Qayınanasının pensiya kartını ələ keçirdi, arvadına dəhşət yaşatdı — Şok olay

KRİMİNAL 19 apr 2022, 11:40
Zaqatala rayonunda 1983-cü il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində arvadı Məlahətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 17-də Üçüncü Tala (Mamqabinə) kəndində baş verib. Məmməd sərxoş vəziyyətdə arvadı Məlahətlə mübahisə edib. Mübahisə zamanı yaşadıqları evin həyətyanı sahəsində və fərdi evin daxilində arvadının müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mayın 17-də, saat 08 radələrində qayınanası Bahar ilə sonuncunun koda düşən pensiya kartını açdırmaq üçün Zaqatala şəhərinə gediblər: “Pensiya kartını “Beynalxalq bank”da açdırdıqdan sonra pulu çəkərək kredit borclarımızı və bazarda yerləşən ərzaq mağazasına olan borcumuzu ödədik. Bundan sonra Baharı evə yola saldım. Özüm isə şəhərdə qalaraq bazarda yerləşən kafelərin birində 1 litr pivə içdim. Sonra saat 15 radələrində evimə gəldim və yatdım”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 17 radələrində duranda cibində olan pensiya kartı ilə şəxsiyyət vəsiqəsinin olmadığını görüb: “Evdə axtarmağa başladım. Tapa bilmədiyim üçün arvadım Məlahətdən pensiya kartını cibimdən götürüb-götürmədiyini soruşdum. Məlahət cavab olaraq götürmədiyini dedi. Sonra pensiya kartını dolabın üstünə qoyduğumu yada saldım və oradan götürdüm. Həmin vaxt Bahar məndən pensiya katında olan pulu hara xərclədiyimi soruşdu. Cavab olaraq kredit və ərzaq mağazasına olan borclarımızı ödədiyimi dedm. Həmin vaxt malahət mənə “anama düzgün cavab ver” dedi. Bunun üstündə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Məlahət qışqıraraq evdən çıxdı, həyətyanı torpaq sahəmizdəki bulağa getdi. Məlahətin arxasınca bulağın yanına getdim. Onun üzünə bir dəfə şillə vurdum və qollarından tutaraq “bəsdi” deyərək sirkələdim. Həmin vaxt Məlahətin burnundan qan gəldiyini gördüm, üzünə su vurdum”.

Məmmədin bildirdiyinə görə, bundan sonra Məlahət evə keçib, mətbəx otağında qab-qacağı yerə vuraraq qırmağa başlayıb: “Məlahətin arxasınca mətbəx otağına getdim. Ondan qab-qacağı qırmamasını və sakitləşməsini xahiş etdim. Məlahətin sakitləşmədiyini gördüm və qollarından tutaraq onu sirkələdim. Bundan sonra Məlahət mətbəx otağından hamam otağına keçdi və orada olan hamam aksesuarlarını qırmağa başladı. Yenə Məlahətin arxasınca hamam otağına keçərək ondan hərəkətlərinə son qoymasını, sakitləşməsini xahiş etdim. Məlahətin sakitləşmədiyi gördüm, əsəbiləşərək onun üzünə bir dəfə şillə vurdum. Onun qollardan tutdum və sirkələyərək divara itələdim. Bundan sonra hamamdan çıxdım, öz otağıma keçdim. İçkili olduğum üçün Məlahəti vurmuşam. Əməlimdən peşmanam. Məlahətlə barışmışam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, 2012-ci ildə Zaqatala rayonu Yuxarı Tala kənd sakini Məmməd ilə ailə həyatı qurub: “Ailə həyatı qurandan sonra 9 ay Məmmədin valideynlərinə məxsus evdə yaşadıq. Sonra qaynım Elmar ailə həyatı qurduğu üçün Üçüncü Tala kəndində yerləşən mənim valideynlərimə məxsus evə köçdük. Həmin evdə anam Bahar ilə yaşayırıq. Birgə nikahımızdan iki övladımız var. Məmmədlə birgə yaşadığımız dövrdə onunla kobud danışanda və içki içib evə gələndə aramızda mübahisələrimiz baş verib”.

Məlahət qeyd edib ki, mayın 17-də, saat 09 radələrində anası Bahar koda düşən pensiya kartını açdırmaq üçün Məmmədlə Zaqatala şəhərinə gediblər: “Zaqatala şəhərində yerləşən “Beynalxalq bank”da koda düşən kartı açdırandan sonra Məmməd kredit borcumuzu ödədi. Sonra saat 11 radələrində anamı evə yola saldı və özü şəhərdə qaldı. Sonra saat 13 radələrində Məmməd bazarlıq edərək evə sərxoş vəziyyətdə gəldi və yatdı. Bundan sonra saat 17 radələrində Məmməd telefonuna gələn zəngin səsinə durdu. Məmməd durandan sonra kobud formada “mənə çay tökün” dedi. Məmmədə heç nə demədim. Anam Bahar Məmmədə çay süzdü. Bundan sonra anam Məmmədə “pensiyanı aldınmı?” dedi. Məmməd cavab olaraq “əsəbsiz hamınız, görmədin pensiyanı alanda” dedi və cibindən pensiya kartını kimin götürdüyünü soruşdu. Cavab olaraq Məmmədə “götürməmişəm, istəsəm götürərəm, anamım kartı deyil” dedim. Evdəki zibil paketini götürərək həyətyanı torpaq sahəsinə çıxdım. Həyətdəki bulağın yanında olarkən Məmməd arxamca gəldi. Bildirdi ki, mənimlə belə danışma. Sonra üzümə şillə vurdu. Həmin zərbədən burnumdan qan gəldi”. 

Zərərçəkmiş şəxs deyib ki, bundan sonra, evə qaçaraq mətbəxə keçib: “Məmmədin arxamca gəldiyini gördüm,  əlimə keçən çay stəkanlarını yerə vuraraq qırdım. Məmməd məni tutaraq sakitləşməyimi xahiş etdi. Məmmədən mənə toxunmamasını və getməsini istədim. Bu zaman Məmməd səsimi kəsmək üçün boğazımdan tutdu, daha sonra üzümə şillə vurdu. Sonra Məmməd məni hamam otağına saldı və “əl üzünü yu” dedi. Hamam otağında aramızda olan mübahisə zamanı Məmməd qollarımdan tutaraq silkələdi və itəliyərək divara vurdu. Həmin vaxt başımın arxası ilə divara dəydi”. 
Zərərçəkmiş şəxs ifadəsinin sonunda əri ilə barışdığımı, ona dəymiş ziyan tam şəkildə ödənildiyini, şikayəti olmadığını deyib. 
Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb. 

Məmmədin zərərçəkmişlə barışmasını nəzərə alınıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top