Brüssel görüşündən gözləntilər

SİYASİ 04 apr 2022, 15:52
6 aprel tarixində Brüsseldə Əliyevlə Paşinyanın görüşü gözlənilir. Hər kəsi maraqlandıran suallardan biri də görüşün hansı səbəblərdən dolayı mütəmadi keçirilməsi və nə kimi əhəmiyyətinin olmasıdır.

2020-ci ildə baş verən İkinci Qarabağ Savaşı dalana dirənmiş, beynəlxalq təşkilatların və güclərin həllində acizlik nümayiş etdirdiyi dövlətlərarası münaqişənin haqlı tərəfin gücü və iradəsi ilə həll olunması baxımından qlobal dünyada çox az rastlanan müharibələrdən idi. Sadə bir müharibə olaraq qalmayan bu savaşı bütövlükdə qlobal siyasətdə titrəmə yaradan regional hərbi-siyasi hadisə adlandırmaq olar. Azərbaycan diplomatiyasının və ordusunun müəlliflik etdiyi yeni regional düzən dünyanın bütün qütbləri tərəfindən maraqla izlənərək, qarşısıalınmaz prosesdə imzalaranın olması təşəbbüslərini gözlənilən etdi. Cənubi Qafqazın enerji layihələrinin və daşımaların regional mərkəzi olması, coğrafi və infrastruktur nöqteyi-nəzərdən geostrateji bölgə olması region üçün yeni yanaşma və yeni gündəliyə ehtiyac yaradır. Yəni, Azərbaycanın memarı olduğu yeni geosiyasi arxitektura digər güclər kimi, Avropa İttifaqının da nəinki bölgədə, hətta dünyada apardığı siyasətə təsirsiz ötüşmür. Bu baxımdan müvafiq tərəfin moderatorluğu ilə üçtərəfli görüşlərin mütəmadi keçirilməsi bu qurumun da yaranan yeni reallıqlarda pay sahibi olmaq istəyindən irəli gəlir.

Görüşdən gözləyəcəyimiz nəticələrə gəldikdə, tarixi, siyasi təcrübə göstərir ki, Avropa İttifaqı da daxil olmaqla, beynəlxalq təşkilatların belə mürəkkəb problemlərin həll edilməsinə təzyiq və təsir mexanizmləri kasaddır, ortaya qoyduqları mövqe sadəcə “qınama” və ya “yol göstərmə” səviyyəsindədir. Məxsusi olaraq, söhbət keçmiş Qarabağ məsələsindən və hazırda post-münaqişə dövrünün problemlərindən gedirsə, Aİ-nin siyasi iradəsi də yetərli səviyyədə deyil. Belə olmasaydı, 30 il vasitəçilik missiyasını öz üzərinə götürmüş təşkilatın münaqişənin masa arxasında həlli üçün kiçik töhvəsi olmuş olardı.

Görüşdə Bakının məqsədi regionda sülh yaradılması ilə bağlı irəli sürülən, Azərbaycanın suverenliyinə təhdid təşkil etməyən təşəbbüsləri dəstəkləmək, iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasına nail olmaqdan ibarətdir. Eləcə də region dövlətləri arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, canlandırmaq və bununla da bölgədə sülhü və təhlükəsizliyi möhkəmləndirmək bu və digər görüşlərdə Azərbaycanın məqsədidir.

Ermənistanın maraq və məqsədləri isə tam fərqlidir. Ermənistan yaxşı bilir ki, müharibə hansı dövlətin səyləri nəticəsində dayandırılıb və onu da bilir ki, imzaladığı üçtərəfli bəyanatlarda hansı öhdəlikləri öz üzərinə götürüb. Amma həmişə olduğu kimi, bu dəfə də öz öhdəliklərini yerinə yetirməkdən yayınmaq üçün vaxtaşırı üzünü Qərbə tutur, manevrlər etməyə cəhd göstərir. Sərhədyanı bölgələrdə və Azərbaycan ərazisində təxribatlar törətməklə, münaqişənin başa çatmadığı haqqında təsəvvür yaratmağa və bu bəhanə ilə bölgəmizdən uzaqda yerləşən digər güc mərkəzlərinin diqqətini yenidən bu bölgəyə cəlb etməyə çalışır. Ermənistan hakimiyyəti düşünür ki, Qərbdə kök salmış erməni diasporunun dəstəyi ilə beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail ola bilər və bu yolla hansısa öhdəliklərini yerinə yetirməkdən yayına bilər. Amma bu mümkün deyil, Ermənistanın xilas yolu Azərbaycanın bütün tələblərini yerinə yetirməkdən keçir. Bundan əlavə, Rusiyaya qarşı kəskin sanksiyaların uzunmüddətli olması artıq şübhə doğurmur, iqtisadiyyatının 70%-nin Rusiyadan asılı olması Ermənistan üçün əlavə çağırışlar, problemlər yaradır. Ona görə də, Ermənistanın Qərbə doğru inteqrasiya istəkləri də aydın görünür, amma bu yol Azərbaycan və Türkiyədən keçir ki, bu dövlətlərin həmin çağırışlara müsbət reaksiyası danışıqlar prosesinin gedişində İrəvanın özünü necə aparmasına bağlıdır.

una görə də, Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşündən ciddi şəkildə nəyinsə dəyişəcəyini gözləməsək də, sülh danışıqlarının daimi olması, danışıqlarda Azərbaycanın göstərdiyi prinsipiallıq Ermənistan üçün dərs ola bilər. Əksini düşünsək, gözlənilən anti-terror əməliyyatlarından öncə beynəlxalq ictimaiyyətə ayrı yolun qalmadığını nümayiş etdirmək üçün də görüşlər önəmlidir.

Züriyə Qarayeva,
AzNews.az portalının siyasi şərhçisi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top