Unudulmayan 22 may: İranda soydaşlarımızın başına gətirilən faciə — Tarixi faktlar

GÜNDƏM 14 may 2023, 17:13
İranın Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi, zaman-zaman güneyli soydaşlarımıza qarşı haqq-ədalətə sığmayan davranışlar sərgiləməsi çoxlarının yaddaşında, tarixin isə səhifələrindədir.

Elə bu gün də əslində, dəyişən bir şey yoxdur. Yenə də İranda güneyli soydaşlarımızın hüququ, haqqı tapdalanır. Ancaq diqqəti bir tarixə-22 may 2006-cı ilə çəkmək istərdik.

Həmin tarixdə nələr baş vermişdi, bir daha xatırlayaq:

2006-cı il mayın 12-də İranın o zamankı hakimiyyəti “İran” rəsmi qəzetində ölkənin təxminən 35 milyonundan çoxunu təşkil edən yerli Azərbaycan türklərini böcək (tarakan) kimi təsvir edən təhqirli karikatura çap etdi.



“İran” qəzetinin həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində “Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək?” başlığı altında karikatura dərc olundu. Həmin materialda yuxarıdakı suala vavabında həşərat belə cavab verir: “Nəmənə?” (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura onların dialoqu ilə davam edir...

Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılandı. Həmin gün İrandakı Azərbaycan türklərinin milli hərəkat tarixinə həm qanlı, həm də öz milli varlığını müdafiə baxımından şərəfli bir gün kimi yazıldı. Belə ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinə etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşginşəhr və başqa şəhərləri kütləvi etirazlar bürüdü. Bu aksiyalar günlərlə davam etdi. Təbii ki, aksiyanı molla rejimi özünə məxsus şəkildə-amansızlıqla yatırdı.



İran hüquq-mühafizə orqanları dinc şəkildə keçirilən etiraz aksiyalarını zor tətbiq edərək susdurmağa çalışdı. Həmin etirazlarda rejimin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir neçə Azərbaycan türkü şəhid oldu, yüzlərlə insan yaralandı, çox sayda nümayişçi həbs olundu.

İran xüsusi xidmət orqanları hadisədən sonrakı aylarda da kütləvi həbsləri davam etdirdi.

“ISNA” xəbər agentliyinin verdiyi məlumata görə, öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla protest edən azərbaycanlı tələbələr, ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınayırdılar. Şüarlar arasında "Haray Haray Mən Türkəm", "Türkün dili ölməz, fars dilinə dönməz", "Azərbaycan əyilməz, Türkün beli bükülməz", "Ya azadlıq, ya ölüm", "Rədd olsun fars faşizmi" şüarları yer almışdı.

Rəsmi hakimiyyət etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdı.



Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə hadisə zamanı 5 mindən artıq etirazçı həbs edilərək işğəncə görüb, 150 nəfər öldürülüb (itkin düşmüş), bir çox şəxs isə şikəst qalıb.

Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırıb ya da Urmiya gölünə atıb.

Məlumatlara görə məhz buna görə hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.

Onu da qeyd edək ki, bütün bunlardan sonra Karikaturanın müəllifi Mana Neyestani üzr istədi, onun Dubaya yola salındığı barədə məlumatlar yayıldı. “İran” qəzeti 5 ay bağlı qaldı. Bundan sonra nəşr fəaliyyətini davam etdirdi. İran məhkəməsi qəzetin redaksiya heyəti və rəhbəri Qulamhüseyn İslamifərə bəraət verdi. Rejimin “ədalət məhkəməsi” karikaturanın türkləri təhqir etmədiyini bildirərək cinayət işini bağladı.



Silahsız, dinc etiraz edən yüzlərlə azərbaycanlını qətl edən hərbi-polis qüvvələrinin isə heç bir üzvü cəzasını almadı. Bir sözlər aksiya qan içində boğuldu, amansızlıqla yatırıldı.

Azərbaycanlılar hər il rejimin yaşatdığı faciəni yada salır, haqlı etirazları zamanı amansızlıqla öldürülən soydaşlarımızın xatirəsini yad edirlər.

Azərbaycan tarixinin həm qanlı, həm də şərəfli səhifəsi olan 22 may hadisələrindən illər keçsə də, bu il də məsələ ilə bağlı soydaşlarımız tərəfindən aksiyalar, tədbirlər təşkil olunacaq.

Bu il Berlində 20 may tarixində bu hadisələrə etiraz olaraq güneyli soydaşlarımız aksiya keçirəcəklər.

Allah şəhidlərimizə rəhmət eləsin.//Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top