Elman Nəsirov: “Biz dünyanın tərkib hissəsiyik”

GÜNDƏM 21 iyl 2022, 10:40
“Bütün dünyada olduğu kimi, Azərbaycan dövləti də post-pandemiya dövrünə hazırlaşırdı və bu istiqamətdə işlər gedirdi. Həmin dövrün reallıqlarına adekvat hədəflər müəyyən edilirdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, vurğulayıb ki, təəssüflər olsun ki, son günlər dünyada və ölkəmizdə koronavirusa yoluxma sayları artmaqdadır:

“Təəssüf ki, post-pandemiya dövrünə keçməyə hazırlaşdığımız bir dövrdə dünyanın kütləvi informasiya vasitələrində belə bir məlumatlar səslənməyə başladı ki, pandemiyanın növbəti dalğası gəlir. Ümumdünya Səhiyyə Təşkilatı da bu məsələlərlə bağlı artıq yenidən həyəcan təbili çalmağa başlayıb. İnsanları maska taxmağı tövsiyə edir. Bu halda biz nə etməliyik? Hesab edirəm ki, ilk növbədə təmaslarda biz ehtiyatlı olmalıyıq, məsafə saxlamalıyıq. Bilməliyik ki, biz dünyanın tərkib hissəsiyik. Yəni, qonşu və dünya ölkələrində əgər pandemiyaya yoluxma sayı artarsa, belə olan vəziyyətdə biz də bunu nəzərə almalıyıq. Bir ümidverici məsələ onunla bağlıdır ki, 2020-ci ildə bu xəstəlik peyda olanda biz bu xəstəliyin qarşısında aciz idik, heç mahiyyətini yaxşı dərk edə bilmirdik, vaksinimiz yox idi, mübarizə aparmaq silahımız yox idi. İndi isə bir neçə vaksin var, eyni zamanda əhalimiz 2-3 dəfə vaksinləşmə prosesindən keçib. Yəni, müqavimətimiz və immunitetimiz formalaşıb”. 

“Bu reallığı nəzərə alsaq, hesab edirəm ki, bu dəfə ki, yeni dalğa insanlar üçün əvvəlki qədər də təhlükəli olmaya bilər. Hər halda ehtiyatlı olmaq lazımdır, həm də izləmək lazımdır ki, qonşularımızda hansı vəziyyətdir, bu məsələ ilə bağlı dünyada hansı proseslər gedir. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyələri necədir? Yəni, bunların hamısını izləmək lazımdır. Xüsusilə, birbaşa təmaslarda son dərəcə ehtiyatlı olmaq lazımdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top