Qusarda evində dava salan şəxs qonşusuna da xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 19 yan 2023, 12:57
Qusar rayonunda 1984-cü il təvəllüdlü Murad şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qonşusu Araza xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhərində baş verib. Murad evin həyətində baş vermiş mübahisə zamanı Arazı təpik və yumruqla vurub, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Araz onunla qonşuluqda yaşayır: “Arazla ədavətim və düşmənçiliyim yoxdur. Hadisə günü, axşam vaxtı işdən evə gəldim. Həmin vaxt qonşudan, qapıların çırpılması, qabların sındırılması və uşaqların səslərini eşitdim. Nə olduğunu öyrənmək üçün hasara çıxaraq qonşunun həyətinə baxdım. Həyətdə Arazın bacısı Yeganəni gördüm. Ondan nə olduğunu soruşdum.  Yeganə Arazın sərxoş olduğunu, evdə dava etdiyini, qab qaçağın sındırdığını və onlarla dalaşdığını bildirdi. Yeganəyə Arazı çağırmasını dedim. Araz yanıma gələndə ona hər gün içib dava saldığını, dalaşdığını, uşaqların səsi gəldiyini, qonşuları narahat etdiyini söylədim. Araz mənimlə razılaşaraq bir də belə hərəkətləri etməyəcəyini bildirdi. Sonra bacısı Yeganə əli ilə bəzi hərəkətlər etdi və bundan sonra Arazın fikri dəyişdi. Məni çağıraraq, deməyə sözü olduğunu bildirdi. Mən də hasardan onların həyətinə düşdüm. Ona “nə deyirsən?” dedim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Araz sərxoş olub: “Mənim köynəyimdən tutdu. Mən də Arazın əlindən tutaraq əlini burdum, arxadan təpiklə vurdum. Daha sonra Araz sakit oldu, bir daha səs-küy salmayacağını dedi. Mən isə hasardan tullanaraq öz həyətimə keçdim. Bundan sonra Araz sakit oldu”. 

Cinayət işi üzrə zərərçəkmiş Arazın sözlərinə görə, axşam işdən evə gələndə uşaqların həyətdə olduğunu və qışqırdığını görüb: “Evdə çay içən zaman bacım qonşunun çağırdığını dedi. Mən də həyətə çıxdım, Muraddan nə olduğunu soruşdum. Murad uşaqların qışqırdığını, uşaqlara tərbiyə verməyimi dedi. Mən də Murada balaca uşaqlar olduğunu dedim. Sonra Murad gələrək “həmişə sən olarsan” dedi, məni vurdu. Mən də bu barədə polisə şikayət etdim. Mən səs-küy salmamışam, uşaqlar oynayıb, qışqırıblar. Murad sifət nahiyyəmə vuraraq xəsarət yetirib”. 

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Muradın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top