Daxili Qoşunların müdavimi hospitalda niyə şikəst oldu? — Zabit olmaq istəyən vətənpərvər gəncin acı taleyi... (FOTOLAR)

HƏRBİ 09 avq 2022, 15:20
Demokrat.az gənc ürəyi vətən həsrəti ilə döyünən, buna görə də zabit olmaq qərarına gəlmiş bir müdavimin acı həyat hekayəsini öz oxuculara təqdim edir:

Bayramlı Atilla Afiq oğlu, 9 aprel 2003-cü il tarixində Bakıda andan olub. Orta məktəbi Bakı şəhərində bitirən Atilla yuxarı siniflərdə oxuyarkən zabit olmaq qərarına gəlir. Ailəsi onun bu istəyinə çox da isti yanşmasına baxmayaraq o, öz qərarından dönmür və sənədlərini DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə təqdim edir. Qabiliyyət imtahanı və testdən sonra məktəbə daxil olan Atilla 2020-ci ilin sentyabrında, tədris başlayandan, məktəbə gəlir. Fevral ayında semestr imtahanlarını yuksək nəticələrlə başa vuran müdavimin çalışqanlığı və xüsusi nizam-intizamı ilə seçildiyi həm müəllimləri, həm də tələbə yoldaşları tərəfindən təsdiq olunur...

Atası Bayramov Afiqin dediyinə görə, pandemiya ilə əlaqədar Atillanı oxuduğu müddət ərzində evə buraxmayıblar. Evlə əlaqəsi ancaq telefonla olub və o, hər şeyin yaxşı getdiyini, məktəbi oradakı şəraiti və tədris sistemini çox bəyəndiyini deyib.

2021-ci ilin fevralında Atilla Bayramlı məktəbdə su çiçəyi çıxarıb. Bu xəstəliyin karantininin iki həftədən çox olmasına baxmayaraq, onu 2-3 gün tibbi hissədə qaldıqdan sonra yenidən məşğələlərə və təlimlərə qaytarıblar. Bu müddət ərzində o, bir neçə dəfə yüngül qripə də tutulub. 

Ən nəhayət 2021-ci il may ayının 26-da Atillaya Covid-19 əleyhinə vaksin vurulub. Vaksindən 2 həftə sonra onun vəziyyəti ağırlaşıb. 2 gün Ali hərbi məktəbin sanitar hissəsində qalan müdavimi sonra Daxili Qoşunların mərkəzi Hospitalına yerləşdirirlər. 



İyunun 11-dən hospitala yerləşdirilən Atilla Bayramlının vəziyyəti getdikcə daha da ağırlaşır və o, artıq komatoz vəziyyətə düşür. İyunun 19-u hospitaldan onların evlərinə məsələ ilə bağlı məlumat verilir. 

Atası Afiq Bayramovun sözlərinə görə, o, hospitalın həyətinə çatanda görür ki, burada təcili tibbi yardım maşını hazır dayanıb. Məlum olur ki, artıq yarımcan vəziyyətdə olan oğlunu hospital rəhbərliyi tələsik Respublika xəstəxanasına köçürmək qərarına gəlib.

İynunun 19-u huşsuz vəziyyətdə Respublika xəstəxanasına çatdırılan Atilladan səhərisi gün qan analizi götürülüb. 

Analizin nəticələrində deyilir ki, onun qanında ciddi heç bir problem yoxdur, xəstə Covid-19 xəstəliyi keçirib və sağalıb. 7 gün burada qalan uşağın vəziyyəti hər keçən gün daha da ağırlaşır və kritik həddə çatır. Onun  müayinəsi üçün kənardan cəlb olunmuş həkim-nevropotoloqların da məsləhəti ilə artıq ağır vəziyyətdə olan Atilla Bayramlını Bakı Sağlamlıq Mərkəzinə köçürürlər. Bundan sonra yeni tibb müəssisəsində müdavimin bütün müayinə, xəstəxanada qalmaq və dərmanlarının xərci kasıb olan ailəsinin üzərinə düşür. 

Afiq Bayramovun dediyinə görə, oğlunun Bakı Sağlamlıq Mərkəzində qaldığı 30 avqust tarixinə qədər, onun 80-90 min manat arası xərci çıxıb və bütün bu pulları da o yaxınlarından borc alıb, və ya kredit götürüb.



"Hazırda Atilla evdədir. Dərmanların qiymətini və müalicənin kəsintisiz aparılmasını nəzərə alsaq, mənim vəziyyətimin, durumumun nə olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Bu dərdə dağ da dözməz, mən dözürəm. Böyük fərx hissi ilə əlimin zəhməti ilə böyütdüyüm tək oğlumu sapasağlam zabit məktəbinə göndərdim, üstümə yarımcan qaytardılar", - deyə övlad acısı ilə qovrulan, artıq gözlərində yaşı belə qurumuş ata kədərlə söyləyir...

Afiq Bayramovun sözlərinə görə, Türkiyədəki Gülhane tibb hospitalında sırf Daxili Qoşunların (DQ) Ali Hərbi Məktəbinin ehtiyacları üçün daimi 8 çarpayı var və burada DQ-dən gələn bütün müdavim və hərbçilər Türkiyə dövlətinin hesabına tam müalicə olunurlar...


"DİN Daxili Qoşunlar Tibb Xidmətinin rəisi Alışan Musayev hər dəfəsində pandemiyanı bəhanə gətirərək ötən bir ildən çox müddətdə Atillanın Gülhanəyə getməsinə əngəl oldu. Növbəti bəhanə isə bu oldu ki, Atilla epilepsik statusdan çıxmayıb. Bu statusdan çıxdıqdan sonra onun Gülhanəyə getməsinə razılıq verilə bilər. Hazırda Atilla bu statusdan çıxıb. Amma təəsüflər olsun ki, Alışan Musayev və ailələrinin onlara sapasağlam verdikləri oğullarının qeydinə qüalmalı olan digər məsul zabitlər onların taleyinə bu qədər biganə yanaşırlar. Axı onların hər biri, elə mənim oğlum da, Vətən müharibəsində sinəsini düşmənə sipər etməyə hazırdırlar. Hərbçi olmağı istəyən oğul zatən bu seçimi ilə həmin yolu özünə həyat yolu kimi seçir?! Bəs nədir onarın taleyinə olan bu biganəlik?!", - deyə dünyası başına yıxılmış ata göz yaşlarını güclə boğaraq deyir...

Afiq Bayramov onu da qeyd etdi ki, DQ hospitalının rəisi polkovnik Şəmsəddin Heydərov onunla söhbətində bildirib ki, Atillanın ilk epilrpsik sindromu kardioloji kabinetdə qeydə alınıb.

"İyun ayında onun kardioqramasını çıxardıqdan sonra yenidən məktəbə qayratmaq istəyirdik. Amma onda qıcolma müşahidə edildi", - deyə Heydərov Afiq Bayramovla söhbətində bildirib.



Sual olunur: 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında bir neçə dəfə sətəlcəm olan, 2021-ci ilin dekabrında su çiçəyi çıxaran Atillaya nəyə görə vaxtında düzgün müalicə təyin olunmayıb ki, sonda o pnevmoniyaya tutulub və may ayında da onu peyvənd ediblər. 

Axı bütün həkimlər bilir ki, tibbdə su çiçəyi çıxaran şəxsə heç bir aşı iynəsi vurula bilməz. Hospitala normal vəziyyətdə çatdırılan müdavimin bir neçə günə halı niyə pisləşib və o, niyə yarımcan hala düşüb? 

Xəstəyə hansı düzgün olmayan müalicə tətbiq edilib ki, o komaya düşüb və hala gəlib? 

Nəyə görə heç vaxt epileptik xəstəliyi olmayan, qıcolma keçirməyən bir gənc, hospitala yerləşdirildikdən bir neçə gün sonra gündə 5-6 dəfə qıcolma keçirməyə başlayıb?

Afiq Bayramov qeyd edib ki, onunla həm üzbəüz, həm də telefon söhbəti zamanı DİN DQ Ali hərbi məktəbinin rəisi general-mayor İlqar Məmmədov qəti şəkildə bildirib ki, Atilla məktəbin sanitar bölməsindən hospitala tam sağlam yola salınıb və o, buna başı ilə cavabdehdir. 

Deməli, gənc müdavimə nə olubsa, məhz hospitalda təyin olunan səhv müalicə nəticəsində olub.

"Hospitalda olarkən müayinə şöbəsinin həkimi baş leytenant Tural Bayramov mənə dedi ki, biz Atillanı müalicə etmək istəyirik ki, bizə mükafat versinlər. Amma həqiqət ondan ibarətdir ki, Atillaya hospitalda heç bir  müalicə tətbiq olunmayıb, və ya düzgün müalicə tətbiq olunmayıb. Əks təqdirdə hospitala sağlam gələn uşaq niyə orada komaya düşsün?", - deyə Afiq Bayramov öz-özünə sual verir...

Xatırladırıq ki, Afiq Bayramov 2 dəfə Daxili Qoşunların rəhbərliyi ilə görüşüb. Görüşdə General-mayor Fəxrəddin Səmədov, Tibb Xidmətinin rəisi Alışan Musayev və maliyyə idarəsinin rəisi iştirak ediblər. Hər ikisi, həm Alışan Musayev, həm də maliyyə rəisi, untanmazcasına Atillanın müalicəsi üçün bütün tədbirləri gördüklərini bildiriblər. 



"Axı hospitaldan çıxdıqdan sonra oğlumun bütün müalicə xərclərini özüm birtəhər borc-xərclə qarşılamışam. Hələ də (hospitaldan Bakı Sağlamlıq Mərkəzinə köçürdüləndən sonra) müdavim statusunda olan, həkimlərinin səhlənkarlığı nəticəsində şikəst qalan oğlumun əsl müalicəsini öz hesabıma etmişəm. Axı bu uşaq dövlətin nəzarətində, dövlətin himayəsində idi. Mən dövlətə sağlam uşaq vermişəm, indi görün nə vəziyyətdədir uşaq?!", - deyə Afiq Bayramov etiraz edir...

Sonda özündən çıxan general Fəxrəddin Səmədov Atillanın atasına əsəbi şəkildə "sənə deyən var idi ki, oğlunu bu məktəbə göndər?!" deyə sual verir.

"Ona dedim ki, yaxşı bəs siz niyə burada qulluq edirsiniz? Siz niyə bu peşəni seçmisiniz? Cavabında mənə dedi ki, "mən general olmaq istəyirdim". 

Mən də cavab verdim ki, çox yaxşı, mənim oğlum da general olmaq istəyirdi. Ümumiyyətlə, axı bu generala yaraşan söhbət, davranış deyil. Niyə milləti prestiji artan hərb sənətindən uzaqlaşdırır, iyrəndirirlər?!", - deyə Afiq Bayramov təəssüf hissi ilə danışır...


Daha sonra Fəxrəddin Səmədov bildirib ki, sənin uşağını o hala salan şəxs cəzasını alıb.

"Amma bu kimdir və hansı cəzanı alıb, bu haqda heç kim heç nə bilmir. Açılan cinayət işi də yarımçıq qalıb və ya bağlanıb, ümumiyyətlə heç açılmayıb. Mənim başım uşağıma qarışıb, ona görə hər şeyin dalınca qaça bilməmişəm. Bunun üçün hərbi prokurorun da qəbuluna yazılacam", - deyə müdavimin atası sözlərinə əlavə edib...

Müdavimin atası bildirir ki, səhhətində yaranan problemlərə görə, 2021-ci ilin dekabr ayının 13-də Atilla yaşadıqları evin (3-cü mərtəbə) balkonundan yerə, asfaltın üstünə düşüb. Nəticədə Atilla ağır travmalar alıb. Kəllə sümüyü sınıb, ayağının bud və diz nahiyələrində ciddi sınıq xəsarətləri yaranıb.

Afiq Bayramov müvafiq qurumlar tərəfindən övladının taleyinə biganəliyin davam edəcəyi təqdirdə ölkə başçısına müraciət edəcəyini bildirib. 

P.S. Mövzunu diqqətdə saxlayacağıq....


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top