Bakıda 52 yaşlı kişi oğlanlarını döyən 75 yaşlı kişini öldürdü — TƏFƏRRÜAT

KRİMİNAL 25 iyl 2022, 10:35
Bakıda 1970-ci il təvəllüdlü Ceyhun Rzayev şəxsi münasibətlər zəminində qonşusu, 1947-ci il təvəllüdlü Vaqif Hüseynovu qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ceyhun 19 dekabr 2021-ci ildə, saat 22.00-da yaşadığı binanın qarşısına gəlib. 

Bu zaman o, qonşusu Vaqifin onun ögey oğlu və oğlu ilə mübahisə etməsini, Vaqifin onları döyməsini görüb. O,  mübahisəyə müdaxilə edib. 

Həmin vaxt Vaqif onu da yumruqla vuraraq sağlamlığına zərərvurmayan bədən xəsarətləri yetirib. Ceyhun qisas almaq niyyəti ilə Vaqifi öldürmək qərarına gəlib. 

Bu məqsədlə Ceyhun əlində olan ülgücü və küpü olan yastı tiyə tipli deşiçi-kəsici əşya ilə Vaqifin döş qəfəsinin ön səthinin bir dəfə vurub. Vaqif aldığı xəsarətdən ölüb. 

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, səhhəti ilə bağlı hərbi xidmətdə olmayıb və fəhləliklə məşğul olub: “Övladlarım Fyodor və Şiraslan orta məktəbdən sonra təhsillərini davam etdirməyib və səhhətlərində olan problem ilə əlaqədar hərbi xidmətdə olmayıblar. Biz 2010-cu ildən ailəlikcə arvadım Marinanın anasının evi olan iki otaqlı mənzilə köçdük. Həmin binanın 9 nömrəli mənzilində Vaqif öz arvadı Roza və oğlu ilə yaşayıb. Bizim münasibətlərimiz əvvəllər yaxşı olsa da, sonradan Roza ilə Marinanın arasında məişət zəminində mübahisələri yarandı. Roza və Vaqif hər iki oğluma pis münasibət göstərdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, uşaqlıqdan 2-ci qrup əlildir: “Əsəb xəstəsiyım, heç bir yerdə işləyə bilmirəm. Gününün əksər vaxtını küçələrdəki zibillikdən yararlı əşyaların toplanması ilə məşğul oluram. “Zibillikdən yeməli ərzaqları evə gətirirəm. Şüşə və dəmir əşyaları isə təhvil verirəm. Fyodor və Şiraslan isə heç bir yerdə işləməyərək fəhləlik edirlər”. 

Ceyhun qeyd edib ki, dekabrın 19-da, saat 22.00-da zibil yığıb və evə qayıdarkən Vaqifin dəmir dabankeş ilə onun uşaqlarını vurduğunu görüb: “Həmin vaxt Fyodor dabankeşi Vaqifdən aldı. Mən artıq onlar mübahisə edən yerə çataraq Vaqifə uşaqlarından əl çəkməsini dedim. Bu vaxt Vaqif yumruqla sağ gözümün üstündən vurdu. Əsəbiləşib dabankeşi Fyodorun əlindən aldım və Vaqifin bədənindən vurdum. Sonra isə elə küçədə tapdığım dəmir parçası ilə Vaqifin döş nahiyəsindən bir dəfə vurdum. Vaqif əvvəl dizi üstə yerə yıxıldı. Sonra ayağa durub bloka qaçdı. Həmin vaxtı mən və hər iki oğlum həyətdə qaldıq. Bir az keçmiş təcili tibbi yardım, daha sonra isə polislər gəldi. Hər iki oğlumu və məni polisə apardılar”. 

O, həmçinin göstərib ki, onun və ailə üzvlərinin Vaqif ilə düşmənçiliyi olmayıb. O, əməlindən peşman olduğunu deyib. 

Məhkəmənin hökmü ilə Ceyhun 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top