
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, eləcə də həmin müəssisələrdə ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanacaq.. Yeni qərar Qarabağa dönüş prosesində olan ailələrin sosial yükünü azaltmaqla yanaşı, bölgədə təhsilin inkişafına dəstək göstərmək məqsədi daşıyır. Bu addım həm sosial bərabərliyin təmin olunmasına, həm də regionun demoqrafik və iqtisadi dirçəlişinə xidmət edəcək. Hazırda Qarabağ bölgəsində müasir təhsil infrastrukturunun yaradılması istiqamətində fəal işlər görülür. Dövlət tərəfindən inşa edilən yeni məktəblər, peşə təhsili müəssisələri və ali təhsil ocaqları gənc nəslin bilikli və ixtisaslı yetişməsinə zəmin yaradır. Bu qərar ilk dəfə olaraq yalnız dövlət deyil, özəl təhsil müəssisələrində təhsil alan tələbələri də əhatə edir. Bu isə təhsilə daha geniş əlçatanlıq və seçim azadlığı gətirir. Qarabağda sıfırdan qurulan təhsil sistemi müasir tələblərə cavab verən, innovativ və inklüziv bir modelə çevrilə bilər. Lakin bu sahədə hələ də infrastruktur, müəllim çatışmazlığı və resurs təminatı kimi bir sıra çağırışlar qalmaqdadır.
Mövzu ilə bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Mehriban Vəliyeva Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişiklik edilməsi barədə Qanun layihəsi işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin sosial müdafiəsi və məşğulluğunun təminatı məqsədi daşıyır:
“Bu dəyişiklik 3 il ərzində (2025-2028) dövlət, özəl və bələdiyyə peşə məktəblərinə ödənişli əsaslarla qəbul olan şəxslərə ödənişlərinin dövlət hesabına təmin edilməsinin qanuni bazasını yaradacaq. Bu qanun layihəsi məşğulluq layihələrinin həyata keçirilməsinə, vətəndaşların sosial təminatına, peşə təhsilinin regionun sosial-iqtisadi imkanına uyğun təşkilinə və təşviqinə, kadr hazırlığına zəmin yaradacaq. Böyük Qayıdış I Dövlət proqramına görə Qarabağ, Şərqi Zəngəzurda aparılan kompleks bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının yeni real mənzərəsidir. Həmin ərazilərdə aparılan yeni quruculuq işləri, həyata keçirilən layihələrinin hər biri Azərbaycan vətəndaşının konstitusiya hüquqlarının təminatına hesablanıb. Regionda müasir dövrün tələblərinə uyğun artıq 20 -yə yaxın yeni məktəbəqədər təhsil müəssisəsi və ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib”.
Millət vəkili əlavə edib ki, Xankəndidə Qarabağ Universitetinin açılışı regionun təhsili üçün yeni perspektivlər açır:
“Qarabağ Universitetində 6 fakültə, 10-12 ixtisas üzrə 1150 tələbə təhsil alır. Növbəti ildən tibb fakültəsinin və Klinikanın yaradılması planlaşdırılır. Regionda onun sosial-iqtisadi imkanlarına uyğun peşə təhsili şəbəkəsinin qurulması da planlaşdırılır. 8 Peşə təhsili müəssisələrinin tikintisi və bərpası nəzərdə tutulur. Onu da qeyd edim ki, artıq Şuşa peşə təhsili müəssisəsinin yenidən qurulmasına, Füzulidə yeni peşə təhsilinin tikintisinə, Ağdam, Zəngilan, Qubadlıda yeni peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanıb. Regionda intensiv qısamüddətli peşə təhsili layihələri də tətbiq edilir. 2024-2025-cü tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisasın tətbiqi, məsələn: dronların texniki xidməti və təmiri üzrə , elektrik və hibrid avtomobillərin təmiri üzrə, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti üzrə, suvarma maşınları və nasos qurğuları üzrə ixtisas hazırlığı bölgənin inkişafı və əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edə bilər və yeni sahələr üçün kadr hazırlığı imkanı yaradar”.
Deputat diqqətə çatdırıb ki, yeni qanun layihəsi regionda peşə təhsilinin təşviqi, məşğulluğun həlli, yeni kadr təminatı və digər məsələlərin həllinə dəstəkdir:
“Peşə təhsili ilə bağlı Dual peşə təhsili təcrübəsinə toxunmaq istərdim. İşə götürənlərlə peşə təhsilinin birgə həyata keçirdiyi beynəlxalq təhsil modelidir. Hazırda bu istiqamətdə Bakı şəhəri və digər regionlarda 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə əməkdaşlıq edilir. Peşə təhsili müəssisələri işəgötürənlərlə tərəfdaşlıq zəminində istehsalat təcrübəsi və iş yerində öyrənmə imkanlarını təmin edir. Bu yanaşma, təhsillə sənaye və digər sahələr arasında sıx əməkdaşlıq imkanları yaradır, müəssisələrin tələbatına uyğun kadr hazırlığına dəstək verir”.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə – xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində – təhsil sisteminin yenidən qurulması Azərbaycan üçün təkcə infrastrukturun bərpası deyil, həm də milli kimliyin, tarixi ədalətin və sosial rifahın bərpası baxımından strateji əhəmiyyət daşıyır:
“Hazırda həmin ərazilərdə həyatın yenidən qurulması çərçivəsində məktəb, bağça və peşə təhsili mərkəzlərinin bərpası prioritet istiqamət olaraq davam etdirilir. 2024-cü ilin sonuna olan məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq 20-dən çox məktəb binası tamamilə inşa olunub və daha 50-dən çox məktəbin tikintisi və ya əsaslı təmiri planlaşdırılır. Eyni zamanda, Füzuli, Ağdam, Zəngilan və Laçında müasir peşə təhsili mərkəzlərinin yaradılması üzrə işlər davam etdirilir. Bu mərkəzlər yalnız tikinti yönümlü ixtisaslar deyil, həm də aqrar sahə, turizm və informasiya texnologiyaları üzrə də təhsil verməyi hədəfləyir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6-cı maddəsində qeyd edilir ki, hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var və dövlət bu hüququ təmin etmək üçün sosial bərabərliyi əsas götürən mexanizmlər yaratmalıdır. Dövlətin Qarabağ bölgəsində təhsil haqqını tam ödənişsiz etmək təşəbbüsü məhz bu müddəaya uyğun olaraq sosial bərabərlik və tarixi ədalət prinsiplərinin reallaşdırılması istiqamətində mühüm addımdır. Bu yanaşma həm də əhalinin həmin bölgələrdə məskunlaşmasını stimullaşdırır və təhsil yoluyla sosial-iqtisadi inteqrasiyanı təmin edir”.
Ekspert deyib ki, bu addımlar beynəlxalq təcrübəyə də uyğun gəlir:
“Məsələn, Bosniya və Herseqovinada münaqişədən sonra bərpa olunan ərazilərdə təhsilin canlandırılması üçün təhsil haqları uzun müddət dövlət tərəfindən qarşılanıb, münaqişədən zərər görmüş ailələrin uşaqları üçün əlavə psixoloji dəstək və xüsusi pedaqoji proqramlar tətbiq olunub. Kolumbiyada isə keçmiş münaqişə bölgələrində peşə və texniki təhsilin stimullaşdırılması üçün dövlət təqaüdləri və işə yerləşdirmə dəstəkləri sistemli şəkildə tətbiq edilib. Bununla yanaşı, Qarabağ bölgəsində təhsilin keyfiyyətli şəkildə bərpa olunması üçün yalnız infrastruktur deyil, məzmun və insan resursları baxımından da ciddi addımlar atılmalıdır. Belə ki, həmin ərazilərdə tədris prosesinə cəlb olunacaq müəllimlərin yüksək motivasiyalı, ideoloji və psixoloji baxımdan hazır, peşəkar kadrlar olması vacibdir. Təəssüf ki, bəzi bölgələrdə işə qəbul zamanı kadr çatışmazlığı, maddi-məişət problemləri, məktəblərin tam təchiz olunmaması kimi çətinliklər hələ də qalmaqdadır. Bu isə dərs prosesinin davamlılığına və təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Məhz bu səbəbdən həmin ərazilər üçün müəllimlərə əlavə stimullar – maaş əlavələri, mənzil təminatı və sosial güzəştlər sistemli şəkildə tətbiq edilməlidir. Eyni zamanda, bölgədə müasir təhsil proqramları ilə yanaşı, tarix, vətənpərvərlik, mədəni irs və milli dəyərlər üzərində qurulan kurikulumların tətbiqi xüsusi əhəmiyyət daşıyır”.
K.Əsədov qeyd edib ki, Qarabağ məktəblərində tədris edilən dərsliklər və əlavə resurslar həmin bölgənin tarixi, coğrafiyası və simvolik əhəmiyyətini xüsusi vurğulamalıdır:
“Bu, həm də uşaqlarda əraziyə bağlılıq hissinin formalaşmasına xidmət edəcək və onların bu torpaqları yalnız doğulduqları yox, həm də qoruyub inkişaf etdirəcəkləri məkan kimi dərk etmələrinə imkan yaradacaq. Peşə təhsilinə verilən diqqət isə bölgənin iqtisadi bərpası baxımından kritik əhəmiyyət daşıyır. Müasir texnologiyalar, kənd təsərrüfatı, turizm və ekoloji təhsil üzrə peşə məktəblərinin fəaliyyət göstərməsi, əhalinin həmin ərazilərdə iqtisadi dayanıqlığını və məşğulluğunu artıracaq. 2023-cü ilin sonunda Dövlət Peşə Təhsili Agentliyinin təqdim etdiyi hesabatda qeyd olunurdu ki, gələcəkdə Qarabağda 7 peşə təhsili müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu təhsil müəssisələrində tədris olunan ixtisaslar bölgənin iqtisadi profilinə uyğun seçilir ki, bu da təhsil və məşğulluq arasında əlaqəni gücləndirəcək. Bütün bu addımların strateji nəticəsi Qarabağın yalnız fiziki deyil, mədəni, mənəvi və sosial reabilitasiyasını təmin etmək olacaq. Uzun müddətli işğaldan sonra həmin torpaqlarda məktəb zəngi yenidən səslənirsə, bu təkcə qələbənin yox, həm də sülh və inkişafın simvoludur. Bu zəngi dayanıqlı və əbədi etmək isə yalnız bina tikmək deyil, təhsili ideya və vətənpərvərlik üzərində qurmaqla mümkündür. Dövlətin bu istiqamətdə atdığı addımlar davamlı, koordinasiyalı və insan mərkəzli olduğu təqdirdə Qarabağda təhsil yalnız region üçün deyil, bütün Azərbaycan üçün nümunəvi bir modelə çevrilə bilər”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqamətində hazırlanıb.