Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirildi — FOTO

HƏRBİ 11 fev 2023, 18:10
Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən  verilən məlumata görə, mərasimdə şəhidləri və fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Polkovnik Mahmud Əmirov çıxışında gənc əsgərləri təbrik edərək hərbi andın mənasını, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Gənc əsgər Qalib Zeynalov çıxışında hərbi xidmətə zəfər və mübarizə əzmi ilə gəldiyini bildirib və əsgər yoldaşlarına xidmətlərində uğurlar arzulayıb.

Valideynlər adından çıxış edən Ruslan Zeynalov sırada dayanan hər bir Vətən övladının peşəkar döyüşçü və bacarıqlı əsgər kimi formalaşacaqlarına, üçrəngli bayrağımızın dalğalandığı istənilən ərazidə qürurla, qətiyyətlə xidmət edəcəklərinə inandığını bildirib.

General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, andiçmə mərasimi hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan günlərdən biridir.

Qeyd olunub ki, hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə ixtisaslarına uyğun təlim və məşğələlər keçirilir. Hərbi hissədə olan müasir şərait məşğələlərin səmərəli təşkilinə zəmin yaradır. Yanvar ayında ordu sıralarına daxil olan gənclərimiz də peşəsinin incəliklərinə yaxşı bələd olan peşəkar komandirlər tərəfindən keçirilən məşğələlərdə hərbi bilik və vərdişləri həvəslə öyrənəcək, yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşaraq Vətənə, xalqa, dövlət və dövlətçiliyə sonsuz sədaqətlə xidmət edəcəklər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.//report







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top