İmişlidə qohumlar həmkəndlilərinə xəsarət yetirdilər — TƏFƏRRÜAT

KRİMİNAL 26 dek 2022, 15:00
İmişli rayonunda 2002-ci il təvəllüdlü Tarverdi və onun qohumu, 1976-cı il təvəllüdlü Fərzalı həmkəndliləri Habilə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə İmişli rayonunun Sarıxanlı kəndində baş verib. Söyüş üstündə yaranan  münaqişə zamanı təqsirləndirilən şəxslər Habili döyüblər. 

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tarverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisədən təxminən beş il əvvəl həmkəndlisi Habilə ilə birlikdə Gəncə şəhərində məktəb tikintisində işləyiblər: “Gəncə şəhərində olarkən Habil sərxoş halda öz avtomobilini idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparıldı və ona cərimə yazıldı. Həmin vaxt Habilə pul lazım oldu. İş yerimdən mənə əmək haqqımdan 720 manat verilmişdi Mən də həmin pulu apararaq cərimə ödədim və avtomobilini cərimə meydançasından çıxardım. Sonra Habil iş yerindən 300 manat aldı və vaxtından işdən çıxaraq evinə qayıtdı. Həmin vaxtdan Habil mənim işlədiyi yerdən 1200 manat əmək haqqı pulunu alaraq xərclədiyimi iddia etdi. Məndən həmin pulu tələb etdi. Hətta bir neçə dəfə məndən İmişli rayon polis şöbəsinə və Gəncə şəhər Polis İdarəsinə şikayət etdi. Habilə əmək haqqısını almadığımı bir neçə dəfə özünə desəm də, onu inandıra bilmədim. Aramızda buna görə narazılıq yarandı”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 25 avqust 2019-cu ildə, saat 21 radələrində yaşadıqları İmişli rayonunun Sarıxanlı kəndində Nadirin çayxanasında həmkəndliləri bir stolda əyləşiblər və pivə içiblər: “Başqa stolda Habil həmkəndlilərimiz Nurəli, Sulduz və Nazimlə birlikdə oturmuşdular. Habil stoldan qalxaraq məndən 1200 manat pulu alacağın bildirdi, məni söyməyə başladı. Habilə başqa vaxt və başqa yerdə söhbət edəcəyimizi dedim. Amma Habil yenidən məni söyməyə başladı. Səsə qonşu otaqda olan əmim nəvəsi Fərzalı gəldi. Habil əvvəlcə Fərzalının anasının ünvanına nalayiq ifadələr işlətdi. Bu zəmində aramızda mübahisə yarandı. Mübahisə zamanı orada olan həmkəndlilərimiz bizi çayxandan çölə çıxardılar. Həyətə çıxdıqdan sonra Fərzalı Habilin üstünə hücum çəkərək sifətinə yumruqla bir dəfə vurdu. Həmin vaxt Habil əlində olan çəngəllə Fərzalının boğazından və sol qolundan vurdu. Çəngəlin dişləri Habilin boğazını və qolunu çırdı. Mən də həmin anda Habilin sifətinə bir dəfə yumruqla vurdum. Həmin vaxt bizi orada olan həmkəndlilərimiz ayırdılar”. 

Tarverdi qeyd edib ki, sonra Habilin avtomobilinin sağ qapısına təpiklə bir dəfə vuraraq əzib. O, törətmiş olduğu cinayət əməlindən səmimi peşman olduğunu deyib. 

Digər təqsirləndirilən Fərzalı da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 25-də, saat 21 radələrində yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində kompüter salonunun qarşısında stulda oturduğu vaxt həmkəndlisi Habillə qohumu Tarverdinin pul üstündə mübahisə etdiklərini eşidib: “Tarverdi ilə Habil bir-birini söyərkən yeməkxanaya daxil oldum. Habilin Tarverdinin ünvanına nalayiq ifadələr işlətməsi mənə pis təsir etdi. Habilə yaxınlaşaraq iradımı bildirdim. Habil məni də söydü. Habilə yaxalaşdım və çayxanada olan həmkəndlilərimiz bizi ayırdıılar. Bundan sonra Tarverdi ilə oturaraq gözlədik. Habil bizimlə bir yerdə oturub yeyib-içən Sulduz Nurəli ilə duraraq həyətə çıxdı. Mən də Tarverdi ilə bir yerdə həyətə çıxdıq. Kompüter salonunun qapısına tərəf getdik. Həyətdə Habillə Tarverdinin bir-biri ilə yenidən mübahisə edərək yaxalaşdıqlarını gördüm. Həmin vaxt Mehman, Sulduz və Nurəli onları ayırdılar. Habilin Tarverdinin ünvanına nalayiq söyüşlər söyməsini eşitdim. Habilin üzərinə hücum çəkərək yaxasından tutdum. Çəngəllə onun boyun və sol çiyin nahiyələrindən iki dəfə vurdum. Bundan sonra yumruqla Habilin sifətindən bir dəfə vurdum. Bizi Mehman və yeməkxananın işçiləri Niyazi və Füzuli ayırdılar. Habil avtomobilini sürətək gedərkən Tarverdi avtomobilin sağ qabaq qapısına təpiklə bir dəfə vurdu”.
Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Tarverdi 2 il, Fərzalı isə 1 il 4 ay 28 gün müddətinə islah işləri cəzasına məhkum olunublar.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top