Ermənilər 7 və 8 yaşlı qardaşları necə tələyə salıb? —32 il öncə baş verənlər

GÜNDƏM 02 okt 2022, 14:30
2 oktyabr 1990-cı il. Bu tarix bir çoxuna adi günlərdən biri kimi görünsə də Abbasovlar ailə üçün əsl faciənin yaşandığı bir tarixdir. Çünki həmin vaxt Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yaşayan bu ailə 7 yaşlı övladlarını qurban verib. 8 yaşlı övladları qəlpə yarası alıb. Ailənin 22 yaşlı igidi isə Şuşa şəhərinin müdafiəsi zamanı şəhid olub.

Qayıdaq həmin tarixə, 2 oktyabr 1990-cı ilə. Ermənilər dağda qoyun otaran iki qardaşı, 7 yaşlı Eyvaz və 8 yaşlı Əvəz Abbasovu tələyə salaraq üstlərinə qumbara atırlar. Partlayış səsinə gələn ailə və kənd sakinləri yaralıları Şuşa xəstəxanasına çatdırır. Amma azyaşlı Eyvazın yaraları ağır olduğundan o həlak olur. Həkimlər yaralı Əvəzin həyatını xilas edə bilir.

Üstündən illər keçsə də, Əvəz Abbasov qardaşı ilə birgə yaşadığı o faciəni hələ də unuda bilmir:

Uşaq qatili olan ermənilərin cinayətləri bununla bitməyib. Növbəti dəfə Kərkicahana hücum edərək evləri yandırıb, sakinlərin qəsəbədən çıxmasını tələb ediblər. Günü-gündən hücumların miqyası genişlənməyə başlayıb.

Abbasovlar ailəsi qəsəbədən çıxdıqdan sonra ailənin 22 yaşlı oğlu Elxan özünümüdafiə batalyonuna qoşulur. Həmin dövrdə qəsəbənin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Kərkicahanı itirdikdən sonra özünümüdafiə batalyonu Şuşanı düşməndən qorumağa çalışır. Elə Elxan Abbasov da 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı qəhrəmancasına şəhid olur.

Müsahibimiz deyir ki, ermənilər kəndə hücum çəkib evimizi yandıranda bütün sənədlər, şəkillər və əşyalar yanıb. Evdəkilər təkcə balaca şəhidin birinci sinif kitablarını və onun yeni öyrənib yazdığı dəftərləri götürə bilib. Digər şəkillər isə həmin vaxt Şuşaya gələn rus jurnalistlərin çəkib "Voyna” jurnalında dərc etdiklərindəndir.

Abbasovlar ailəsi hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. Balaca şəhidimiz Eyvaz Kərkicahanda, döyüşçü şəhidimiz Elxan isə Bərdə şəhər şəhidlər xiyabanında dəfn olunub.

Xatırladaq ki, Kərkicahan uğrunda döyüşlərdə, 40 qadın və 110 kişi olmaqla 150-dən çox azərbaycanlı şəhid olub. Kərkicahanın işğalından sonra düşmən Malıbəyli, Quşçular, Xocalı və Dağlıq Qarabağda azərbaycanlıların əsas qalası olan Şuşanı ələ keçiriblər.


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top