“Brüssel görüşü Azərbaycanın diplomatik sahədə növbəti qələbələrindən biridir”.
Bunu Demokrat.az- a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib.
Analitik qeyd edib ki, 44 günlük Vətən müharibəsində qalib tərəf kimi Azərbaycanın diqtə etdiyi şərtlər var idi ki, bu şərtlər də artıq Rusiyanın vasitəçiliyi ilə qəbul edilib:
“Paşinyanın son dövrlər etdiyi təxribatlar Avropa və Qərb siyasətçilərin mövqeyini dəyişdirməklə bağlı idi. Ancaq Brüssel bəyanatı Paşinyanın bütün ümidlərini darmadağın etdi. Çünki Avropa Şurası İttifaqı Rusiyada imzalanmış Soçi bəyanatının müddəalarını yerinə yetirilməsinin vacibliyini vurğuladı. Qeyd edim ki, əslində Brüssel bəyanatı dünya siyasi tarixi üçün önəmli hadisələrdən biri idi. Ona görə ki , Avropa İttifaqı Cənubi Qafqazla bağlı siyasətdə Rusiya ilə ortaq mövqedə olduğunu nümayiş etdirdi. Minalanmış ərazilərin təmizlənməsi ilə bağlı Avropa Şurası İttifaqının Azərbaycana texniki cəhətdən dəstək olacağını vurğuladı. Birinci Qarabağ müharibəsində taleyi naməlum olan əsir və itkin düşmüş vətəndaşlarımızla bağlı Brüssel bəyanatında yer alan müddəalar isə bütövlükdə, Azərbaycanın maraqlarına xidmət edir”.
T.İsmayılov vurğulayıb ki, Brüssel bəyanatı Ermənistanın növbəti dəfə manevr etmək və müxtəlif provakasiyalar törətmək imkanlarını daraltdı:
“Bu, Azərbaycanın Vətən müharibəsinin qalibi kimi hüquqi və diplomatik sahədəki qələbələrinin sırasına daha bir qələbə kimi də yazıla bilər. Brüssel görüşü Cənubi Qafqaz siyasətinin müəyyənləşdirən Soçi görüşünün davamı və gücləndirilmiş forması kimi də şərh edilə bilər”.
Aynurə Pənahqızı Demokrat.az


