Bakıda yataqxananın həyətində qonşuların qanlı davası — Təfərrüat

KRİMİNAL 31 may 2022, 10:24
Bakının Xətai rayonunda 1996-cı il təvəllüdlü Cəsarət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Fərmana xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 15-də Xətai rayonu, Neapol küçəsində baş verib. Cəsarət qonşusu Fərman ilə mübahisə edib və mübahisə zamanı bıçaqla onun bir dəfə qarın nahiyəsindən vurub. 

İstintaq orqanı tərəfindən Cəsarətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Cəsarət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əslən Laçın rayonu, Türklər kəndindən olsa da, məcburi köçkün kimi faktiki olaraq ailəsi ilə Neapol küçəsində yerləşən 2 saylı peşə liseyinin yataqxanasında nömrəsiz evdə yaşayır: “İcarəyə götürdüyüm “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Evliyım, bu nikahdan bir övladım olub. Lakin övladım rəhmətə gedib. Zərərçəkmiş Fərmanı uşaqlıqdan tanıyıram. Fərman ilə qonşuluqda yaşayıram və onlar uşaqlıqdan birlikdə böyümüşük. Fərman da mənim kimi məcburi köçkündür. Uşaqlıqdan aramızda dostluq münasibətləri olub. Fərman ilə heç vaxt düşmənçiliyim və ədavətim olmayıb. Taksi fəaliyyəti ilə məşğul olmaqla, ailəmi dolandırmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 14-də, hər gün olduğu kimi səhər saatlarında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxıb: “Bütün günü işlədikdən sonra gecə vaxtı, yəni dekabrın 15-də, təxminən saat 01.00-da yaşadığım ünvana qayıtdım. Yaşadığım evə qayıtdıqdan sonra avtomobilində yaranmış nasazlıqla bağlı həmin nasazlığı düzəltməyə başladım. Avtomobilinin qabaq farası yanmayıb və faranı təmir etməyə başladım. Avtomobilinin farasını təmir etmək üçün bıçaq lazım olduğundan yaşadığım evə getdim və evdən bıçaq götürərək avtomobilinin yanına qayıtdım. Bu vaxt sərxoş vəziyyətdə olan Fərman yanıma gəldi. Faranı düzəldə-düzəldə Fərman ilə söhbət etməyə başladım. Həmin vaxt yanımızda heç kəs olmayıb. Fərman ilə danışanda onun sərxoş olduğunu başa düşdüm. Biz təxminən 5 dəqiqə söhbət etdikdən sonra Fərman avtomobilimə oturmağımı bildirdi. Fərmandan hansı səbəbdən avtomobilə oturmalı olduğumu soruşdum. Fərman içkinin təsiri altında olduğundan üstümə qışqırdı və tez avtomobilə oturmağımı dedi. Fərmandan normal tərzdə mənimlə danışmasını xahiş etdim. Lakin Fərman iradıma məhəl qoymaraq məni təhqir etməyə başladı və təkidlə avtomobilə oturmağımı bildirdi. Fərmana fikir verməməyə çalışsam da, bu vaxt Fərman anidən üzümdən yumruqla vurdu”.

Cəsarət qeyd edib ki, bundan sonra o da yumruqla Fərmanın üz nahiyəsinə bir dəfə vurub: “Sonra aramızda əlbəyaxa dava başladı. Həmin vaxt ətrafda heç kim olmadığından bizi heç kim ayırmadı. Bir neçə dəqiqədən sonra biz sakitləşərək bir-birimizdən aralandıq. Sonra Fərman yaşadığı evə doğru getməyə başladı. Fərman təxminən bir neçə metr getdikdən sonra yenidən məni təhqir edə-edə üzərimə doğru qaçmağa başladı. Bu zaman əlimdə olan bıçaqla avtomobil farasını təmir etdim. Fərman isə üzərimə qaçaraq tullandı, yumruqla vurmaq istədi. Zərbədən yayınmaq üçün əyildim və nəticədə Fərmanın yumruğu mənə dəymədi. Bundan sonra hisslərimi cilovlaya bilmədim. Əlimdəki bıçaqla Fərmanın qarın nahiyyəsinə bir dəfə zərbə endirdim. Bu zaman səsimizə tanışlarımız Rauf və Toğrul gəldilər. Həmin vaxt mən və Fərman artıq biri-birimizdən ayrılmışdıq. Bundan sonra Fərman qışqıra-qışqıra məni təhqir etməyə davam etdi. Rauf və Toğrul məndən nə baş verdiyini soruşdu. Bildirdim ki, Fərman məni təhqir etdiyinə və vurduğuna görə onu bıçaqla vurdum. Bundan sonra Fərman yaşadığı evə getdi. Mən də bıçağı yerə ataraq oradan uzaqlaşdım və yaşadığım evə getdim. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadığım evə gələrək məni Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə apardılar. Mən də polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərək orada Fərmanı bıçaqlamağımı etiraf etdim”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını deyib. 

Məhkəmənin hökmü ilə Cəsarət 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top