Qarabağ Universiteti ilə bağlı ŞOK İDDİA — Orada kimlər təhsil alacaq?

SOSİAL 19 yan 2024, 12:49
Yeni yaradılacaq Qarabağ Universitetində kimlərin təhsil alacağı ilə bağlı müzakirələr aparılır. Bəzi iddialara görə, bu universitetə, ilk növbədə, maddi vəziyyəti yaxşı olmayan, yəni Bakıda yataqxanada yerləşə bilməyən, həm də paytaxtda kirayə ev tutmağa imkanı olmayan, habelə təhsil aldığı dövrdə bilik səviyyəsi ilə öyünə bilməyəcək tələbələr köçürüləcək. Əslində, Qarabağ Universitetində ixtisaslar açıqlansa da, tələbə kontingentinin səciyyəsi barədə hələ ki heç bir rəsmi açıqlama yoxdur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Sabah”a açıqlamasında Qarabağ Universitetinin gələcək tələbələri barədə iddianı təkzib edib: 

“Orada kim gəldi oxuya bilməz. Əgər belə bir düşüncə varsa, kökündən səhvdir. Qarabağ Universitetinin adı üzərindədir. Bura müqəddəs bir məkandır. Sözügedən ali təhsil müəssisəni yüksəklərə qaldırmaq milli məsələdir. Çalışmalıyıq ki, Qarabağ Universiteti xarici təhsil ocaqları arasında brendə çevrilsin və dünya reytinqlərində ilk sıralamaya gəlsin. 

Məsələ bu tərəfdən yanaşdıqda, deyilən fikirlər tamamilə yanlışdır. Qarabağ Universiteti ilə bağlı cənab İlham Əliyevin çox ciddi fikirləri var. Məlumdur ki, “Qarabağ” adı uğrunda həm də ermənilər mübarizə aparır. Buna görə mövzuya xüsusi diqqətlə yanaşmalıyıq”.

Deputat vurğulayıb ki, sözügedən təhsil ocağı digər universitetlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənməlidir:

“Qarabağ Universiteti ölkədəki digər ali təhsil ocaqlarından ən yaxşısı olmalıdır. Bu universitet təhsilin keyfiyyəti və məzmunu baxımından seçilməlidir. Bütün bunları nəzərə alsaq, demək mümkündür ki, sözügedən ali təhsil müəssisəsinə qəbul olmaq üçün nəzərdə tutulan plan düşünüldüyündən daha yüksək olacaq. Odur ki, oraya kimi gəldi göndərmək kimi əsassız fikirlərə qapılmaq doğru sayılmır. Belə mövzulara olduqca həssas və diqqətli yanaşmaq lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top