Sumqayıtda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 24 okt 2023, 17:38
Sumqayıt şəhərində 1976-cı il təvəllüdlü Elmar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllədə baş verib. 

Elmar yaşadığı fərdi evdə aralarında ailə münaqişə zəminində yaranmış mübahisə zamanı arvadı Vüsalənin sol göz nahiyəsindən yumruqla, sol ayağından isə təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vüsalə ilə 1995-ci ildə evlənib, birgə nikahlarından 3 övladları var: “Ailə həyatı qurandan xasiyyətlərimiz uyğun gəlmir, mütəmadi olaraq aramızda mübahisələr olur. Sonuncu dəfə hadisə baş verən günü, saat 22.00-da yaşadığımız evdə olan zaman Vüsalə ilə aramızda mübahisə yarandı. Məni söydüyü üçün əl və ayaq zərbələri ilə onu vurdum. Sonradan öyrəndim ki, Vüsaləni döydüyüm üçün Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə məndən şikayət edib”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Elmarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top