Bakıda 1977-ci il təvəllüdlü Elgiz iş qurmaq adı ilə Rəşad adlı iş adıma dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elgiz tanışı Rəşada özünü mal-qara ilə bağlı biznes quran kimi qələmə verib, Rusiya Federasiyasından və Gürcüstandan çoxlu sayda iri buynuzlu mal-qaranı gətirərək Azərbaycan Respublikası ərazisində satmaqla mənfəət əldə etmək adı ilə yalan vədlər verib.
Elgiz Rəşadı inandıraraq etibarını qazanıb. O, aralarında yaranan inam və etibardan sui-istifadə etməklə birgə iş fəaliyyətini qurmaq adı ilə etibardan sui-istifadə etmə və aldatma yolu Rəşada 2014-cü il iyulun 23-də Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində 101.000 manat nağd pulunu alıb ələ keçirib.
İstintaq orqanı tərəfindən Elgizin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elgiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-cı il iyunun 14-dən Rusiya Federasiyasının Smolensk şəhərində yaşayıb: “2019-cu ilin sonlarında Bərdə rayonundan tanıdığıç Rəşad məndən şikayət etdiyindən polisin məni axtarmasını öyrəndim. 2021-ci il fevralın 16-da polis əməkdaşları Smolensk şəhərində məni saxladı, Azərbaycan Respublikasına ekstradisiya etdilər”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2008-ci ildən 2016-cı il iyun ayının əvvəllərinədək Bakı şəhəri Səbail rayonunun Bayıl qəsəbəsindəki “Hamam” adlanan yerin yanında icarə əsasında iaşə obyekti işlədib: “Bərdə rayonundan gətirdiyim mal-qaranı kəsməklə satmışam, pul qazanmışam. Rəşadın dedikləri yalandır. Sonuncu ilə 2015-ci ilin axırlarında Tərtər rayonunda təklikdə görüşərək həmin şəxsdən cəmi 8.000 manat pul almışam, 3.000 manatı geri versəm də, yerdə qalan 5.000 manatı qaytara bilməmişəm. Aramızda heç zaman mal-qara satılması ilə əlaqədar şəriklik olmayıb”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Rəşadın sözlərinə görə, 2012-ci ildən Bərdə rayonunun İmamqulubəyli kəndindən tanıdığı Elgiz göstərilən ərəfədə qəssablıqla məşğul olmaqla sonuncunun Bakı şəhərində çoxlu sayda ət dükanları olub: “Özümə məxsus çoxlu sayda mal-qaranı Elgizə satdım, 30.000-40.000 manat xeyir götürdüm. Elgizə 2014-cü il iyulun 3-də bir tanışımın iştirakı ilə 101.000 manat məbləğində nağd pul vermişəm. Bundan sonra Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki “Badu Kubə” restoranının yanında 10.000 auro nağd pulu adını xatırlamadığım işçisi ilə göndərdim. Elgiz mənə Rusiya Federasiyasından və Gürcüstandan iri buynuzlu mal-qara gətirərək satmaqla mənfəət əldə etmək vədini müxtəlif bəhanələrlə yerinə yetirmədi”. Zərərçəkmiş bildirib ki, hazırda ona dəyən ziyan Elgiz tərəfindən tam şəkildə ödənildiyindən sonuncu ilə barışıb. Onun Elgizə qarşı heç bir şikayəti olmadığını deyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədirliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Elgizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 2 ay 17 gün şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


