Politoloq: “Rusiyaya qarşı qəbul edilmiş sanksiyalar sadəcə gözdən pərdə asmaq üçündür”

GÜNDƏM 21 iyn 2022, 16:05
Avropa İttifaqı Şurası Rusiyanın Krım və Sevastopolun ilhaqına cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2023-cü ilə qədər uzadılmasına qərar verib. Sanksiyaların uzanması Rusiyanın durumuna necə təsir edəcək?

Suallımızı cavablandıran politoloq Yusif Bağırzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı tərəfindən Krım və Sevastopolun ilhaqına cavab olaraq sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar 2014-cü ildə qəbul edilib. Politoloqun sözlərinə görə, həmin sanksiyalara Krım və Sevatspolla əlaqəli məhsulların Aİ-yə idxal edilməsinin, infrastruktur və ya maliyyə investisiyaları yatırılmasının, turizm xidmətləri göstərilməsinin, eləcə də Krım və Sevastopola müəyyən mal və məhsulların, texnologiyaların ixrac edilməsini, Krımın və Sevastopolun nəqliyyat, telekommunikasiya və enerji sektorlarının istifadəsini, neft, qaz və digər mineral resurslarının istismarını və istehsalının qadağan edilməsi daxil idi:

“Başqa sözlə desək həmin dövrdə qəbul edilən sanksiyalar yalnız Krım və Sevastopolla məhdudlaşırdı və bildiyimiz kimi birbaşa Rusiya iqtisadiyyatına elə də ciddi təsir göstərmirdi. Yəni, indi qəbul edilən sanksiyalarla müqayisədə olduqca zəif sanksiyalardır. Odur ki, həmin sanksiyaların vaxtının uzadılması ilə elə bir ciddi dəyişikliyin baş verəcəyini düşünmürəm. Sadəcə həmin sanksiyaların tətbiqi ilə bağlı vaxt bitmək üzrə olduğu üçün həmin vaxtı uzatmaq lazım idi və Aİ-də bunu etdi. Rusiya iqtisadiyyatının zəiflədilməsi isə daha çox indiki sanksiyalardan asılıdır. Məlum olduğu Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyaya qarşı indiyə qədər misli görünməmiş sanksiyalar tətbiq edilib. Bu sanksiyaların sayı hətta Şimali Koreya və İrana qarşı tətbiq ediən sanksiyaların ümumi sayından belə artıqdır. Rusiya iqtisadiyyatının ayaqda qalma gücünün qaz və neft məhsulları ilə bağlı olduğunu nəzərə alsaq deyə bilərik ki, Rusiya bu istiqamətdə tətbiq olunan sanksiyalardan ciddi zərər görə bilər”.

“Amma məsələ orasındadır ki, sanksiyaların tətbiqi bir şeydir, həmin sanksiyalara əməl edilməsi başqa şey. Nə qədər sanksiya tətbiq olunur olsun, əgər Avropa İttifaqı dövlətləri o sanksiyalara hamılıqla əməl etməyəcəksə o zaman həmin sanksiyaların da təsiri olmayacaq. Avropa İttifaqı dövlətlərinin əksəriyyətinin sanksiyalara baxmayaraq hələ də Rusiyadan qaz və neft aldığını, hətta Rusiyanın diktəsi ilə bunun üçün rubl hesabı belə açdığını nəzərə alsaq deyə bilərik ki, qəbul edilmiş sanksiyalar sadəcə gözdən pərdə asmaq üçündür. Əgər Avropa İttifaqı dövlətləri tərəfindən yüz gün ərzində təkcə neft və qazdan Rusiyaya yüz milyard dollar ödəniş edilibsə, bu, o deməkdir ki, sanksiyaların tətbiqinə səs verən ölkələrin özləri belə həmin sanksiyalara əməl etmirlər. Əgər qəbul olunmuş sanksiyalara Avropa İttifaqı dövlətləri hamılıqla əməl edəcəklərsə, Rusiya iqtisadiyyatı bu vəziyyətə ən yaxşı halda cəmi bir il duruşa gətirə biləcək”,-deyə politoloq fikirlərini yekunlaşdırıb. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top