Bələdiyyə sədrinin ailə üzvlərini öldürmək istəyən şəxs hökmdən narazıdır

KRİMİNAL 23 yan 2024, 19:44
Qubada bir ailənin 4 üzvünə qarşı sui-qəsddə təqsirləndirilən Aydın Şahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baş tutan iclasda ilkin dinləmə keçirilib. 

Qeyd edək ki, Aydın Şahverdiyev tərəfindən apellyasiya şikayəti verilib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.   

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Şahverdiyev 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 26-da bir neçə Quba rayon sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda məlumat daxil olub.

Aparılan istintaqla rayonun Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini sənədləşdirməyə köməklik etməyəcəyini yəqinləşdirərək ondan qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, kənd sakinlərinin müdaxiləsi nəticəsində öz cinayətkar əməllərini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Şahverdiyevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top