Bu il evlər ucuzlaşacaqmı? — AÇIQLAMA

GÜNDƏM 14 iyn 2022, 13:26
“Əmlak bazarında qiymətlərinin bahalaşması artıq keçən ildən müşahidə olunur. Bildiyimiz kimi, enerjidaşıyıcılarının, tikinti materiallarının, ümumiyyətlə, xidmətlərin qiymətinin artırılması təbii ki, bazara da təsirsiz ötüşmür. Yəni, əmlak bazarında qiymətin bahalaşmasının ən mühüm səbəblərindən biri budur”.

Bunu Demokrat.az-a açıqlamasında əmlak məəsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. Onun sözlərinə görə, artıq fundamenti qoyulan, tikintisi başlanılan yeni binalarda əgər əvvəllər maya dəyəri  təxminən 1000-1200 manata başa gəlirdisə, bu gün sahibkarlar o qiymətin daha baha başa gəldiyini deyirlər. Artıq bunun 1500 manatadək qalxdığını, hətta yeni tikilən binanın ilkin qiymətinin 2000 manata təklif olunduğu bildirilir.  Çoxmənzilli binaların tikintisində 1 kvadrat mənzilin kvadrat metr üzrə qiymətinin qalxması təbii ki, köhnə tikili binalara da təsirsiz ötüşmür”.

Ekspert qeyd edib ki, torpaq bazarında qiymətlərin artması da mənzil bazarına təsir edir:

“Xüsusilə, paytaxtda torpaq sahəsində qiymətlərin qalxması müşahidə olunur. Bu da təbii ki, tələbin azalması ilə bağlıdır. Bazarda təklif azaldıqca, tələb yüksək olaraq qaldıqda qiymət təbii olaraq artmağa başlayır. Təbii olaraq qiymət artımı çox böyük miqyaslı deyil, amma tədricən cüzi faiz etibarilə də olsa, aybaay müəyyən qiymətlərdə artımı müşahidə edirik. Tutaq ki, əvvəllər köhnə tikili binalarda 50 min manata birotaqlı Neftçilər metrosu yaxınlığında ev tapmaq mümkün idisə, artıq bu il o qiymətlər 58-60 min manatdır. Təxminən çoxmənzilli binalarda bir otaqlılarda 20 faiz, iki otaqlı 15-20 faiz, 3 otaqlılarda 10 faizdən yuxarı olmaqla qiymət artımını müşahidə edirik.



Təbii ki, ən çox qiymət artımı, dəyəri 100 min manata qədər olan 100 kvadrata qədər olan mənzillərdə daha çox müşahidə olunur. Çünki onların satışı daha çox olur və daha tez alınır. Yəni, həmin evlərə tələbat çoxdur. Ən çox qiymət artımı az olan kvadratı daha çox olandır. Məsələn 200 kvadratdan yuxarı olanlardır ki, onlarda qiymət artımı elə də çox müşahidə olunur. Eyni binada əgər 100 kvadratlı mənzil  1500 manata təklif edilirsə, 200 kvadratlıq mənzili 1300 manata da ala bilərik. Xüsusilə, bahalı olan ərazilər şəhərin metroya yaxın olan hissələrdir. Bunlar Nərimanov rayonu, Nəsimi raynu, Səbail rayonun mərkəzi olan hissələridir. Biraz orta qiymətlər Nizami rayonunda, Xətai rayonunda müşahidə olunur. Bu gün qiymət baxmından ucuz olan hissələr Sabunçu rayonu, Suraxanı rayonu, Qaradağ rayonu hissələrində olan çoxmənzilli binalara aiddir”. 

R.Qasımzadə qeyd edib ki, yay fəsli gəldiyindən son günlər fərdi yaşayış evlərində də maraq artıb:

“Təbii ki, mövsümi olaraq yay aylarında ən çox  bağ evlərinə maraq artır. O baxımdan da cüzi də olsa qiymət artımı müşahidə olunur təxminən 10 faiz məbləğində. Bu da ən çox torpaq bazarında qiymət artımı ilə bağlıdır. Qeyd edim ki, çıxarışı olan torpaq sahələrinin minimum qiyməti 2000-2500 manatdan başlayır. Ola bilər elanlarda rast gələsiniz ki, torpaq sahəsi satırlar min manata. Amma onu araşdıran da görürsən ki, müxtəlif bələdiyyə sənədi ilə, hər hansı sərəncamladır. Yaşayış təyinatlı torpaq sahələrinin 1 sotu üçün qiymət minimum 2000 manatdan başlayır. Qiymətin bir sotu  500 minə qədər mərkəz olan hissələri var. Yəni, ərazinin yerləşdiyi yerlərdən asılı olaraq torpağın qiyməti birbaşa yaşayış evlərin qiymətlərinə də təsir göstərən amillərdəndir. Torpaq sahələrində də təyinatı üzrə fərqlər mövcuddur. O təyinatı üzrə də qiymət fərqlənir. Yəni, son zamnalar qiymətlərin artması torpaqların qiymətin artması ilə də bağlıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top