“Gələcəkdə Qərb-Türkiyə münasibətləri ziddiyyətləşsə, qarşıdurmanın açıq müstəviyə keçə bilər” — ŞƏRH

GÜNDƏM 20 may 2022, 13:47
Türkiyənin silah istehsalı Qərb qüvvələrini qorxuya salır. Bunu Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəni yenidən özündən asılı hala salmaq istəyir. Bəs, belə hal mümkün ola bilərmi? 

Türkiyənin NATO-nun ikinci ən böyük ordusu olan ölkə olduğunu vurğulayan siyasi-şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, aktiv döyüş əməliyyatlarına görə bütün ölkələri geridə qoyur. 

“Çünki 50 ilə yaxındır ki, PKK terroru ilə mübarizə aparır, belə demək mümkünsə, başqa ölkələrin Silahlı Qüvvələri müharibə məşqini poliqonda apardığı vaxt, Türkiyə ordusu birbaşa döyüş meydanında bunu məşq edir. Qərb belə bir orduya malik ölkənin NATO-da olmasından o vaxta qədər məmnun olar ki, Türkiyə onların maraqları kontekstində hərəkət etsin, illərlə belə olub. Ərdoğanı hakimiyyətə gəlişindən, xüsusilə 2010-cu ildən sonra Türkiyə milli siyasi xəttini inkişaf etdirməyə başladı.



NATO-dakı öhdəliklərini yerinə yetirsə də, artıq Qərbin “buyruq qulu” olan ölkə missiyasından çıxdı. Bu, təbii ki, Qərbi narahat edir və müstəqil Türkiyənin güclü orduya malik olmasında maraqlı deyillər. Hava Hücumundan Müdafiə sistemlərinin Türkiyədən çıxarılması, o cümlədən, silah satışına qoyula embarqolar da bundan qaynaqlanır. Bu embarqolar, Qərbin ikili yanaşması, dəfələrlə aldatmasından sonra Türkiyə silah sənayesini inkişaf etdirmək istiqamətində mühüm addımlar atdı. “Bayraktar”ların timsalında nəticə ortadadır. İndi artıq Qərbdən tam asılı olmayan Türkiyə var”. 

A.Nərimanlı əlavə edib ki, Türkiyənin PKK terrorunu daxildə bitirməsi, ardınca Şimali İraqda və Suriyada milli təhlükəsizliyinə yaranan təhdidlərə qarşı uğurlu əməliyyatları da Qərbdə narahatlıq yaratmaya bilmir:

“Bu baxımdan, bir çox hallarda açıq şəkildə edilməsə belə, müxtəlif yollarla təzyiqlər edilir, Ankaraya maneələr yaradılır. Qərbin əsas istəyi Türkiyəni yenidən onun sözü ilə hərəkət edən ölkəyə çevirməkdir, amma mövcud siyasi xətt davam etdiyi müddətdə bu mümkün olmayacaq. Bunu anlayan qüvvələr Türkiyədə hakimiyyət dəyişikliyi ssenarini də nəzərdən keçirirlər. 2023-cü il seçkilərində Ərdoğanın rəqiblərinə güclü dəstək veriləcək və seçki yolu ilə istədiklərinə nail olmağa çalışacaqlar. 2023-cü il seçkiləri Türkiyə üçün də, bütün region üçün də əhəmiyyətli dönüş nöqtəsi ola bilər”. 

Sonda müsahibimiz qeyd edib ki, gələcəkdə Qərb-Türkiyə münasibətlərində ziddiyyətlərin dərinləşməsi, qarşıdurmanın açıq müstəviyə keçməsi mümkün ssenarilərdir.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top