“Şahbaz Quliyevin açıqlamaları Azərbaycanın adı üçün yaxşı hesab olunmayan bir məsələdir”

GÜNDƏM 20 may 2022, 15:52
"Girovluqdan azad edilən Şahbaz Quliyevin açıqlamaları Azərbaycanın adı üçün yaxşı hesab olunmayan bir məsələdir. Birincisi, belə bir söhbətdən erməni tərəfi istifadə edə bilər və ölkəmizə qarşı əks-təbliğat apara bilər ki, bu necə bir dövlətdir öz adamının əlinə qumbara verir göndərir bu tərəfə. İkincisi, axı bu insanlar ata-baba yurdlarını, qəbirlərini ziyarət etməyə gedirmiş ora və bu illər ərzində də təbliğat məhz bunun üzərində qurulmuşdu. Belə söhbətlər ortaya çıxmalı deyildi".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Ümumiyyətlə bu söhbətlər ictimailəşdirilməməlidir. Yəqin ki, Şahbaz Quliyev bunu deyərkən söylənənlərin ölkəmiz, ictimai ortam üçün hansı mənfi nəticələrə gətirib çıxaracağının fərqinə varmayıb. Məsələnin konkret necə olduğunu deyə bilmərəm, yəni bu həqiqətdir, yoxsa yox, amma bu söhbətin ortaya çıxması narahatverici haldır. Şahbaz Quliyevin özünün bu söhbətlərdən imtina etməsinə nail olmaq lazımdır. Bilinmir ki, o bunu acıqla deyib ya necə... Ümumiyyətlə, bir insanı niyə axı bu həddə gətirirlər? Nəyə görə onun pensiya təminatını normal şəkildə həll etmirlər? Düzdür, mənə müvafiq nazirlik tərəfindən bildirilmişdi ki, onun üçün hər cür şərait yaradılıb. Görünür ki, yaradılmış şərait kifayət deyilmiş. Bu insanla normal danışmaq lazımdır. Nəzərə almaq lazımdır ki, o, uzun müddət erməni əsirliyində olub" - T.Kərimli qeyd edib.

Xatırladaq ki, uzun müddət erməni girovluğunda olmuş Şahbaz Quliyev Xural TV-yə müsahibəsində qalmaqallı açıqlama verib. Ş.Quliyev bildirib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov göndərib. O, Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını və əllərinə silah, qumbara verildiyini iddia edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top