Bakıda məşhur restoranın kassiri müştərini döydü — TƏFƏRRÜAT

KRİMİNAL 30 may 2025, 16:18
Bakının Nizami rayonunda restoranlardan birinin qarşısında dava olub. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 30-da “Salam Bro” adlı restoranın qarşısında baş verib. 

Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Tacir həmin gün saat 21:45-də kassir işlədiyi restoranın qarşısında Əhlimanın (adlar şərtidir – red._ sərxoş olması ilə əlaqədar müştərilərin narahatçılığına səbəb olmaması üçün restorana daxil olmasına icazə verməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı onun anasının ünvanına nalayiq ifadələr işlətdikdə qisas almaq məqsədilə qəsdən yumruqla sifət nahiyəsinə vurub. 

Hadisəni törədən Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən bir neçə aya yaxındır “Salam Bro” adlı restoranda kassir işləyir: “Yanvarın 30-da, saat təxminən 21:30-da işdə olan zaman Əhliman sərxoş vəziyyətdə içəri daxil olaraq digər müştərilərin narahatçılığına səbəb olduğu üçün onu çölə çıxardaraq evə getməsini bildirdim. Restoranın qarşısında onunla söhbət edən zaman bir neçə dəfə ünvanıma nalayiq söyüşlər işlətdi. Bundan sonra əsəblərimə hakim ola bilmədim, bir neçə dəfə onun sifət nahiyəsinə yumruqla vurdum. Daha sonra restorana daxil oldum və mübahisəmiz sonlandı. Aramızda baş vermiş mübahisə təxminən 1-2 dəqiqə ərzində davam etdi. Mübahisə zamanı heç kim olmadığı üçün hadisəyə şahid olmayıb. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhlimanın sözlərinə görə, yanvarın 30-da, saat təxminən 20 radələrində tanışları ilə 8-ci kilometr bazarında kafedə yeyib, içdikdən sonra saat təxminən 21:30-da gecələmək üçün gedən zaman dönər yemək istəyib: “Sərxoş vəziyyətdə piyada hərəkətdə olan zaman “Salam Bro” adlı restoranın qarşısından keçdikdə qapını açaraq içəri daxil oldum. İçəri daxil olduqdan sonra sonradan adını öyrəndiyim Tacir mənə sərxoş vəziyyətdə olduğumu bildirdi, getməyimi söylədi. Mən sərxoş vəziyyətdə olduğum üçün onun ünvanına nalayiq küçə söyüşləri  işlətdim. Bundan sonra təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla sifət nahiyəmə vurdu”. 

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Tacirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top