Evimi satdım “12-ci İmam Mehdi”yə verdim” — Məhkəmədə qalmaqallı ifadə

KRİMİNAL 13 dek 2022, 19:41
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Faiq Abdullayev ifadə verib. 

Zərərçəkmiş bildirib ki, özünü “12-ci İmam Mehdi” kimi təqdim edən Aqil Babayevə hər ay 200 manat zəkat puli verib. Bildirib ki, təqsirləndirilən şəxslə 2004-cü ildə dostu Daşqın vasitəsilə tanış olub:

"Rusiyada və Çində bizneslə məşğul olurdum. Hər il həm ailəmə, həm dostlarıma baş çəkirdim”. 

Zərərçəkmiş qeyd edib ki, sonradan namaz qılıb, Allaha ibadət edib: “Dost tanışlarla danışanda mənə dedilər ki, gedək məsciddə birgə namaz qılaq, həm də səni yaxın bir qardaşla tanış edəcəyik.

Namazımızı qılandan sonra hamımız yığışdıq. Yanımızda olan Aqilin kim olduğunu bilmədim və dostlarım da mənə onun haqqında heç nə demədilər. Aqil dostlarımdan soruşdu ki, bu qardaş kimdir? Uşaqlar da dedilər ki xaricdə yaşayır, eyni zamanda bizneslə məşğuldur, sadəcə indi müvəqqəti olaraq valideynlərinə baş çəkməyə gəlib, sonra gedəcək. Sonra mənlə təklikdə söhbət etdi. Mənə söylədi ki, get xaricdəki işlərini həll et, sonra burda işlərini qur. Mənə sakitcə sual verdi ki, sən bilirsən mən kiməm? Dedim yox, mən sizi tanımıram. Mən sənə deyəcəm, mən kiməm, amma bu bizim aramızda sir qalsın. Dedi ki, mən “12-ci İmam Mehdi”yəm. Həmin anda sevincimin həddi-hüdudu olmadı. Bundan sonra xaricdəki işlərimi yoluna qoyaraq Azərbaycanda iş qurmağa gəldim”.
Zərərçəkmişin sözlərinə görə, o, Bakıxanovda 26 mənzilli bina tikib: “Aqil mənə dedi ki, həmin o mənzilləri Daşqının adına keçir. Çünki sən bu işdə xeyir görmüyəcəksən. Mən də onun sözünü yerə salmayaraq evləri Daşqının adına keçirdim. Beləliklə mənə 326 min 500 manat ziyan vurulub. Mən kifayət qədər quranı yaxşı bilirəm. Ona hər ay 200 manat zəkat verirdim. Zəkat verməyimdə məqsəd günahlarımın onun vasitəsilə bağışlanılması idi. Mən hətta evimi 55 minə sataraq Aqilə verdim. O, da 50 mini özünə götürərək 5 min manatı mənə qaytardı”.
Aqil Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını deyib. O qeyd edib ki, əksinə, zərərçəkmişin özü ona borcludur: “Mənə dedi ki, ev tikirəm, yarımçıq qalıb, köməyinə ehtiyacım var. Məndən 240 min manat istədi, mən də verdim. Onun mənə əksinə borcu var”.

Növbəti proses dekabrın 27-də davam edəcək. 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top