
BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun çıxışı yerləşdirilib.
Bundan əlavə, BTQ-nin BMT-nin Nyu-Yorkdakı iqamətgahında bu il aprelin 15-də BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun (AŞDF) 4-cü illik sessiyası çərçivəsində "Dekolonizasiya: Sakit İnqilab" adlı beynəlxalq konfransın sonunda başladılmış “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya da Forumun rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Forum BMT Baş Assambleyasının (BA) 2 avqust 2021-ci il tarixli A/RES/75/314 nömrəli qətnaməsi ilə yaradılıb.
Qətnamədə BMT BA-nın “Kolonializm, qulların alqı-satqısı və quldarlıq qurbanlarının, xüsusilə də Afrika diasporundakı Afrika əsilli şəxslərin, bərabərliyinə və insan ləyaqətinə hörmət edilməsi prinsiplərinə bağlılığı” qeyd edilir.
Forumun mandatında “Forumun BMT-nin digər orqanları və mexanizmləri ilə birgə Afrikalılar və Afrika əsilli şəxslərin məruz qaldığı quldarlığın, ticarətin və kolonializmin səbəb olduğu haqsızlıqların aradan qaldırılması üçün tədbirlər üzərində iş aparacaq” və “kolonializmin {…} fəsadlarını dayandırmaq, onları tanımaq {…} kimi məsələlərin həll edilməsi üçün təşəbbüslərin, imkanların, problemlərin və qabaqcıl təcrübələrin birgə öyrənilməsi, analizi və müəyyən edilməsinə yardım edən biliklərin tərtibatını təşviq” edəcək kimi məqamlar öz əksini tapıb.
Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) məsləhətçi orqanı olan Forumun ildə bir dəfə sessiyası növbəlik əsasda BMT-nin mərkəzi orqanlarında təşkil olunur. Forumun gördüyü işlər, onun təkliflərini və tövsiyələrini
özündə əks etdirən məruzə ildə bir dəfə BMT BA və İHŞ-ya təqdim edilir.
Xatırladaq ki, quldarlıq təcrübəsindən geniş şəkildə istifadə etmiş Fransanın hazırda müstəmləkəçiliyi altında olan ərazilərin əksəriyyətini Afrika əsilli şəxslər təşkil edir.
Beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dünyada dekolonizasiya prosesini təşviq edən və müstəmləkəçiliyə qarşı mübarizə aparan Bakı Təşəbbüs Qrupu müvafiq beynəlxalq mexanizmlərin yaratdığı imkanlardan yararlanaraq XXI əsrdə kolonializmin tam şəkildə ləğv etdirilməsi məsələsinin əhəmiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa davam edir.



