Prokuror gecə klubundakı partlayışla bağlı təqsirli bilinənlərə cəza istədi

KRİMİNAL 19 sen 2022, 18:38
Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib. 

Prokuror iş üzrə təqsirləndirilən şəxslərdən Rəsul Rəsulovun 7 il 6 ay, Orxan Səfərlinin  5 il 3 ay, Ruslan Məmmədovun isə 5 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror Ruslan Məmmədovun məhkəmə zalından həbs edilməsini tələb edib. 

Daha sonra çıxış edən Ruslan Məmmədovun vəkili müdafiə nitqi ilə çıxış edib və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş
edib. 

Bundan sonra Orxan Səfərlinin vəkilləri çıxış edib.  Vəkil deyib ki, Orxan Səfərli günahsız yerə həbs olunub. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Daha sonra Rəsul Rəsulovun vəkili məhkəmədən çıxışa etmək üçün vaxt istəyib. 

Növbəti proses sentyabrın 26-da davam edəcək. 

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.
O, həmin partlayışda ağır xəsarət alıb.

Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top