“Mən gələcəkdə Xankəndinin meri kimi aksiyada olan insanlarla əlaqə saxlayıram”

GÜNDƏM 05 yan 2023, 17:11
“Artq bir aydan çoxdur ki, xalqımız gecə-gündüz Xankəndi-Şuşa yolunda Vətəni üçün, Qarabağdakı sərvətlərimizin ermənilər tərəfindən iyrəncəsinə talan edilməsinə qarşı  mübarizə aparırlar. Təbii ki, bu mübarizəyə kölgə salanlar ermənilərdən də pisdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri qeyd edib ki, bu gün Qarabağda aparılan işlər bəzi qüvvələri ciddi narahat edir:

“Qeyd edim ki, Azərbaycanda rəsmi müxalifət partiyası bizik. Çıxışımızı da yüz minlərlə izləyicilər, tamaşaçılar bəyənirlər. Biz Azərbaycan daxilində müəyyən qüvvələrlə bağlı fikrimizi çox qəti şəkildə bildiririk. Bundan sonra da bildirəcəyik və heç kimdən çəkinmirik, qorxmuruq. Biz Azərbaycanın ana müxalifəti kimi hakimiyyətin müəyyən qollarından ayda 100 min dollar alıb xalqın başının altına 30 ildir ki, yastıq qoyan müxalifətçilərdən deyilik! Hər kəs bilsin ki, Xankəndi – Şuşa yolundakı aksiyaya heç kəs məcburi aparılmır. Ümumiyyətlə, məcburi iş də olmur. Hamı öz Vətənini sevir. Hamı cənab Prezidentin 44 günlük müharibə dövründə apardığı uğurlu siyasətə, Qarabağın erməni terroristlərindən azad edilməsinə dəstək verir”. 

“Mən gələcəkdə Xankəndinin meri kimi dəfələrlə aksiyada olan insanlarla əlaqə saxlayıram. Xankəndidəki bugünkü vəziyyəti də bilirəm. Qarabağda böyüyən ermənilərlə də əlaqələrim var. Onlar da artıq biz tərəfə meyillənirlər. Bilirsiniz ki, yerli ermənilər bizim vətəndaşlarımız olub zamanında. Amma, görünür ki, müxalifətin bəzi qanadı xaricdən müəyyən tapşırıq alıb ki, bu işə kölgə salsınlar. Çünki Azərbaycan xalqı nə etsə belə, ona kölgə salırlar. Çünki bugünkü əmin-amanlıq, Qarabağda gedən işlər onları qane etmir. Düzdür, nöqsanlarımız var, hakimiyyət daxilində nə qədər böyük neqativ hallar var. Bunların hamısına son qoyulmasından ötəri də biz müxalifətçilərlə dövlət bir yerdə olmalıdır. Biz bu dövləti qurmamışıq ki, Vasif Talıbovlara, digər xaricdə maliyyələşən müxalif qüvvələrə verək. Bəzi müxalifətçilər hakimiyyətin müəyyən qollarından aldığı milyonlarla xaricdə ailələri ilə birlikdə eyş-işrət içərisindədirlər. Onlar orada Vətəni qorumurlar, onun mənafeyinə uyğun işlər görmürlər. Çox təəssüf ki, bizim bəzi müxalif qüvvələr,  Ramiz Mehdiyevin komandasında olanlardır və onlar bu gün  gördüyümüz işlərə kölgə salırlar. Xarici dövlətlərdə də bununla bağlı mənfi imic formalaşdırmaqdan ötrü bütün vasitələrdən istifadə edirlər. Bu aksiyanı hökumətin təşkil etdiyini görməmişəm. Təşkil etsələrdi, bizə də deyərdilər. Biz özümüz dəfələrlə təklif vermişik ki, ora gedək. Ancaq, hələlik razılıq verməyiblər. Bizim Tərtərdən, Bərdədən, Ağdamdan olan rayon təşkilatları sıravi üzvləri də orada iştirak edir. Biz heç birinə ora məcburi getməsini deməmişik və deyəsi deyilik. Orada hamısı Azərbaycanın kasıb balaları, Vətənini sevən insanlardır. Hər halda, ora Vasif Talıbovun oğlu getməyib, gedəsi də deyil. Digər məmurların balaları isə təzə ili Maya adalarında keçirirlər. Onlar Azərbaycan xalqına dəxli olmayan insanlardır. Buna kölgə salanların da vicdanı yoxdur, vicdansız insanlardır. Düşünürəm ki, dövlətçilik və Azərbaycanın müstəqiliyi olan yerdə heç bir müxalifətçiliyə ehtiyac yoxdur”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top