Nikol Paşinyanın Bakıya “sülh çağırışları” nə vəd edir?

GÜNDƏM 02 apr 2022, 00:23

Nikol Paşinyanın Bakıya “sülh çağırışları”nın özü kim heç bir dəyəri olmayacaq

Martın 28-də Paşinyan yenə Azərbaycanı təcili sülh danışıqlarına səsləyib. Onun başçılığı ilə Ermənistanın Təhlükəsizlik Şurasının qapalı iclasından sonra verilən bəyanatda deyilir ki, “Ermənistan əvvəllər səsləndirilmiş mövqeyini bir daha təsdiqləyir və Azərbaycanı hərtərəfli sülh sazişi ətrafında təcili danışıqlara başlamağa dəvət edir”.

Əvvəla, Ermənistan kimi riyakar, siyasi yönümünü yalnız çıxarları üzərində formalaşdıran bir dövlətin növbəti təşəbbüsündə də öncəkilər kimi ciddiyyət axtarmaq absurd olardı. İkincisi, İrəvan hələ də bizim beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzü tanımaqdan imtina edir, hər cür bəhanələr gətirərək Qarabağın Azərbaycana aid olmadığını deyir, artıq əhəmiyyətsiz olan Minsk Qrupunu təzədən dövriyyəyə soxmağa cəhdlər edir, “3 həll prinsipi”ndən dəm vurur. Belə olduqda bu dövlətin çağırışları da sülh oyunbazlığından başqa bir şey kimi dəyərləndirilə bilməz.

Əlbəttə ki, ortada Azərbaycanın yaratdığı reallıqlar var, əlbəttə ki, qarşı tərəf düşdüyü və bundan sonra düşə biləcəyi vəziyyəti çox yaxşı anlayır. Dəqiq bilir ki, beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq hərbi gücümüzlə bərqərar etdiyimiz suverenliyimizə bundan sonrakı təhdidlər ən yaxın vaxtda müharibənin 45-ci gününü gətirə bilər və elə 1 günlə də dəmir yumruğun başlarına dəyməsi kifayət edər ki, oyunbazlıqlarını kənara qoyub imza atdıqları sənədin maddələrini icra etsinlər. Bunları başa düşdükləri gün kimi aydındır, sadəcə görünür ki, özlərini “adam” kimi aparmağa onlara mane olan və ya vadar edən səbəblər var. Səbələrdən ən başlıcası Paşinyanın şəxsiyyət ikiləşməsi, dövlət və cəmiyyət olaraq maraqlarına uyğun gələn hər şeyin onlar üçün mübah olmasıdır.

Kiçik nümunə: Ermənistan öz döyüş təyyarələrini və pilotlarını rus ordusunun tərəfində döyüşmək üçün Ukraynaya göndərib. Bundan öncə Moskvadan lazımi dəstəyi ala bilməyəndə, əks cəbhədən imdad diləy(n)irdi. Məntiqlə düşünmək olar ki, bugün öz niyyətinə uyğun addımı Mosvadan görə bilib. Bu motiv heç kəs üçün təəccüblü deyil. Keçək digər məqama. Rusiyaya Ukraynanı işğal etdiyi üçün görünməmiş iqtisadi sanksiyalar tətbiq edən, Çinə Rusiya ordusuna silah tədarük edərsə, “bədəlini ödəyərsən” xəbərdarlığı edən Qərbin Ermənistana qarşı hansı addımlar atacağı maraq doğurur. Əgər Ukraynada xüsusi əməliyyatlar keçirən Rusiya Federasiyasına, eyni zamanda ona bu və ya digər səviyyədə dəstək verən Belarusa qarşı sanksiyalar tətbiq edilirsə, faktiki olaraq eyni hərəkətləri edən Ermənistana qarşı da adekvat addımlar atılalacaq, yoxsa öncəki köləlik siyasəti yada düşərək “budəfəlik keçirik” deyiləcək?

Qayıdaq bir neçə gün öncə Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanı təhdid etməsinə. “News1" kanalında çıxışı zamanı o, ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atmağı zəruri hesab edib. Səbəb də Fərrux kəndi ilə bağlı olaylarda prinsipiallıq göstərməyimizdir. Ermənistanın kimə güvənib riyakarlığa davam etməsi bir də burda gün üzünə çıxır. Fərrux kəndi Rusiya “sülhməramlılarının” müvəqqəti yerləşdiyi ərazidədir. Müvəqqəti yerləşdiyi!! Mülkiyyətinə verildiyi deyil!!! Rusiyanın özünün də tərəf olduğu bəyannamələrdə müvafiq ərazilərin Rusiyanın tərkibinə verilməsi yoxsa müvəqqəti yerləşdirilməsi müddəası yer alıb?! Rus deputatı daha da irəli gedərək Azərbaycan neft sənayesinə zərbə endirilmə ehtimalını dilə gətirib. Deputat həm də Azərbaycana, onun neft-qaz infrastrukturuna hücumun həm də Türkiyəyə (Şuşa Bəyannaməsi) və Qərbin transmilli şirkətlərinə və energetik maraqlarına hücum olduğunu unudur.

Azərbaycan Rusiya ilə normal müttəfiqlik münasibəti olan ölkədir və hər hansı bir şəkildə də Rusiya ilə bağlanan sazişlərə, müqavilələrə qarşı davranış sərgiləmir. Azərbaycan Rusiya ilə normal, dost münasibətləri saxlamağa maraqlıdır. Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Bu kimi məsələlərdə məqsədyönlü şəkildə Azərbaycanı hədəfə almağın əsası olmadığına görə, demək ki, məqsəd vassal Ermənistanın köləlik qarşılığında “haqq”larını müdafiə etməkdir.

Belə məqamda paradoks vəziyyət ortaya çıxır. Rusiya Ukrayna məsələsini “qırmızı xətt” elan edərək müharibə başlatdığı bir vaxtda Azərbaycanın eyni çizgisini pozmağa davam edir. Rusiya da, Ermənistan da, elə müvafiq məsələdə maraqlarının üst-üstə düşdüyü Qərb də unutmamalıdır ki, Azərbaycan üçün “qırmızı xətt” isə Qarabağda sonuncu erməni silahlı quldurun və faşistin də çıxarılması və ya tərk-silah edilməsidir. Bu hədəfə çatılmayınca, dövlətimiz və ordumuz haqq savaşına istənilən müstəvidə davam edəcək. Bütün bu absurdlara xitam verilməyənədək kapitulyant ölkənin rəhbəri Nikol Paşinyanın Bakıya “sülh çağırışları”nın özü kim heç bir dəyəri olmayacaq.

Züriyə Qarayeva
Aznews.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top