Azad Kəlbəcərin artıq qeyd olunmayan işğal günü

QARABAĞ 02 apr 2022, 13:55
Bu gün - 2 aprel tarixi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür.

Demokrat.az xəbər verir ki, 28 ildən sonra Kəlbəcərin işğal gününü məğlub dövlət kimi qeyd etmirik.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.

Xatırladaq ki, ümumi sahəsi 3 054 kvadrat kilometr olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, bir şəhəri və bir şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 kilometr qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Nəhayət Azərbaycanın müzəffər ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu.

Bu gün Kəlbəcərin işğal gününü qeyd etməsək də, bu tarixi yaddan çıxarmamalıyıq.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top