Naxçıvan baş nazirinin ANALOQSUZ MÜSAHİBƏSİ — Səbuhi Məmmədov niyə əl ayağa düşüb?

HADİSƏ 22 may 2023, 15:07
Naxçıvanın Baş naziri Səbuhi Məmmədov bu günlərdə Naxçıvanın “Şərq qapısı” qəzetinə “müsahibə” verib. Müsahibə deyəndə ki, 1 həftə əvvəl Prezidentin Naxçıvandakı Səlahiyyətli Nümayəndəliyinin keçirdiyi 4 ayın yekunları ilə bağlı müşavirədə verdiyi hesabatın mətninə “jurnalist sualları” əlavə etdirirək hesabatı müsahibə formasında yaydırıb.

Maraq doğuran odur ki, illərdir muxtar respublikanın bank və maliyyə sektoruna, dolayı yolla, iqtisadiyyatına nəzarət edən bu məmur baş nazir olduğu ötən 4 ildə də ən vacib sahələri yan üstə qoyub, milyardlarla vəsait məhz onun sərəncamları ilə dövlət büdcəsindən əsassız olaraq Naxçıvanın İnkişaf Fonduna yönəldilib, silinib və mənimsənilib. 

Nədənsə, baş nazir bu əməllərdən yox, özünün heç bir rol oynamadığı 4 aylıq inkişafdan ağızdolusu danışır və onu yaxşı tanıyan Naxçıvan ictimaiyyəti arasında gülüş obyektinə çevrilir. Tikinti, nəqliyyat, rabitə, bank, gömrük, energetika, kənd təsərrüfatı və digər iqtisadi və sosial sahələrdə baş verən milyardlarla manat yeyinti faktının da baş icraçı direktoru məhz Məmmədovdur. Bu gün Naxçıvanda qanunsuz təsis olunan, sürünə-sürünə və gəlirsiz işləyən onlarla publik hüquqi şəxs də mühüm sahələrə nəzarət imperiyasını əlində bulundurmaq istəyən baş nazirin “şah əsərləridir”. 

Hazırda həbsdə olan Naxçıvanın keçmiş maliyyə naziri Rəfail Əliyev, Tikinti və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov, Gömrük komitəsinin keçmiş maliyyə rəisi Mənsur Əsgərov da məhz Səbuhi Məmmdov, Vasif Talıbov, Seymur Talıbov, Azər Zeynalov tandeminin “İnkişaf fondu” üzərindən qurduqları oyunların nəticəsi olan milyardlarla manat mənimsəmənin “günahkarları” və ya günahsızlarıdır...

Baş bankir, baş maliyyəçi və nəhayət baş nazir olan, bir sözlə, hər işin başı Səbuhi Məmmədov, həm də ötən illərdə Naxçıvanda ən vacib sahələrə öz kadrlarını yerləşdimək və onların əli ilə milyonlar toplamaqla yadda qalıb.

Naxçıvandakı mənbəmiz sual edir: “Cənab Səbuhi Məmmədov,  əgər sən və sənin dal qapıdan idarəetməyə gələn komandan dotasiyadan asılılığı azaltmağa, yüksək iqtisadi artıma, sosial sahələrdə irəliləyişlərə nail olan idisə niyə 5 ay bundan əvvəl bunu etmirdiniz?! 

Cavab sadədir, çünki əhali rifahına, iqtisadi inkişafa dövətin yönəltdiyi dotasiyanı Vasif Talıbov və məhz siz şəxsi malınız kimi idarə edirdiniz. 

Prezident İlham Əliyev Naxçıvanda gəlirlərin artması, rəhbərlik etdiyiniz kölgə iqtisadiyyatının ləğvi ilə büdcənin daxili imkanlar hesabına şəffaf şəkildə doldurulması barədə qarşınızda tapşırıq qoyanda, siz tamamilə əksini edirdiniz... 

Və büdcə xərclərini azlaltmaq üçün sahbibkarlığa, özəl biznesə meydan vermək əvəzinə, dövlət təşkilatlarında minlərlə ştatı ixtisar etdərək, elə minlərlə ailəni də çörəksiz və işsiz qoydunuz. Ötən illərdə bir təşkilat belə normal təsərrüfat və fəaliyyət xərci ilə təmin olunmurdu. Dövlət idarələrinin adını “qənaət” qoyduğunuz milyonlarla “artıq” vəsaiti məhz baş nazirin sərəncamları ilə tikinti sektorundakı keyfiyyətsiz işlərə yönəldilərək mənimsənilirdi. Gömrük və biznes üzərində isə şəriksiz monopoliyanız, hegamonluğunuz var idi. Həkimlərə ayrılan stimul və yardımlar mənimsənildiyindın yüzlərlə həkim və tibb işçisi Naxçıvanı tərk etdi”. 

Baş nazirin özünün dal qapıdan vəzifəyə gətirdiyi muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyevlə birgə qurduğu oyunlar da heç kimə sirr deyil. 

Naxçıvanın iqtisadiyyatını dirçəltmək funksiyasını icra etməli olan Tapdıq Əliyev Səbuhi Məmmədovun biznesini dirçəltməklə məşğul olub. Kiçik və orta sahibkarlıq süründürülüb, “şabqa”sız kredit heç kimə verilməyib. Tapdıq-Səbuhi tandemi elan büdcədən ayrılan pulları öz ciblərinə keçirməkləri ilə tanınıblar.

Sözügedən müsahibədə özünü süddən çıxmış ağ qaşıq kimi göstərən Baş nazirin fikirlərinə diqqət edək. Səbuhi Məmmədov deyir ki, “Cari dövrdə aparılan maliyyə və büdcə siyasəti çərçivəsində Naxçıvan Muxtar Respublikasında vergilərin və sığorta haqlarının vaxtında və tam yığılması təmin olunub”. Üstəlik vergi daxilolmalarında artımların olduğu da qeyd olunur.

Biz də Naxçıvandakı mənbəmizin sualını eynilə təkrar edirik: Görəsən, 4 aylıq artımlara Səbuhi Məmmədov 4 ildir niyə nail ola bilmirdi?! 

Bu sualın cavabı artıq yuxarda verildiyindən məsələni bağlanmış hesab edirik.

Ümumilikdə isə, Baş nazirin sözügedən müsahibəsindəki yanaşması daha çox pambıq tarlasında gizlənənin Roma papasından çox katolik olmasına bənzəyir. Fikrimizcə, cənab baş nazir Naxçıvandakı  müsbət dəyişiklikləri öz adına çıxıb bunu qəzetlərə daşımaqdansa, illərdir həyata keçirdikləri yarıtmaz idarəçilik və mənimsəmələrin cavabı barədə düşünsə yaxşıdır.

Əfsanəvi müsahibə ilə bu linkdən tanış ola bilərsiniz:

https://serqqapisi.gov.az/xeberler/naxcivan-muxtar-respublikasinda-heyata-kecirilen-islahatlar-ve-struktur-deyisiklikleri-musbet-neticelerini-gosterir-1
 

Elmar Heydərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top