Tərtərdə narkotiklə həbs olunan 36 yaşlı kişiyə bəraət verildi — HÖKM

KRİMİNAL 05 yan 2023, 12:37
Tərtər rayonunda narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən 1985-ci il təvəllüdlü Elməddin Bayramzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Elməddin Bayramzadə 8 yanvar 2022-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarov kəndi ərazisində saxlanılıb. 

Daha sonra o, Tərtər rayon polis şöbəsinə gətirilib və üzərində şəxsi axtarış keçirilərkən 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib. 

İstintaq orqanı tərəfindən Elməddin Bayramzadənin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib. 

Məhkəmədə ifadə verən Elməddin Bayramzadə ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həbs edilməmişdən əvvəl təxminən 2-3 il ərzində narkotik vasitə olan heroin və metamfetamini iynə yolu ilə damarına vurmaqla istifadə edib: “Narkotik vasitə istifadə etdiyimə görə 2018-ci ildə Yevlax rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişəm. 8 yanvar 2021-ci ildə cəzamı çəkib qurtardım”. 

Elməddin Bayramzadənin sözlərinə görə, 8 yanvar 2022-ci ildə, saat 22 radələrində tanışı Goranboy rayon sakini Razi ilə görüşmək üçün Yevlax rayon sakini Rizvan adlı şəxslə Tərtər rayonunda yerləşən “Xan” restoranına gedib: “Həmən vaxt üzərimdə 1 qramdan bir az artıq heroin və metamfetamin olub. Yolda olarkən narkotikə görə ağrılarım olduğu üçün üzərimdə olan narkotikdən təqribən 1 qram heroin və metamfetamindən qarşıdırdım, iynə ilə damarıma vurdum. Üzərimdə olan narkotikdən kiçik bir hissəsini isə günün digər saatına istifadə etmək üçün cibimdə saxladım. Narkotiki iynə ilə damarıma vurduğum üçün narkotik vasitənin təsirini dərhal hiss etdim. Narkomanlarda yaranan eyforiya vəziyyətinə, yəni ağır narkotik sərxoşluğu vəziyyətinə düşdüm. Elə bu anda “Xan” restoranının yanında Tərtər rayon polis şöbəsinin əməkdaşları mənə yaxınlaşdı. Müvazinətimi saxlaya bilmədiyim üçün qoluma girərək məni Tərtər rayon polis şöbəsinə apardılar”. 

Təqsirli bilinən şəxsin sözlərinə görə, məhkəmənin diqqətinə çatdırıb ki, həmin vaxt üzərində biri heroin, digəri metamfetamin olan olduqca kiçik çəkidə iki büküm narkotik vasitə olub: “Tərtər rayon polis şöbəsinin inzibati binasında üzərinə hüquqlarımı açıqdan açığa müdafiə etməyən vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı bükümləri üzərimdən götürərək masaya qoyduqda dörd büküm olduğunu gördüm. Həmin vaxt 2 bükümün mənə aid olduğunu, digər iki 2 bükümün isə mənə aid olmadığını bildirdim. Həmin maddələr vəkillin iştirakı ilə elektron tərəzidə çəkildi, ekspertizaya göndərilməsi üçün qablaşdırıldı. Üzərimə baxış keçirilərkən ağır dərəcədə narkotik sərxoşluğu vəziyətində olmuşam. Bu səbəbdən gözüm görsə də, qulaqlarım ətrafda baş verənləri tam eşitməyib. Narkotik vasitənin təsiri altında olduğumu, ağır dərəcədə narkotik sərxoşluğunda olduğumu polis əməkdaşlarına, vəkilə bildirsəm də, heç kəs buna məhəl qoymadı”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. 

Hökmə əsasən, Elməddin Bayramzadənin əməli məhkəmə tərəfindən sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb. 

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top