Polkovnikin məhkəməsi başladı

HADİSƏ 17 avqust 2022, 11:37
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olmuş və sonradan Lənkəran Dövlət Universitetinin prorektor vəzifəsini icra etmiş Bahadır Qocayevin barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. 

Demokrat.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra onun apellyasiya şikayətinin dəlilləri müəyyən olunub. 

Məlum olub ki, Bahadır Qocayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Növbəti proses avqustun 30-a təyin olunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bahadır Qocayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1963-cü il təvəllüdlü Bahadır Qocayev başqasını əmlakını ələ keçirməkdə və vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə ittiham olunub.

Bahadır 2021-ci il avqustun əvvəlindən 2021-ci il sentyabrın 17-dək Bakı sakini Rövşənə yüksək vəzifəli şəxslərlə yaxın münasibətinin olduğunu nümayiş etdirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 19 may tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 240.3.2-ci (güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Elşən Kamil oğlu Ömərovun azadlığa buraxılmasına kömək edəcəyini yalandan vəd verib.

Bahadır bunun müqabilində Rövşənin 70.000 manat məbləğində əmlakını ələ keçirməyə hazırlıq görüb.

Rövşənlə mütəmadi əlaqə saxlayıb, Nizami küçəsində yerləşən “Şaurma №1” kafesində görüşərək sövdələşib. Bununla onu 70.000 manat məbləğində rüşvət verməyə təhrik edib.

Bahadır ondan imkanının olmaması haqqında cavab aldıqda Rövşəni hədələməklə razılaşdıqları pulu tələb edib. 

Lakin Rövşən Dövlət Təhlükəsizliyi Xidmətinə könüllü surətdə məlumat verməsi nəticəsində 2021-ci il sentyabrın 17-də Bahadır saxlanılıb.

İstintaq orqanı tərəfindən Bahadırın barəsində Cinayət Məcəlləsinin 28,178.3.2-ci (külli miqdarda dələduzluq əməli törətməyə hazırlıq görmə) və 32.4., 312.1-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top