Lavrovun “Zəngəzur dəhlizi yoxdur” açıqlamasına Bakıdan REAKSİYA

GÜNDƏM 21 yan 2024, 20:30

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsi yoxdur. Burada sadəcə maneəsiz hərəkət anlayışının olduğunu qeyd edən Lavrov ona da Rusiya hərbçilərinin nəzarət etməli olduğunu qeyd edib. Azərbaycan tərəfi isə Zəngəzur dəhlizi ifadəsində israrlıdır.

Lavrov onu da deyib ki, dəmiryolu və kommunikasiyalar indiyə qədər açılmalı idi, lakin Ermənistan buna qarşı çıxıb.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Mirzəbəyli deyib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsi yer almasa da, sənədin mətnində vurğulanan “təhlükəsiz və maneəsiz hərəkət”, hüquqi baxımdan və beynəlxalq nəqliyyat dəhlizləri, həmçinin onların marşrutları ilə bağlı bu günə qədər mövcud olan dövlətlərarası razılaşmalardan, Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının indiki Ermənistan ərazisindən keçməklə birləşdirməli olan 40 kilometrlik multimodal, yaxud yarımmultimodal hərəkət zolağı dəhliz anlayışını verir:

“Bir dövlətin əsas ərazisini onun eksklavı ilə başqa bir dövlətin ərazisindən keçməklə birləşdirən dəhlizlərlə bağlı dünyada müxtəlif nümunələr var və belə məsələlər bir qayda olaraq dövlətlərarası sazişlərlə tənzimlənir. Yəni indiki halda Zəngəzur dəhlizi ilə bağlı məsələ, Ermənistanın öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, Azərbaycanla imzalanması zəruri olan ikitərəfli sənəddə detallı şəkildə öz əksini tapmalıdır.

Dəhlizin təhlükəsizliyi ilə bağlı məsələ isə Ermənistanla Rusiya arasında müzakirəsi vacib olan məsələdir. Ermənistan bu məsələ ilə bağlı Rusiya qarşısında öhdəlik götürüb və öhdəliyin yerinə yetirilməməsinə görə də İrəvan Moskva qarşısında məsuliyyət daşyır. Dəhlizin “Zəngəzur”, yaxud başqa bir ad daşımasının isə məsələnin mahiyyətinə, xüsusilə də hüquqi tərəfinə heç bir aidiyyəti yoxdur”.

Politoloq deyib ki, Azərbaycanın əsas ərazisindən (sahib, yaxud ana dövlətdən) ayrı düşən Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqəyə, eksklavlarla bağlı digər nümunələrdən fərqli yanaşmaq lazımdır:

“Çünki Naxçıvan sadəcə eksklav deyil, təmiz eksklavdır. Yəni əsas ərazidən ayrılsa da, birdən çox dövlətin əhatə etdiyi bölgədir. Bu baxımdan, beynəlxalq təcrübədə digər eksklav, yarımeksklav və anklavların müxtəlif növləri ilə bağlı olan nümunələrdən fərqli olaraq, Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasındakı əlaqənin maneəsiz, sərbəst, heç bir kənar müdaxilə olmadan təmin olunması, sözügedən təmiz eksklavın əsas ərazi ilə eyni səviyyədə sosial-iqtisadi inkişafı, təhlükəsizliyi baxımından da önəm daşıyır.

İndiki şəraitdə Naxçıvanla əlaqənin təmin olunmasına çoxsaylı alternativlər çərçivəsindən yanaşmaq lazımdır. Yəni İran üzərindən keçəcək yol, heç bir halda əsas marşrut kimi götürülməməli, gələcəkdə bu yolun da tam maneəsiz olması üçün danışıqlar aparılmalıdır. Bu xüsusda Zəngəzur dəhlizinin özünə də əsas marşrut kimi baxmaq, qənaətimə görə doğru deyil. Bu baxımdan, Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan və Gürcüstan üzərindən keçən marşrutunun daha sürətli və tam maneəsiz olması istiqamətində müvafiq razılaşmaların əldə olunması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tez bir zamanda Naxçıvana qədər uzadılması, həmçinin eyni nəqliyyat marşrutu üzrə “maglev” sürətli dəmiryol xəttinin çəkilməsi də zəruridir. Düşünürəm ki, bu məsələdə nə İranın, nə də Ermənistanın, hətta razılaşmalar əldə olunsa da, bu razılaşmalara əməl etməyəcəkləri göz önünə alınmalıdır”.

E.Mirzəbəyli hesab edir ki, indiki məqamda Rusiyanın nə istədiyini müəyyənləşdirmək üçün Lavrovun açıqlamalarından daha çox mövcud reallıqlara və Moskvanın ənənəvi siyasətinin mahiyyətinə diqqət yetirmək vacibdir:

“Rusiya Zəngəzur dəhlizinin gerçəkləşməsini istəyir, amma eyni zamanda arzulayır ki, dəhliz Moskvanın Şərq-Qərb nəqliyyat dəhlizinin ən qısa yolu kimi məhz onun nəzarətində olsun və gələcəkdə kollektiv Qərbin bu marşrut vasitəsilə Rusiyanın maraqlarını təhdid etmək imkanı olmasın. Ermənistan isə bu prosesin ilk mərhələsində regionun habına çevrilmək, həm nəqliyyat dəhlizlərinin, həm də geosiyasi maraqların habına çevrilmək, maraqlar arasında yaxın dövr üçün balansyaradıcı faktor rolunu oynamaq istəyir. Növbəti mərhələdə isə Qərbin iqtisadi üstünlüyünün və daha dinamik, çevik iqtisadi təsir mexanizmlərinin onun Rusiyanın təsir dairəsindən xilas olmasına ümid bəsləyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top