"Məsləhətdir ki, yağış suları birbaşa Xəzərə axıdılsın" — AÇIQLAMA

SOSİAL 30 avqust 2023, 18:58
Son günlər ölkə ərazisində havalar qeyri-sabit keçir. Bakıda güclü yağış yağdı, bölgələrdə leysan oldu, dolu düşdü.  “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı, şimal-qərb rayonlarına sel gəldi. İnsanların əmlakına, evinə, mal-qarasına ziyan dəydi. 

Ətraf-mühit məsələlər üzrə ekspert Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, paytaxta azca yağış yağan kimi hər yeri su basır, çünki tikinti işləri zamanı layihələndirmə düzgün aparılmır:

““Binə” və “Sədərək” ticarət mərkəzlərini tikənlər əvvəlcə bu qədər böyük ərazidə yağış sularının haraya istiqamətlənəcəyini düşünməli idilər. Tikintiyə razılıq verən mühəndislərə də irad tutmaq lazımdır. Hər bir böyük tikili layihələndirilir. Burada yağış və sel sularının idarə olunması və haraya axacağı barədə dəqiq məlumat, planlama göstərilməlidir. Bakı quraq şəhərdir, çox yağış yağmır. Azca yağış yağan kimi hər yer suyun altında qalır”.

Ekspertin sözlərinə görə, görünən odur ki, ölkədə yağış sularının toplanma sistemi çox zəifdir:

“Yollar salınarkən, kanalizasiya xətləri qurularkən bu nəzərə alınmalıdır. İnkişaf etmiş ölkələrdə yağış sularının toplanması üçün xüsusi sistemlər var. Yağış suyu kanalizasiya suyuna qarışmır. Yığılır, təmiz su kimi istifadə olunur və ya su mənbələrinə yönəldilir. Nəzərə alaq ki, Bakı şəhəri amfiteatr şəklindədir, ən pis halda yağış sularını yığıb, birbaşa Xəzər dənizinə yönəltmək olar. Gələcəkdə tikinti layihələrində bu məqam nəzərə alınmalıdır.  



Yağış sularının kanalizasiya sularına qarışması belə kifayət deyil. Çünki yenidən suları təmizləmək lazım olur, bu da artıq xərcdir. Məsləhətdir ki, yağış suları birbaşa Xəzərə axıdılsın. 

Bakıda çox yerdə su anbarları, su xətləri var. Leysan, güclü yağış zamanı təəssüf ki, kanalizasiyalar ağzına kimi dolur. Bəzi yerlərdə içməli su ilə qarışma riski yaranır. İnsanlar belə vəziyyətlərdə ehtiyatlı olmalıdır. Çalışsınlar, bir neçə gün kran suyundan istifadə etməsinlər. Bu hal infeksion xəstəliklərə səbəb ola bilər”. 

R.Abbasov qeyd edib ki, daşqın sularından təkrar istifadə etmək olar, bu isə güclü su infrastrukturu tələb edir:

“Respublika ərazisindəki çaylar selli, daşqınlı çaylardır. Sel və daşqın arasındakı fərqi ayırmaq lazımdır. Daşqınlar sudan, sel isə daha çox lil, palçıq və bərk materiallardan ibarət olur. Sel sularından istifadə etmək çox çətindir. Lakin müvafiq su anbarları olarsa, daşqın zamanı suları toplayıb, təkrar istifadə etmək olar. Bunun üçün güclü su infrastrukturu lazımdır ki, bu da bizdə yoxdur. 

Böyük Qafqazın meyilliyi çox olan ərazilərində bəzən su anbarları tikilir. Bu, düzgün deyil. Belə su anbarları selin gətirdiyi yararsız sularla dolur və tez bir zamanda sıradan çıxır. Nəticədə qəzalar baş verir – Göyçaydakı kimi, həm də su anbarı öz funksiyasını itirir və xərclənmiş milyonlarla vəsait boşa gedir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top