Bakıda şagirdlər arasında baş verən hadisə ilə bağlı direktordan AÇIQLAMA

GÜNDƏM 27 oktyabr 2025, 16:47
Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu ərazisində, Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-liseyin 6C sinfində şagirdlər arasında insident olub. Valideynin iddiasına görə, hadisə baş verdikdən sonra məktəb rəhbərliyi dərhal tədbir görməyib, valideynlərin israrından sonra görüş keçirilib, məktəb rəhbərliyi uşaqları valideynlərin icazəsi olmadan başqa sinfə aparıb və psixoloji təzyiq göstərib, səsyazma aparıblar.

Demokrat.az
iddialarla bağlı məktəb-liseylə əlaqə saxlayıb. 

Liseyin direktoru İlahə Carçıyeva məsələnin başqa cür olduğunu deyib:

“Sözügedən insident oktyabrın 17-də baş verib. Həmin tarixdə şagirdlərlə və valideynlərlə söhbət aparılıb və hər bir şagirdin nəzərinə çatdırılıb ki, təhsilalanlar nizam-intizam qaydalarına uyğun hərəkət etməlidirlər. Lakin şagirdlərin valideynləri 18–19 oktyabr tarixlərində (şənbə və bazar günlərinə təsadüf edir) öz aralarında əlaqə qurub və aralarında anlaşmaya gələ bilməyib, əksinə, hər kəs özünü üstün tutub və əks tərəfi cəzalandıracağı ilə hədələyib. 

Nəticədə valideynlər arasında yaranan anlaşılmazlıq ona gətirib çıxarıb ki, valideynlər məktəbə dəvət olunub və direktorun otağında söhbət aparılıb.

Direktorun təkidlə valideynlər arasında sülh yaratmaq istəyi və onlarla aparılan söhbətlər nəticə verməyib, çünki konflikt şagirdlərdən çox valideynlərlə bağlı olub. Şagirdləri valideynlər arasında baş verənlərdən müdafiə etmək üçün direktor müavini şagirdləri kitabxanaya dəvət edərək, bir daha onlarla söhbət aparıb, şagirdləri təhsilalanların intizam qaydaları ilə tanış edib və bu qaydalara riayət etməyə çağırıb. 

Sonda şagirdlərə izahat yazdırılıb və onların yazısı ilə tanış olmaq üçün valideynlərə təqdim olunub.

Direktor müavini şagirdlərlə söhbət edərkən otaqda sinif rəhbəri, müəllim və digər direktor müavini də iştirak ediblər. Tam əminliklə təsdiq edilə bilər ki, şagirdlərə heç bir təzyiq göstərilməyib, etik qaydalar pozulmayıb və heç bir səsyazma aparılmayıb. Əksinə, valideynlərin şagirdlərə qarşı təzyiqinin qarşısını almağa çalışılıb.
Bu məsələ şagirdlər arasında baş verən konflikt kimi deyil, valideynlər arasında mövcud olan anlaşılmazlıq kimi qiymətləndirilməlidir”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top