Deputat: “Hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur”

GÜNDƏM 03 may 2022, 15:00
“Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki, təhsil hər bir dövlətin gələcəyidir. Azərbaycan dövlətinin təhsilə diqqət və qayğısı ölkədə insan kapitalı kimi çox önəmli milli sərvət yaratmağa hesablanıb. Hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin bütün pillələrinə hər zaman diqqət və qayğı ilə yanaşır:

“Bu qayğını, son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdə görmək mümkündür. Belə ki,  ötən gün Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər. Bu onu göstərir ki, ölkəmizdə təhsilin inkişafı hər zaman xüsusi diqqətdə saxlayır. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il artırılması bu fikri bir daha təsdiq edir. Ümumillikdə Azərbaycanın təhsil sisteminin və məktəblərin infrastrukturun təkmilləşdirilməsi prioritet sahələrdən biridir. Xüsusilə Heydər Əliyev Fondunun bu prosesdə çox böyük rolu və mühüm yeri vardır. Bildiyimiz kimi, Azərbaycanda demək olar ki, əksər rayon və şəhərlərdə ucqar kəndlərdə belə yeni məktəblər tikilir, məktəblər bərpa edilir və yaxud məktəblərin ərazisində yeni korpuslar tikilir. Həmçinin, məktəblərin maddi-texniki bazası gücləndirilir”. 

N.Həmzəyev vurğulayıb ki, Prezident Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır: “Xüsusilə təhsil sahəsində həyata keçirilən layihələr, imzalanan sərəncamlar yüksək təhsilli, mütərəqqi gəncliyin yetişməsinə dövlətin diqqətinin bariz nümunəsidir. Bilirik ki, təhsil millətin gələcəyidir. Bizim gələcəyimiz olan övladlarımızın, uşaqlarımızın daha yaxşı təhsil alması, Avropa, Amerika və dünyanın ən öndə olan dövlətlərin təhsil səviyyəsinə gəlib çatması üçün bütün bunlar çox böyük şərtdir. Bütün bunlarla yanaşı, məktəbdə tədrisin səviyyəsinin artırılması sahəsində Təhsil Nazirliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Şükürlər olsun ki, məktəblərdə müəllimlərin işə qəbul prosesi, müəllimlərin həvəsləndirilməsi, müəllimlərin bu cür yeni, müasir məktəblərdə dərs keçmələri nəticə etibarilə təhsil səviyyəsinə xidmət etməkdədir. Şagirdlərimiz də bu mühitdə daha yaxşı daha faydalı biliklər əldə etmiş olurlar”. 

“Ümumillikdə, biz əminliklə deyə bilərik ki, 3 mindəın çox orta məktəb təmir olunub, yaxud yenisi tikilib. Çox az sayda məktəblərimiz var ki, onların da təmir olunması, bərpa olunması zəruridir. Bununla əlaqədar da planlı şəkildə işlər görülür. Mən açığı deyim ki, seçildiyim Gəncə şəhərində də Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu sayda məktəblər yenidən tikilib və bərpa olunub, yeni tədris korpusları inşa edilib və bu günləri də bir neçə məktəb var ki, onlar da plandadır. Plan əsasında həmin məktəblərin də yenidən təmir edilməsi və tikilməsi nəzərdə tutulur. Ümumillikdə, bu təhsilin səviyyəsinə çox müsbət təsir göstərir. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də təhsilin qayğısının hiss olunması, bütün təhsil işçilərinin  xoş qarşıladığı və təhsil işçiləri üçün motivasiyadır. Bütün təhsil işçiləri adından Cənab Prezidentə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımızdan dərin təşəkkürümüzü bildiririk.  Təhsilimizə, gələcəyimizə, uşaqlarımıza bu cür diqqət həmişə hiss olunub və bundan sonra da hiss olunacağına biz əminik,”-deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top