Faiq İbrahimov: “Ədalətli kompensasiya təkcə evin dəyəri deyil, mülkiyyət hüququnun toxunulmazlığıdır”
Bakı şəhərində aparılan yenidənqurma və şəhərsalma layihələri son illər paytaxtın simasını dəyişməkdədir. Bu proses təkcə tikinti və inkişafla deyil, həm də bir sıra sosial və hüquqi suallarla müşayiət olunur. Ən aktual məsələlərdən biri isə söküntü zonalarında yerləşən əmlaklara görə mülkiyyətçilərə ödənilən kompensasiyanın ədalətliliyidir.
“MBA Consulting Group” şirkətinin rəhbəri Faiq İbrahimov Demokrat.az-a müsahibəsində bu və digər mövzular ətrafında danşıb.

- Faiq müəllim, son illər Bakıda köhnə yaşayış binalarının sökülməsi və yeni tikililərin inşası prosesi geniş vüsət alıb. Amma bu proses xüsusilə kompensasiya məsələsində vaxtaşırı narazılıqlarla müşayiət olunur. Sizcə bunu doğuran səbəb nədir?
- Əslində, şəhərin yenilənməsi və köhnə binaların sökülməsi urbanizasiya baxımından müsbət və zəruri prosesdir. Lakin problem ondan başlayır ki, bəzən bu prosesdə insan amili ikinci plana keçir. Bugünkü təcrübədə əsas diqqət əmlakın bazar dəyərinə yönəlir. Halbuki bazar dəyəri yalnız daşınmaz əmlakın maddi tərəfini əhatə edir. İnsan üçün ev sadəcə divarlar və dam deyil, orada onun ailə xatirələri, sosial mühiti, illərlə formalaşmış həyat tərzi var. Söküntü qərarı verildiyi anda, əgər vətəndaşın yaşayış mühiti məcburi şəkildə dəyişdirilirsə, bu zaman kompensasiya yalnız evin dəyəri ilə məhdudlaşa bilməz. Təəssüf ki, real praktikada bəzən mülkiyyətçinin sosial vəziyyəti, yaşayış şəraiti və həyat keyfiyyətinə təsir edən amillər yetərincə nəzərə alınmır. Bu da həm etimadsızlıq yaradır, habelə hüquqi mübahisələrə yol açır.
- Ədalətli kompensasiya anlayışı bu problemin həllində necə rol oynaya bilər? Bu anlayış nəyə əsaslanır?
- Ədalətli kompensasiya beynəlxalq qiymətləndirmə və hüquq sistemlərində qəbul olunmuş əsas prinsipdir. Onun mahiyyəti bundan ibarətdir ki, mülkiyyət hüququ pozulduqda və ya məhdudlaşdırıldıqda, mülkiyyətçiyə yalnız maddi dəyər deyil, həm də sosial və yaşayış şəraiti baxımından əvvəlki vəziyyətini bərpa etməyə imkan verən dəyər ödənilməlidir. Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS 13) “ədalətli dəyər” anlayışını iki müstəqil, məlumatlı və razı tərəf arasında aktivin satışı zamanı formalaşan bazar əsaslı qiymət kimi qəbul edir. Ancaq söküntü zonasında bu bazar artıq real mövcud olmur, çünki orada nə alıcı var, nə də real satış prosesi. Bu halda qiymətləndiricilər bazar dəyəri yox, ədalətli kompensasiya prinsipinə əsaslanmalıdırlar. Məqsəd vətəndaşın əvvəlki həyat səviyyəsinə mümkün qədər yaxın şəraitin təmin olunmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da bu prinsip aydın şəkildə qeyd olunur: əgər dövlət və ya bələdiyyə bir şəxsin mülkiyyət hüququna müdaxilə edirsə, o zaman mütləq ədalətli kompensasiya verilməlidir və ya bu kompensasiya yalnız bazar qiyməti ilə məhdudlaşmamalıdır.
- Sizcə, bu model Azərbaycan şəraitinə necə uyğunlaşdırıla bilər və bunun üçün hansı addımlar atılmalıdır?
- Hesab edirəm ki, bu model ölkəmizdə tam tətbiq oluna bilər. Bunun üçün sadəcə yanaşma tərzi dəyişməlidir. Birincisi, əmlakın bazar dəyəri yalnız söküntü elan olunmamış dövr üzrə müəyyən edilməlidir. Çünki elan verildikdən sonra bazar avtomatik şəkildə dəyərsizləşir. İkincisi, vətəndaşa eyni ərazidə, eyni otaq sayına və keyfiyyətə malik yeni mənzil təklif edilməlidir. Bu, əvəzləmə prinsipi adlanır və beynəlxalq təcrübədə çox geniş vüsət alıb. Üçüncüsü, köç xərcləri, yəni, daşınma, qeydiyyat, mebelin daşınması, yeni evin axtarışı kimi bütün xərclər ödənilməlidir. Dördüncüsü, sosial zərərlər və narahatlıqlar üçün 20 faiz əlavə əmsal tətbiq oluna bilər. Nəhayət, bütün qiymətləndirmə sənədləri müstəqil ekspertiza tərəfindən təsdiqlənməlidir ki, hər iki tərəf üçün şəffaflıq təmin olunsun. Bu yanaşma həm sosial ədaləti qoruyar, həm də söküntü prosesinə ictimai etimadı bərpa edərdi.
- Beynəlxalq təcrübədən konkret nümunə göstərə bilərsinizmi? İnkişaf etmiş ölkələrdə bu proses necə tənzimlənir?
- Məsələn, Avropa ölkələrinin əksəriyyətində, xüsusilə Almaniya və İsveçdə hökumətlər köçürülən vətəndaşa yalnız evin dəyərini deyil, həm də köçmə prosesi ilə bağlı bütün əlavə xərcləri ödəyirlər. Hətta bəzi hallarda ailə üzvlərinin sosial adaptasiyası və psixoloji dəstək üçün də kompensasiya paketi nəzərdə tutulur. ABŞ-da isə bu, “Relocation Assistance Program” adlanır. Dövlət və ya bələdiyyə tərəfindən evini itirən şəxsə həm yeni ev təklif olunur, həm də onun daşınma, hüquqi məsləhət və iş yerinə yaxınlıqla bağlı xərcləri qarşılanır. Bu yanaşmaların hamısının kökündə bir ideya dayanır - insanı prosesin mərkəzinə qoymaq. Əgər məqsəd şəhəri yeniləməkdirsə, o zaman həmin şəhərin sakini də özünü itirilmiş yox, qazanan tərəf kimi hiss etməlidir.
- Sonda bir qiymətləndirici və ekspert kimi sizcə, bu məsələdə kimlərin üzərinə əsas məsuliyyət düşür və nədən başlamaq lazımdır?
- Ədalətli kompensasiya sadəcə iqtisadi hesablamalar deyil, həm də etik məsuliyyətdir. Burada üç tərəf var: hökumət, qiymətləndiricilər və cəmiyyətin özü. Hökumətin vəzifəsi şəffaf hüquqi baza və ədalətli qərar mexanizmi yaratmaqdır. Qiymətləndiricilərin vəzifəsi real, əsaslandırılmış və vicdanlı hesabat təqdim etməkdir. Cəmiyyətin və medianın rolu isə bu prosesdə ədalətin təmin olunmasını ictimai nəzarətdə saxlamaqdır. Əgər biz şəhərlərimizi yeniləmək, köhnə məhəllələri müasir məkanlarla əvəzləmək istəyiriksə, bunu yalnız sosial ədalət və hüquqi məsuliyyət prinsipi ilə etməliyik. Əks halda, bu proses inkişafa deyil, inamsızlığa, mübahisəyə və gərginliyə gətirib çıxaracaq. Unutmayaq ki, qiymətləndirmə təkcə texniki deyil həm də mənəvi, sosial və hüquqi dəyərlər üzərində qurulan bir peşədir. Ədalətli kompensasiya isə yalnız evin qiyməti deyil, insanın həyatının dəyəridir.
Azər Aslanlı
Demokrat.az