziyanı sığorta hadisəsi ilə deyil, fermerin məsuliyyətsizliyi ilə əlaqələndirsinlər. Azərbaycanda sığorta sistemi Türkiyədə olduğu kimi hər iki tərəfin marağında deyil. Sığortalayan da, sığortalanan da çalışır ki, öz mənafeyini müdafiə etsin”.

Ekspert qeyd edib ki, sığortanın 50 faizi dövlət, yarısı isə sığortalanan tərəfindən ödənilir:

“Sığortanın 50 faizi dövlət hesabına olsa da, ödənişi sığortalayan həyata keçirir. Fermerlər şikayət edirlər ki, sığorta şirkətləri müəyyən olunmuş vəsaiti ödəməkdən imtina edir. Azərbaycanda subsidiyaların məbləği də azdır. Subsidiya verilməsinin şərti odur ki, kəndli, fermer aldığı vəsaitin 75 faizinə istehsal vasitəsi, gübrə almalıdır. Qalan 25 faiz isə elə də böyük məbləğ deyil. Avropa ölkələrində hər hektar sahəyə görə təsərrüfatçıya 500 avro verilir, bizdə bu məbləğ təxminən 200 manatdır.

Digər ölkələrdən fərqli olaraq Azərbaycanda fermer, kəndli ucuz kredit resursu da əldə edə bilmir. Avropa ölkələrində, hətta qonşu Rusiya, Gürcüstan və Ermənistanda da kənd təsərrüfatına güzəştli kreditlər ayrılır”.

Qeyd edək ki, aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.


Törə Zeynallı
Demokrat.az  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top