Mürvət Həsənli: “Xaricdən quş əti idxalı tamam dayandırılmalıdır” (MÜSAHİBƏ)

MÜSAHİBƏ 09 avq 2022, 15:13
Son vaxtlar Azərbaycanda quşçuluq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarının aktiv fəaliyyəti nəticəsində bu sahədə mövcud problemlərin bir çoxunun həlli ilə nəticələnib. Quşçuluq sektorunda çalışan sahibkarların birliyi olan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti həmçinin bu sahədə kəskin bahalaşmanın qarşısını almağa yönəlib. 

Assosiasiyanın rəhbəri Mürvət Həsənli ilə müsahibəmizdə bu istiqamətdə görülən və planlaşdırılan işlərlə bağlı danışdıq:

- Mürvət bəy, Assosiasiyanın yaranma zərurəti ilə bağlı danışmağınızı istərdik. Hansı məqamlar bu təşkilatlanmanı vacib etdi?

- Bizdə 1997-ci ildə Azərbaycan Quşçular Cəmiyyəti yaranmışdı. Həmin cəmiyyətin başında rəhmətlik Aydın Vəliyev dururdu. Son vaxtlar həmin cəmiyyət demək olar ki, fəaliyyətsiz idi. Bundan əlavə, bir neçə təşkilat da vardı. Biz 2022-ci ilin fevralında iclas keçirdik və Assosiasiyanı yaratdıq. Həmin iclasda üzvlər məni İdarə Heyətinin sədri seçdilər. Ötən bir neçə ay müddətində biz böyük nəticələrə nail olduq.

- Hansı nəticələrdən gedir söhbət?

- Əsas məsələlərdən biri quş əti istehsal edib satan müəssisələrin satış mərkəzləri, ticarət şəbəkələri ilə problemləri idi. Əti istehsal edir ticarət şəbəkələrinə verirdilər, bağlanmış müqavilələrdə həmin məhsulun pulunun 30 gün ərzində ödənməsi nəzərdə tutulsa da, bəzən 90 gündən də çox çəkirdi bu proses. Ödənişlər edilmirdi, ediləndə qalıq məhsulun pulu üzərindən çıxılırdı və s. Bir sözlə, ticarət şəbəkələrinin toyuq əti istehsalçıları üzərində hegemonluğu vardı. Ona görə biz dəfələrlə bununla bağlı aidiyyatı üzrə müraciətlər etdik, imkan vermədik ki, bu hüquq pozuntuları davam etsin. Dövlət qurumları ciddi dəstək verdilər, sağ olsunlar, şikayətlərimizə ciddi yanaşdılar. Xüsusilə İqtisadiyyat Nazirliyi bizə ciddi dəstək oldu, etdiyimiz bütün müraciətlər obyektiv araşdırıldı. İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanlanan məktublarımız aidiyyatı üzrə yönləndirildi, həlli tapşırıldı. Digər bir problem ticarət şəbəkələrində soyuducuların texniki parametrlərinin müəyyən edilmiş normalara cavab verməməsi idi. Məsələn, xarici ölkələrdə toyuq əti istehsalçılarına qaytarılan qalıq məhsulun faizi heç 1 faizə çatmır. Bizdə də “Bravo” supermarketlər şəbəkəsində bu belədir. Amma digər ticarət obyektlərində bu rəqəm 4-5, bəzən də 10 faiz idi. Həmin şəbəkələrin indi adlarını çəkmirəm, çünki biz artıq bununla mübarizə aparmışıq və nəticəyə nail olmuşuq. Buna baxmayaraq, yenə də bəzi marketlər var ki, müəyyən problemlər qalır.

- İdxal edilən yem və yem əlavələrinin gömrük rüsumundan, satışının ƏDV-dən azad olunmasını təklif etmişdiniz və bu təklifiniz artıq müsbət qarşılanıb. Bu, toyuq əti istehsalında ucuzlaşmaya səbəb olacaqmı?

- Bəli, idxal edilən yem və yem əlavələrinin gömrük rüsumundan və satışının ƏDV-dən azad olunması da qarşıda duran əsas məsələlərdən idi. İyun ayının 15-20-si arası yem və yem əlavələrinin idxalının və satışının rüsumdan azad olunması ilə bağlı bizim müraciətə baxıldı, müsbət həll olundu. Ən son müraciətimiz soya yağı və günəbaxan jımığının ƏDV-dən azad olunması idi ki, iyulun 1-də cənab Prezident müvafiq qərarı verdi. Bu da ölkədə ət bazarında böyük bir bolluq yaradacaq. Ən azından ətin bugünkü qiymətinin stabil saxlanmasına xidmət edəcək. Biz əvvəllər soyanı 600-700 manata alırdıq, hazırda 1500-1600 manata qalxmışdı. ƏDV-dən azad olunandan sonra 1200-1300 manatdır. Bu isə ətin qiymətinin ucuzlaşmasına kömək edəcək. 1 kilo ətdə yemin dəyəri 68-70 faizdir. Yem ətin qiymətini bahalaşdıra da bilir, ucuzlaşdıra da. Yem və yem əlavələrinin bir sıra ödənişlərdən azad olunması qiymətin düşməsinə səbəb olacaq. Bu, həm də bir növ ətin satışındakı rəqabəti formalaşdırır. Biz artıq xaricdən gələn ətlə rahat rəqabət apara bilirik. Bizdə istehsal olunan ətin 1 kilosu 2-2,10 dollara başa gəlir, Ukraynada 1,20 dollara başa gəlir. Ukraynadan bura ət gətiriləndə, hətta onun gətirilməsi xərcləri ilə belə, biz onunla rəqabətə dözmürdük. Prezidentin soya ilə bağlı son sərəncamı onu göstərdi ki, biz artıq rəqabət etməyə başlayacağıq. Həm süfrə yumurtası, həm ətlə bağlı.

- Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanını necə dəyərləndirirsiniz?

- Həmin fərman onu göstərir ki, ölkənin ərzaq buğdası ilə özünü təmin etməsi qarşıya məqsəd qoyulub. Bu istiqamətdə həm də işğaldan azad edilmiş ərazilərimizin potensialından istifadə edilməyə başlanıb. Ümumiyyətlə, mən cənab Prezidentin rəhbərliyi dövrünü bir neçə hissədə dəyərləndirmək istərdim. 2003-2008-ci illəri mən böyük maliyyə tələb edən işlərin görüldüyü dövr kimi dəyərləndirərdim. İri infrastruktur layihələr məhz bu dövrdə reallaşdırıldı və reallaşdırılmağa başladı. Yolların çəkilməsi, ölkə ərazisində qazlaşdırma, yeni ES-lərin tikintisi və s. 2008-2013-cü illərdə isə böyük fermer təsərrüfatlarının yaradılmasına üstünlük verildi. Çox böyük fermer təsərrüfatları yaradıldı. Bu, ölkə iqtisadiyyatında böyük rol oynadı. 2013-dən bəri isə biz dərin emala getdik. Istənilən məhsulu istehsal etdikdən sonra onun emal edilib satılmasını təşkil etdik. Bircə misal deyim, fındıq istehsalında biz dünya üçüncüsüyük. Türkiyə, İtaliya və Azərbaycan ilk üçlüyü təşkil edir. Bu ilə kimi Rusiyada pomidor satışında birinci idik. Kənd təsərrüfatında bir çox məhsullar üzrə ciddi rəqəmlərə sahibik. Elə məhsul var ki, xammal kimi satışı ilə emal edilmiş satışı arasında yüz dəfələrlə fərq var. Buna görə emal sahəsinin qurulması vacib idi və 2013-cü ildən bəri bu istiqamətdə ciddi işlər görülüb. Bu müddət ərzində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı ilə bağlı böyük proqramlar qəbul edilib, reallaşdırılıb. Bunlar ölkə başçısının aqrar sektora olan diqqəti idi. Süfrə yumurtası istehsalında 130 faiz təminat var. Toyuq əti istehsalında 85 faizin üzərindədir, il sonuna inşallah, 90-92 faizə çıxacaq. Mən belə düşünürəm ki, gələn il 100 faiz olacaq bu rəqəm. Qırmızı ətin istehsalı 87 faizdir, süd istehsalı 85 faizdir. Rəqəmlərə baxdıqca görmək olur ki, böyük inkişaf var. Düşünək ki, biz bunları xaricdən alırıq. Bu zaman təbii ki, xarici valyutaya ehtiyac yaranır, nəticədə isə devalvasiya baş verir. Daxili istehlsa həm də buna görə vacibdir.

- Xaricdən gətirilən toyuq ətinin keyfiyyəti ilə bağlı məsələ qaldırmışdınız. Onunla bağlı hazırda vəziyyət necədir, bazarlarda keyfiyyətsiz məhsullar hələ də varmı?

- Bəli, Belarusdan kənd toyuğu adı altında “halal sertifikatlı” məhsullar gəlirdi. Biz bu məhsulu gətirən adamlarla görüşəndə onlar özlərinə çox arxayın danışırdılar. Hətta dedilər ki, biz istədiyimiz adamı tənbeh edərik, lazım gəlsə hətta naziri də, işimizə heç kim qarışa bilməz. Yəni bu iddialarla bizlə söhbət edirdilər. Məhsullarını aldıq analizə verdik, məlum oldu ki, problemlər var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən o məhsulların satışına qadağa qoyuldu. Belarusdan gətirilən məhsulların üzərinə yazılıb II sortdur. Bu məhsullar adətən Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinə gedir, ya da kolbasa-sosiska məmulatlarının istehsalına sərf edilir. Amma bizim işbazlar onu bizim bazarlara daxil ediblər. Bildiyim qədərilə, hazırda bu istiqamətdə araşdırmalar gedir.

- Assosiasiya bundan sonra hansı məsələlərin həllini qarşıya məqsəd qoyub?

- Biz əsasən istəyirik ki, bazarlarda yerli məhsulun satışı olsun, keyfiyyətli məhsul satılsın. Yerli məhsulun satışını nəyə görə istəyirik? Məsələn, min ton ətin istehsalında təxminən 600-700 adam çalışır. Ölkəyə ötən il 27 min ton toyuq əti idxal edilib. Bu isə 19-21 min adamın iş yerinin olmaması deməkdir. Biz çalışaq ki, o 27 min tonu da özümüz istehsal edək və 19-21 min adamın da iş yeri olsun. İstənilən halda xaricdən gələn ət donmuş halda gəlir, necə kəsildiyi də bilinmir. Donmuş ət burda açılır, sonra satılır. Bu isə ətin keyfiyyətinin itməsinə səbəb olur. Azərbaycanda isə axşam kəsilmiş toyuq səhər satış mərkəzlərində olur. Bu, soyudulmuş toyuqdur, keyfiyyətini də itirməyib. Biz bu istiqamətdə də təbliğat aparacağıq, həm də əhalinin maarifləndirilməsi ilə bağlı çıxışlar edəcəyik ki, soyudulmuş toyuq alın.

- Keyfiyyətli ət deyəndə həm də bəslənmə metodu gəlir ağıla. Toyuq istehsalında bəslənmə metodunun dəyişdirilməsi gözlənilirmi?

- Azərbaycanda quşçuluq sənayesi son dövrlər çox yaxşı inkişaf edib. Tək “Siyəzən broyler”də sutkada 280 min ton toyuq kəsən kəsimxana var. O səviyyədə təmizdir ki, ora, mən inanmıram ki, kiminsə şəxsi təsərrüfatında o təmizliyə riayət edilir. Keyfiyyətli ət istehsalı deyəndə toyuqçuluqda bu nəzərə alınır: ətlik cücələr necə yaranır? Məndə ana sürüsüdür, ana sürüsünün üstündə nənə sürüsüdür, onun üstündə də sortu yaradan sürülər var. Mən bir neçə ölkədə də bu sürünün içərisində olub maraqlanmışam. Bunlar sortu yaradanlardır, kökəlməyə meyillidirlər. Və bu sürünün yediyi qarğıdalıdır, soyadır, buğda və günəbaxan yağıdır. Bir də bunlara kalsium verilir, hansı ki, kənd toyuğu bunu həyətdə alır, göy-göyərti ilə qidalanır. O cümlədən digər vitaminlər var ki, biz onu yemə qatıb toyuqlara veririk. Şəxsən mən deyirəm ki, çalışın alanda kilolu toyuqlar alın, məsələn, 1,5 kilodan ağır. Niyə? Çünki toyuğa 21-ci günündən sonra mütləq finiş yemi verilməlidir. Bu, artıq AQTA tərəfindən də qoyulmuş tələbdir. Finiş yeminin tərkibində heç nə yoxdur. 21-ci günə kimi soyuqdəymə və digər xəstəliklərə qarşı vaksin olunur. 21-ci gündən 32-ci gününə kimi heç bir vaksin istifadə olunmamalıdır, çünki birbaşa istehlaka gedəcək. Balaca toyuğu alanda onun niyə balaca kəsilməsi sual yaratmalıdır. Toyuq rentabelliliyini 28-ci gündən sonra verir sahibkara. 28 günə kimi olan toyuq necə rentabelli ola bilər ki, onun maya dəyərinin içində cücə oturur, yem, vitamin və digər xərclər oturur? Amma 21-ci günündə finiş yemi verildikdən sonra 28-ci gününədək onun tərkibində nə vaksini qalır, nə antibiotiki, nə dərmanı. Bu baxımdan 28-32-ci gününə kimi gözləyib sonra keyfiyyətli ət almaq olur toyuqdan. Ona görə də ağır toyuqları almaq daha məsləhətlidir. Türkiyədə və dünya dövlətlərində adətən toyuq 2 kilo və 2 kilodan artıq olanda yeyilir. Bu çəkini isə 42-ci gününə kimi əldə etmək mümkündür.

- İxracda vəziyyət necədir? Məsələn, hansı ölkələrə hansı məhsullar ixrac edilir, qarşıda hansı planlar var bu istiqamətdə?

- Bu gün üçün ixracımız süfrə yumurtası kimi Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə var. Səudiyyə Ərəbistanı ilə mən bilirəm ki, iş gedir, İraq, Əfqanıstan istəyir, ancaq satış problemi var deyə, sata bilmirik. Amma müəyyən istiqamətlərdə proses gedir ki, bu ölkələrə də satış təşkil edə bilək. Xaricə ixracımız 2019-cu ildə süfrə yumurtası çox idi, təxminən 100 milyondan artıq idi, bu il o qədər də olmasa, satış var. Ölkələrlə tanışlıq bir az zaman alır. Məsələn, Rusiya bizə süfrə yumurtası satmaq istəyir, amma biz onlara sata bilmirik. Müvafiq qurumları var onların, min cür bəhanə gətirir ki, bazarlarına girməyək. İkisini də toyuq istehsal edir, ikisi də eyni proqramla yem yeyir, amma yenə bəhanələri var. Gürcüstanda bir qutu yumurta 68 manata satılır, bizdə 34-35 manatadır. Biz istəyirik ki, Gürcüstana yumurta sataq, onlar deyirlər ki, biz Avropa standartları ilə işləyirik. Belə götürəndə,Gürcüstan bir çox məsələlərdə bizim əlimizə baxan dövlətdir. Amma onun üzərindən bizə Braziliyadan bud gəlir.

- Azərbaycanda sahibkarlara yaradılan şərait qane edirmi? Başqa hansısa problemlər mövcuddurmu quşçuluq sahəsində?

- Azərbaycanda sahibkarlığa yaradılan şəraiti mən müsbət dəyərləndirirəm. Mən kənd təsərrüfatı sektoru ilə bağlı deyim ki, gömrük təşviqi var, subsidiyalar var, dotasiyalar verilir. İndi bizim qarşımızda duran əsas məqsədlərdən biri damazlıq cücəyə subsidiyaların verilməsidir, bununla bağlı aidiyyatı üzrə müraciət edəcəyik yaxın günlərdə. Ölkəyə xaricdən idxal olunan diri quşların qarşısının alınması da vacib məsələlərdəndir. Bildiyiniz kimi, diri quşlar xarici ölkələrdə fərqli vaksinasiya olduğu üçün xəstəlik mənbəyi sayılır. O xəstəliyin Azərbaycanda qarşısının alınması üçün xaricdən diri quş gəlməməlidir.
Başqa bir məsələ də vaksinlərlə bağlıdır. Bir neçə vaksin var ki, onun ölkədə qeydiyyatı ilə bağlı Nazirlər Kabinetinə yazmışıq. Çox vacib vaksinlər var. Bir azdan quşların miqrasiyası başlayanda, bizim ölkə tranzit yolun üzərində yerləşdiyinə görə xəstəliklər yayıla bilər. Bu baxımdan mütləq o vaksinlərə icazə verilməlidir ki, biz qabaqcadan sığortalaya bilək.

- Bəzi xarici ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağalar qoyuldu. Buna səbəb xaricdən gələn quş ətinin standartlara cavab verməməyi oldu, yoxsa məhz xəstəlik səbəbindən qoyuldu bu qadağalar?

- Bizdə adətən qadağaları o bölgəyə qoyurlar ki, orada xəstəlik tapılır. Məsələn, Ukraynda Dnepropetrovskdən, Türkiyədə Bursadan gələn quş ətinə 3 aylıq qadağa qoyulur ki, xəstəlik bitənə qədər Bakıya gətirilməsin. Mən hər zaman bu cür qadağaların əleyhinə olmuşam, çünki Bursaya qadağa qoyulacaq, gedib başqa bölgədə firma açacaq, ordan göndərəcək. Ümumiyyətlə, ölkəni bağlamaq daha rahatdır. Xaricdən ət gətirməni dayandırmaq lazımdır. Çünki biz bilmirik hansı şəraitdə istehsal edilib o ət. Bir dəfə Ukraynadan gələn əti analizə verdik, rütubətlilik səviyyəsi 34 faiz çıxdı. Yəni ətin tərkibinə 34 faiz su vurmuşdular. Normal isə 6-7 faizdir. Yəni bunu işbazlar edir, hər sahədə bu kimi işbazlıqlar olur.

- Taxıl ehtiyatının formalaşması ilə bağlı planınız vardı, bunun üçün kredit almaq istəyirdiniz, bildiyimiz qədərilə müraciət də etmişdiniz. Nəticə varmı?

- Biz bununla bağlı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Yardım Fondu ilə görüşdük, müzakirə etdik. Biz mövsümi kredit istəyirdik. Tutaq ki, hər hansı bir firmanın aylıq yemə olan tələbatı 2 milyon manatdır, bu, illik edir 24 milyon manat. Bunun 30 faizini Fond bizə versə, bir il müddətində o vəsait qayıdacaq. Üstünlük onda olacaq ki, Fondun kreditlərində faiz azdır. Mövsüm dövründə yem hər yerdə ucuzdur, bunun üçün biz həmin kreditləri ala bilsəydik, oktyabra kimi Rusiyadan illik tələbatımızı alıb yığardıq. Gətirib yığardıq anbarlarımıza, il uzunu da ətin bahalaşmasının qarşısını alardıq. Fond müəyyən şirkətlərlə danışıqlar aparıb, inşallah, nəticə olmalıdır.

- Mürvət bəy, görünən odur ki, sizin planınız qiymətləri qaldıraraq yox, satışı genişləndirərək qazanc əldə etməkdir. Ticarət mərkəzləri ilə olan problemlərin həllindən danışdınız bayaq, tam həll olunmuş saymaq olarmı bu sahədəki problemləri?

- Demək olar ki, böyük şəbəkələrlə 80 faiz həll edilib. “Bizim Market”, “QranMart” kimi şəbəkələrdə hələ müəyyən problemlər qalır. Fabrik müdirinin marketlərdən 4 milyon alacağı vardı bu işə başlayanda. O 4 milyonu vaxtında alsaydı qarğıdalını 380 manata alacaqdı, amma gecikdiyi üçün 600 manatdan baha aldı. Bu zaman ətin qiyməti avtomatik bahalaşır. Ona görə biz mübarizə aparırdıq ticarət mərkəzləri ilə ki, satdığınız malın pulunu qaytar. Ətin soyudulmuş halda rəf müddəti 7 gündür. Tutaq ki, satış mərkəzinə min ton ət vermişik, onun pulunu 7 günə olmasa da 15 günə qaytarsalar, biz maliyyə sıxıntısı yaşamarıq. Vaxtında verməyəndə isə məcburuq gedib bankdan kredit götürək, faizi də ətin qiymətinin üzərinə gələk. Biz iri şəbəkələrlə bu problemi həll etməyə, demək olar ki, 80 nail olduq, amma təəssüf ki, hələ də bəzi şəbəkələr bizi incidirlər.

- Assosiasiyaya bütün istehsalçılar daxil olub, yoxsa, hələ kənarda qalanlar var?

- Quş əti və yumurta istehsalçılarının demək olar ki, 80 faizini əhatə edirik. Bildiyiniz kimi, bu sahədə başqa bir ictimai birlik yoxdur. Digər bir neçə şirkət var ki, bəzilərinə biz dəvət göndərmişik, yəqin ki, üzv olacaqlar, bəzilərini isə biz istəmirik, çünki istehsal etdikləri ətin keyfiyyəti bizi qane etmir. Elə kəsim müəssisələri var ki, onların məhsulunu satmaq belə günahdır. Yəni o qədər aşağı keyfiyyətlidir.

- Amma onların da məhsulu bazardadır, elə deyilmi?

- Xeyr, onların məhsulu qara bazardadır. Məsələn, 8-ci kilometr bazarında, 3-cü mikrorayon bazarında, oğurluq sata biləcəkləri yerlərdədir. AQTA tərəfindən ciddi nəzarət var bu məsələyə, baytarlıq sertifikatı olmayan müəssisələrin məhsulunun satışı qadağandır! Baytarlıq sertifikatı hər gün alınır. Məsələn, tutaq ki, “Səba” broyler bu gün 50 min toyuq kəsəcəksə, onun sertifikatını alır, marketlərə o sertifikatı təqdim etdikdən sonra əti satışa buraxa bilir. Amma oğurluq kəsim sexləri var ki, vannada yolurlar, paltar maşınında yolurlar, ətin tərkibinə su vururlar, onlar ancaq qara bazarda satır məhsullarını.

- Digər quş əti növlərinin geniş istehsalı nəzərdə tutulurmu?

- İstehsalla bağlı bizdə təcrübə var. Mən hinduşka ətinə girişdim, amma ciddi tələbat olmadı deyə zülüm çəkdim, axırda kolbasa sexinə satdım. Bizdə bu növ ətlər ancaq qış aylarında yeyilir.(afn.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top