AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı – Sergey Yesenin adına Azərbaycan–Rusiya Ədəbi Əlaqələr Mərkəzində Rusiya Yazıçılar Birliyinin sədr müavini, “Veçe” (“Вече”) nəşriyyatının baş redaktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi, yazıçı, nasir, publisist, şair Sergey Nikolayeviç Dmitriyevlə görüş keçirilmişdir. Tədbirdə rus icmasının nümayəndə heyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə açan S.Yesenin adına Azərbaycan–Rusiya Ədəbi Əlaqələr Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva qonaqları salamlayaraq, Azərbaycan və Rusiya dövlətləri arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etməsini, Yesenin xatirə ev-muzeyinin iki ölkə üçün dostluq rəmzinə çevrilməsini xüsusi vurğuladı və ölməz rus şairi Yeseninin şəxsiyyəti və yaradıcılığı ilə bağlı diqqətəlayiq məqamlara toxundu. Daha sonra Sergey Dmitriyev “Yeseninin müəmmalı ölümü” adlı tutarlı dəlillərlə zəngin olan müfəssəl məruzə ilə çıxış etdi. O, çıxışında Sergey Yeseninin intihar etməsi faktının yanlış olduğunu və illər uzunu apardığı axtarışlar zamanı üzə çıxardığı bir çox dəlilllərə söykənərək, şairin həyatına qəsd edilməsini sübuta yetirməyə çalışdı.
Daha sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Yesenin poeziyasının pərəstişkarları bir araya gələrək şairin yaradıcılığı haqqında ətraflı fikir mübadiləsi apardılar. Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra Sergey Dmitriyev müəllifi olduğu kitabları Mərkəzə bağışladı və rəy kitabına xatirə sozlərini yazdı.


