Pirşağıda bağ evində yeznə-qayın arasında qanlı DAVA

KRİMİNAL 30 may 2025, 20:35
Bakıda 1976-cı il təvəllüdlü Vüqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı yeznəsi Zaura xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Elman adlı şəxsə məxsus bağ evində baş verib. 

Bakı şəhər sakini Vüqar birlikdə təmir işləri apardıqları fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində yeznəsi Zaurla heç bir əsaslı səbəb olmadan mübahisə edib. 

Mübahisə zamanı Zaurun onun fikirləri ilə razılaşmadığını və söyüş söydüyünü cüzi səbəb göstərməklə yeyib-içdikləri masanın üzərindən götürdüyü bıçaqla onu cəzalandırmaq məqsədilə zərbə vurub. 

Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zaurla neçə ildir dostdur: “Bununla yanaşı Zaur bacımın əridir. Elman adlı şəxsin bağında işlədiyimiz ərəfədə yeyib-içən vaxt santexnika ilə bağlı aramızda mübahisə düşdü. Mən necə oldusa Zauru vurdum. Sonra isə tibbi yardıma zəng vurdum və polisin gəlməsini gözlədim”. 

Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq  bildirib ki, aralarında mübahisə turbanın çəkilməsinə  görə olub: “Mübahisə zamanı Zaur mənə söyüş söydü. Əməlimdən peşmanam. Təcili yardıma isə Elman müəllim zəng vurub. Hazırda zərərçəkənlə barışmışam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsi elan edilib. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərib ki, məlum hadisə günü gecə saat 01:30-da birlikdə təmir işləri apardıqları Elmana məxsus fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində aralarında yaranmış mübahisə zamanı yeyib-içdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə yeznəsi Zaurun  qarın boşluğu nahiyəsindən vuraraq ona bədən xəsarəti yetirib: “Həmin vaxt bərk sərxoş olduğumdan mübahiəsənin nədən baş verməsini xatırlaya bilmirəm. Həmin bağa məni yeznəm Zaur özü ilə aparıb. Zaur həmin bağa köhnədən müştərisi olan Elmanın dəvəti ilə kombi tipli istilik qurğusunu təmir etmək üçün onunla birlikdə getmişəm. Zaur ilə həmişə mehriban qohum olmuşuq, uşaq vaxtlarından dostluq etmişik. 30 ilə yaxındır ki, qohumuq, aramızda heç vaxt, heç bir münaqişə və ya ədavət olmayıb. Hadisə sırf bərk sərxoş vəziyyətdə olmağımızdan baş verib. Hazırda törətdiyim əməldən peşmanam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin hadisə ev sahibi Elmanın bağ evinin həyətindəki söhbətgahın altında, yeyib-içdikləri masanın arxasında baş verib: “Bağda Elman bizimlə tək olub. Hadisə vaxtı Elmanın hərəkətlərini xatırlaya bilmirəm. Təxminən xatırlayıram ki, Zaura xəsarət yetirdiyim bıçağı elə oradaca yerə tullamışam. Həmin mübahisənin mövzusu dəqiq yadımda  qalmayıb. Təxmini xatırlayıram ki, mübahisə Zaurun mənim həmin vaxt bildirdiyim hansısa mövzu ilə bağlı fikirlərim ilə razı olmaması, Zaur da bərk sərxoş olduğundan fikirlərimə aqressiv şəkildə söyüşlə yanaşması olub”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zaurun sözlərinə görə, Vüqar onun qaynıdır, onunla elə uşaq vaxtlarından bir məhəllədə böyüyüblər: “Son 25 ildir ki, qohumuq, aramızda münasibətlərimiz həmişə yaxşı olub, mehriban qohum olmuşuq. Özüm ailəmi dolandırmaq üçün fərdi qaydada usta kimi ev təmiri ilə məşğul oluram. İşi də mənə Vüqar öyrədib. Vüqar bir neçə il əvvəl işləmək üçün Rusiya Federasiyasına getmişəm. Lakin orada cinayət məsuliyyətinə cəlb olunduğum üçün bir neçə il  həbsdə saxlanıldım. 2020-ci ildə isə həbsdən buraxıldıqdan sonra Vətənə qayıtdım. Vətənə qayıtdıqdan sonra Vüqar həm fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurdu. Həm də ki, iş olanda mənə kömək edirdi”.

Zərərçəkmiş bildirib ki, məlum hadisədən əvvəl axşam saatlarında Vüqarla birlikdə olarkən ona bir nəfər köhnə müştərilərindən olan Elman zəng vurub və bağda olduğunu, bağın “kombi” tipli istilik sisteminin yaxşı işləmədiyini bildirib:

“Elman xahiş etdi ki, bağına gərələr təmir işi görüm. Mən də razılaşaraq saat təxminən 20  radələrində Vüqarla birlikdə taksiyə əyləşdik və Elmanın bağ evinə getdim. Orada bir qədər təmir işləri apardıqdan sonra artıq gecə saatlarında ev sahibi Elman bizim üçün həyətdə süfrə açdı. Biz də birlikdə yeyib-içərək bərk sərxoşlaşdıq. Sərxoş vəziyyətdə, hazırda heç cür xatırlaya bilmədiyim səbəbdən qaynım Vüqar ilə aramızda söz mübahisəsi düşdü. Bunu görən bağ sahibi artıq narahat olmağa başladım və bizi şəhərə yola salmaq üçün zəng vuraraq taksi sifariş etdim. Bir qədər sonra taksidən geriyə zəng gələrək ünvanın dəqiqləşdirilməsi xahiş olundu. Elman da taksini qarşılamaq üçün masadan qalxaraq həyətdən küçəyə çıxdı”. 

Zaurun ifadəsinə görə, daha sonra mübahisə davam edən zaman Vüqar qəfildən yeyib-içdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə onun qarın boşluğu nahiyəsindən vurub, ona xəsarət yetirib: “Yaramdan qan açıldı.

Həmin vaxt küçədən həyətə qayıdan ev sahibi Elman bunu gördü və tez təcili yardıma və polisə zəng vuraraq məlumat verdi. Bir qədər sonra həmin ünvana təcili tibbi yardım briqadası gələrək məni xəstəxanaya apardı. Orada məni  cərrahi əməliyyat edərək təxminən  10 günlük stasionar müalicədən sonra evə buraxdılar”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top