Sabiq nazir Elmira Axundovanın müdafiəsinə qalxdı: “O, icazə ilə Bakıdadır”

GÜNDƏM 03 iyn 2022, 10:57
Xəbər verildiyi kimi, ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə" adlı konsert proqramı baş tutub. Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da qatılıb. Səfirin konsertə getməsi vətəndaşlar arasında birmənalı qarşılanmayıb. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki,  Elmira Axundova da hər bir səfir kimi təlimatlar əsasında çalışır və o, özbaşına qərar qəbul etmir:

“Ola bilsin ki, Elmira xanımın işində elə bir rəy mövcuddur ki, hələ də onun orada səfir kimi olması məqsədəuyğun deyil. Ya da ki, hansısa digər səbəblər var ki, o, burada olmalıdır. Təbii ki, Elmira xanım dövlət başçısına və ya nazirə məruzə edəndən, qərar qəbul olunandan sonra, o, bu və ya digər yerdə ola bilər. Yəni, bu təlimatın əsasında mümkündür. Ümumiyyətlə, səfir ölkənin tərk edərkən həmin ölkənin xarici işlər nazirliyinə nota verilir ki, filan müddətdə səfir olmayacaq. Yəni, bu səfirin qərarı deyil, mərkəz ona təlimat verməlidir ki, o, bu və ya digər ölkəni tərk edə bilər. Bu, ümumdünya qaydadır”. 

T.Zülfüqarov Elmira Axundovanın Ukraynada vətəndaşlarımıza kömək etməməsi məsələsinə də aydınlıq gətirib:



“Ümumiyyətlə, təhlükəsizlik məsələsində qərar qəbul edən nazirlikdir. Bu baxımdan vəziyyəti özü qiymətləndirir və bunun əsasında qərar qəbul olunur. O ki, qaldı səfirin vətəndaşlara kömək etməmə məsələsinə, qeyd edim ki, bizdə kömək etməyi biraz düzgün başa düşmürlər. Səfirin səlahiyyəti onu qəbul edən ölkədən asılıdır. Səfirlik deyəndə biz başa düşməliyik ki, bu, 4 diplomatdır və vur-tut onlarda cəmi 4 dənə maşın var. Vətəndaşlara onlar neyləyə bilər? Əgər ora müharibə gedən məntəqədirsə, hansısa şəhərdirsə, səfir neyləyə bilər? Səfirin bu məsələdə hansısa hüquqları yoxdur. Müharibə olan yerdə diplomatik immunitet  işləmir. Çünki qəbul edən tərəf, yəni Ukrayna  təmin edə bilmir, özü müharibə aparır. Ona görə insanların narazılığı hesab edirəm ki, emosional narazılıqdır. Səfir təlimat əsasında işləyən bir insandır. Əgər təlimat alıbsa ki, burada qala bilər, səhhəti, təhlükəsizliyi ilə əlaqədar və digər səbəblərdən heç nə deyə bilmərik. Çünki, o icazə ilə Bakıdadır. İstər konsertə gedir, istər getmir, onun hüququ var. Yəni, buna aid beynəlxalq qanunlar var. Vyana Konvensiyasi var, diplomatik imtiyazlar barəsində, orada hər şey yazılıb. Yəni, səfir gedib müharibə zonasında kimisə xilas etməyə səlahiyyəti yoxdur. İnsanlar onu necə təsəvvür edirlər? O, hərbiçidir nədir? Bu, mümkün olan şey deyil. Hər bir vətəndaş xaricə gedəndə o, özü ilk növbədə təhlüksəzliyinə görə məsuliyyət daşıyır. Azərbaycan dövlət olaraq imkan dairəsində ona hansısa yardımlar edə bilər. Biz hərdən bir deyirik ki, filankəs günahkardır. Filankəs neyləməlidir? Bilirsiniz, bunlar hamısı populist şüarlardır. İndi təəssüflər olsun ki, o populist fikirli insanlar doludu hər yerdə. Reallıqdan uzaq fikir səsləndirirlər ki, təki gündəmdə qalsınlar. Çox reallıqdan uzaq şeylər danışırlar, dedi-qodu söhbətlər, şayələr yayırlar. Buna çox fikir vermək lazım deyil”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top