Bağçalarda qida ilə bağlı vəziyyət necədir? — AÇIQLAMA

SOSİAL 11 aprel 2022, 16:01
2-3 yaşına çatmış uşaqlarımız üçün hər gün yeni əyləncə, yeni dostlar tapmaq maraqlı olur. Valideyn kifayət qədər vaxt ayırsa da, uşaqlar həmişə öz yaşıdları ilə daha çox oynamaq istəyirlər. Həm bu səbəbdən, həm də məktəbəqədər təlim-tərbiyə alması üçün uşaqlarımızı məktəbəqədər təhsil müəssisələrinə- bağçalara göndəririk. Lakin valideynləri ən çox narahat edən bağçalardakı qidaların keyfiyyəti ilə bağlıdır. Bəs, hazırda Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçalarında qida ilə vəziyyət necədir?

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bağçalar yerli icra hakimiyyətinin tabeliyində olarkən, uşaq qidaları ilə bağlı bir çox neqativ hallar var idi.

Ekspert hesab edir ki, Təhsil Nazirliyinin tabeliyinə veriləndən sonra dövlət bağçalarında uşaq qidaları ilə bağlı keyfiyyət ən azı əvvəlki dövrlərlə müqayisədə daha yaxşı olacaq:



“Ən başlıcası isə hər bir uşaq üçün nəzərdə tutulan ərzaqlar çatacaq. Bilirsiniz ki, indiyədək bağçalar yerli icra hakimiyyətinin tabeliyində idi. Təəssüflər olsun ki, biz bəzən ya ərzaqların keyfiyyətsiz olduğunun, ya da ərzaq çatışmamazlığının yaşandığının şahidi olurduq. Çünki bəzi bağça müdirləri və ya digər şəxslər uşaqların ərzaqlarla təmin olunmasına imkan vermirdi. Özü müvafiq olaraq həmin ərzaqlara əl qoyurdu və ya satırdı. Yaxud da, uşaqlar üçün normativ tələblərə riayət olunmurdu, yəni daha az ərzaqlarla təmin olunmasına imkan yaradırdı. Təbii ki, bəzi vaxtlar olurdu ki, vaxtı keçmiş ərzaqlar da uşaqlara yedizdirilirdi.Belə halların da şahidi olurduq. Amma düşünürəm ki, sırf Təhsil Nazirliyinin tabeliyinə keçəndən sonra bu sahəyə daha şəffaf, obyektiv nəzarət olunacaq. Nəticə etibarilə, uşaqlar artıq keyfiyyətli ərzaqlarla təmin olunacaq və normativ qidaların qəbulu mümkün olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top