Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı: “Onun yerində olsaydım...”

SOSİAL 02 dek 2022, 16:45
“İnsanlar bu mövzuda mənim adımı niyə hallandırır ki? Anar mənim bağçaya gedən uşağımdır, ya orta məktəbdə oxuyan şagirdimdir? Anar Vəziroğlu bəlli yaşı olan müstəqil bir insandır...” 

Bu sözləri Yenisabah.az-a Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu deyib. Qardaşı Anar Vəziroğlunun canlı efirdə vəkil Şəfiqə Nağıyeva ilə qalmaqalından danışan şair qardaşının artıq müstəqil insan olduğunu bildirib:

“Efirdə hər şey mümkündür. Hələ Rusiya telekanallarını izləsəniz görərsiniz ki, orada insanlar bir-birini necə şapalaqlayır. Efirdə hər şey olur, amma hər adam bunu özünə rəva görürmü? Bu artıq ayrı məsələdir. Mən elə verilişlərə getmirəm, heç baxmıram da. Dünən mənə də dedilər ki, belə bir hadisə baş verib. Əvvəllər mənə deyirdilər ki, qardaşın belə bir çıxış edib, mənsə cavab verirdim ki, bunu mənə deməyin, nə sözünüz varsa, yığıb özünə deyin.

Aralarında nə olub bilmirəm, amma mən Şəfiqə Nağıyevanı normal bir vəkil kimi tanıyırdım. Bilmirəm, aralarında nə baş verib ki, bu səviyyəyə qədər gəliblər. Bəlkə də televiziyaya xoş olmaq üçün ediblər. Çünki telekanallar bundan reytinq qazanır. Necə ki, keçmişdə xoruz döyüşdürürdülər, millət yığılırdı, indi telekanallar da bu metoddan istifadə edirlər.

O vaxt Prezident Heydər Əliyev media nümayəndələrini Prezident Aparatına yığmışdı. Həmin görüşdə Rauf Arifoğlu çıxışına başlayan kimi dedi ki, Heydər müəllim, qardaşınız Cəlal Əliyev məni söydü, təhqir etdi. Heydər Əliyev dedi ki, saxla, sən bura fikirlərini deməyə gəlmisən, Cəlal Əliyev müstəqil bir adamdır. Hələ zarafata salıb dedi ki, Cəlal hərdən elə məni də söyür. Mənim yanımdasansa, mənə sözünü de. Mən özümü Heydər Əliyevə bənzətmirəm, amma indi bu məsələdə mahiyyət eynidir. Anar Vəziroğlu müstəqil adamdır. Şəfiqə Nağıyeva ilə aralarından qara pişik keçib, ya nə olub bilmirəm”. 

B.Vəziroğlu sosial mövzulu verilişlərə də, orada ekspert qismində çıxış edənlərə də pis baxdığını açıqlayıb:

“Açığı, mən bu ekspertlərə,verilişlərə pis baxıram. Çünki mən heç vaxt özümü səlahiyyətli saymaram ki, kiməsə ağıl verib, yol göstərim. Özü də o verilişlərdə böyük məsələlərdən söz açılmır, birinə deyirlər niyə arvadını boşamısan, birinə deyirlər niyə ərini, uşaqlarını qoyub qaçmısan, uşaqların haradadır? Mənim nə ixtiyarım var ki, kiməsə deyim niyə arvadını boşamısan? Heç dəxli var? Hətta verilişlərin birində bizim ağsaqqal bir dostumuz ekspert kimi oturmuşdu, ora bir xanım gəlmişdi, deyirdi ki, hamiləyəm, bu uşağı məhv edim, ya doğum bilmirəm. Çox qocaman sənətçimiz də 1 saat efirdə bunu müzakirə etdi, gah dedi doğ, gah dedi yox, doğma. Mən artıq belə şeylərə gülürəm. Həm də bilirəm ki, televiziyalar bundan reytinq tutur. Bundan əlavə, televiziyalarda canlı yayım efirə 5-7 dəqiqə gecikmə ilə gedir. Təsəvvür edin, yuxarılara xoş olmayan bir neçə cümlə efirdə getsə, nələr olar. Amma görürsünüz ki, bu cür qalmaqallar efirə gedir. Redaktor bunları efirə buraxır”.

Qalmaqaldan danışan şair qeyd edib ki, özü heç vaxt bir qadına qarşı bunu etməzdi:

“Bu tip qalmaqalların hamısı efirə gedir, Anar, Şəfiqə kimi insanlar da bilə-bilə bunu edirlər, bunlar da bu cür reytinq qazanırlar. Başım çıxmır, reytinq davası gedir. Nəbilim, vallah, məşhur bir məsəl var, hər qoyunu öz ayağından asırlar. Anar uşaq deyil ki, qoyum qabağıma başlayım danlamağa. Dostum deyil ki, deyim belə etmə, bu sənə hörmət gətirməz filan. Bilirsiniz, qardaş ayrı şeydir, dost ayrı.

Deyirlər, üstünə su atıb. Mənim üstümə nəinki su, yekə qara daş da atsaydılar, mən qadına eynisini etməzdim. Çünki kişinin özəlliyi odur ki, qadının hər etdiyinə cavab verməsin. Onların söylədiklərini bir az  boş vermək lazımdır. Məşhur rus yazıçılarından birinin belə bir sözü var, qadınla mübarizə, mücadilə aparmaq küçəni balaca elektrik sobası ilə qızdırmaq qədər faydasız və mənasızdır. Yəni onları boş buraxmaq lazımdır, reallıqla barışmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fev 2023, 22:10
Top