Fransada Azərbaycan Xalq Cümhuriyyəti üzvlərinin məzarları ziyarət edildi — FOTOLAR

XARİCİ SİYASƏT 28 may 2022, 17:10
Fransada Azərbaycanı Paris Sülh Konfransında təmsil etmiş nümayəndə heyətinin üzvləri - Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Məhəmməd Məhərrəmov və Əkbər ağa Şeyxülislamovun məzarı ziyarət edilib.

“Report”un Fransa bürosu xəbər verir ki, müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycanın Fransadakı Səfirliyi, eləcə də UNESCO yanında Daimi Nümayəndəliyinin diplomatları, diaspor nümayəndələri və Sən-Klu şəhər merinin müavini Jan-Kristof Pyerson iştirak ediblər.

Onların xatirəsi yad edilib, məzarı üzərlərinə əklil qoyulub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və səfirliyin müşaviri Nigar Hüseynova çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həyata keçirdiyi islahatlardan söz açıblar, Azərbaycandan Paris Sülh Konfransındakı nümayəndə heyətinin məqsədlərindən danışıblar. Bildirib ki, Azərbaycan nümayəndə heyətinin əsas məqsədi ölkənin sərhədlərini, eləcə də müstəqilliyini tanıtmaq, onun qərbyönümlü siyasət yürüdəcəyini göstərmək olub. Azərbaycan müsəlman şərqində ilk parlamentli, dünyəvi, demokratik respublika kimi tarixə düşüb. Bu gün ölkənin regionun aparıcı ölkəsinə çevrildiyi vurğulanıb. Müasir müstəqil Azərbaycanın dünyaya dövlətçilik nümunəsi olduğu söylənilib. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sayəsində torpaqlar işğaldan azad edilib, ərazi bütövlüyü bərpa olunub. Mərasimdə ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri səsləndirilərək bu gün ölkənin hər bir vətəndaşının azərbaycanlı olması ilə fəxr etdiyi bildirilib.

Sən-Klu şəhər merinin müavini Jan-Kristof Pyerson isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun vaxtilə onların şəhərində yaşamasından qürur duyduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətində ticarət və sənaye naziri olmuş, parlamentin üzvü Mirzə Əsədullayevin Paris ətrafındakı Bobinyi (Bobigny) müsəlman qəbiristanlığındakı məzarını da ziyarət edərək üzərinə əklil qoyublar.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top