Deputat: “28 May Azərbaycanın müstəqillik tarixinin ən önəmli tarixidir”

GÜNDƏM 28 may 2022, 11:37
“1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz 28 may müstəqilliyindən sonra yarandı. 1920-ci il aprelin 28-də süquta uğramış Azərbaycan dövlətinin müstəqilliyi 71 ildən sonra - 1991-ci ildə SSRİ-nin dağılmasından sonra baş verən ümumi proseslər fonunda yenidən, formal şəkildə bərpa edildi. Lakin həmin illər Azərbaycan xalqı üçün çətin və keşməkeşli illər oldu, müstəqilliyimiz bərpa olunsa da torpaqlarımız itirilir, bir sıra faciələrlə üzləşirdik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat vurğulayıb ki,  28 May dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətlərindəndir:

“Ulu öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirmiş və bunu obyektiv yanaşmalarla əsaslandırmışdı.Bu gün regionda və dünyada gedən prosesləri gördükdə bir daha məlum olur ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə dünya xəritəsindən silinə bilərdi. Ulu öndərin söylədiyi kimi “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir.” Heydər Əliyevin güclü siyasi iradəsi, əzmi sayəsində, eyni zamanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız müstəqilliyini bir dəfəlik möhkəmləndirə bildi”.

Milli Məclisin üzvü əlavə edib ki, hazırda müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, nüfuzunun daim artaması məhz Heydər Əliyevin siyasi kursunun davam etməsinin nəticəsidir:

“İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib rol oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. 1918-ci ildə öz müstəqilliyinə qovuşmuş Azərbaycan dövləti bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində düşmənin işğal altında saxladığı Qarabağı əsarətdən xilas etdi”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top