Gündəm

Azərbaycanın postmüharibə dövrünə aid mövqeyi Avropa İtifaqında ciddi dəstək qazandı

Azərbaycanın postmüharibə dövrünə aid mövqeyi Avropa İtifaqında ciddi dəstək qazandı

Qərb və Rusiya üçün Minsk Qrupu, Qarabağ münaqişəsi mövzuları bitib.

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü postmüharibə dövründə diqqətlərin yönəldiyi əsas görüş idi. O baxımdan ki, bu görüşün təşəbbüskarının Ermənistan olduğu sirr deyildi. Bu ilin 9 noyabrında Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşdən imtina edən (bu görüş sonradan Ermənistanın cəhdlərinə rəgmən 26 noyabrda Soçidə gerçəkləşdi) Paşinyan belə bir təmasın Brüsseldə baş tutması üçün Aİ-yə müraciət etmişdi. Qərbin adamı kimi tanınan Paşinyanın Avropa İttifaqı ilə sövdələşməyə gedərək 15 dekabr Brüssel görüşünü təşkil etməsi belə bir rəy yaratmışdı ki, Ermənistan bu qurumun dəstəyinə ümüd bəsləyir. Ermənistan üçtərəfli bəyanatların bir sıra önəmli bəndlərinin icrasından yayınmaq, prosesi yenidən ATƏT-in Minsk Qrupu çərçivəsinə daşımaq xəttinə Aİ-dən dəstək almaq niyyətində idi.

Fəqət, Brüsseldəki üçtərəfli görüşün yekunu olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin verdiyi bəyanat Ermənistanın deyil, ölkəmizin postmüharibə dövründə sərgilədiyi mövqenin təsbit olunduğunu vurğulamağa tam əsas verir.

Birincisi, Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu, Azərbaycan Prezidentinin müharibədın sonra verdiyi açıqlamalarla eynilik təşkil edir. Rəsmi Bakı münaqişənin artıq keçmişdə qaldığını, gələcəyə baxmağın gərəkliliyini önə çəkərək, məğlub Ermənistanla əməksdaşlığa hazır olduğunu dəfələrlə vurğulayıb. Bu, o mövqedir ki, başqa variantlara yer buraxmırdı və hazırda bütün dünya güclərinin bəyanatları ölkəmizin ilk gündən tutduğu xəttin nə dərəcədə düzgün olduğunu isbat edir.

İkincisi, bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Aİ-nin bu mövqeyi Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik” bəyanatına birmənalı dəstəkdir. Sülh müqaviləsi ilə bağlı Azərbaycanın təklifinin Aİ tərəfindən dəstək qazanması prosesin irəli aparılmasına əlavə imkanlar yaradacaq.

Bunu davamı olaraq vurğulamaq vacibdir ki, bəyanatda Aİ tərəfindən sərhədlərin demarkasiya və delimitasiyası məsələsinə məşvərətçi statusunda dəstək ifadə olunub. 44 günlük müharibənin qalibi olan Azərbaycanın tələbləri ilk gündən məhz bu şərçivədə idi: müharibə arxada qalıb, Dağlıq Qarabağ mövzusu bitib, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, gələcəkdə yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılmalıdır.

Üçüncüsü, Aİ Şurası Prezidentinin bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə də çağırış xüsusi yer alıb. Bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan bu sənədlərin bir sıra bəndlərinin icrasının gecikməsini qabardan, indiki durumdan narazı tərəfdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev üçtərəfli görüşdən öncə NATO-nun Baş katibi Yens Stoltenberqin Alyansın mənzil-qərargahında birgə mətbuat konfransında Ermənistanın əsas öhdəliyini xatırlatdı: “Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik”.

Görüşdən sonra Aİ Şurası Prezidentinin bəyanatında öhdəliklərin vurğulanması Azərbaycanın mövqeyinin üstünlük qazanması deməkdir. Şarl Mişel açıqlamasında regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Üstəlik, Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirib.

Sənəddə dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Nəzərə almaq lazımdır ki, burada söhbət Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişindən gedir. Həmçinin, bəyanatda dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlı prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Hansı ki, Azərbaycanın mövqeyi də məhz bu istiqamətdədir.

Dördüncüsü, bəyanatda itkin düşmüş şəxslər mövzusuna toxunulub və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, bir ilkdir. O baxımdan ki, birinci dəfədir Aİ-nin gündəliyində itkin düşmüş şəxslər məsələsi yer alır. Söhbət birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyindən gedir. Ermənistan hələ də bu dövlətin silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, ümumilikdə 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır.

Qeyd olunanlarla yanaşı, bəyanatda humanitar minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkən insanlara, xüsusilə rebilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub. Aİ tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə, eyni zamanda, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə dəstək siyasi, iqtisadi kontekstdən olduqca mühüm xüsusdur.

Sənəddə, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi yer alıb və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərən məqamlardır. Ən vacib məsələlərdən biri bəyanatda ATƏT-in Minsk Qrupunun adının ümumiyyətlə, çəkilməməsidir. Soçi görüşü öncəsi Ermənistanın davranışları problemi ATƏT-in Minsk Qrupu çərçivəsinə daşımaq, prosesi uzatmaq niyyətini açıq şəkildə büruzə vermişdi. Amma həmin görüşün sonunda Ermənistanın bu mövqeyi dəstək qazanmamışdı. Görünən odur ki, Brüssel görüşündə Ermənistanın Minsk Qrupunu diriltmək səyləri, münaqişənin yenidən bu çərçivəsiyə daşınması niyyəti iflasa uğrayıb. Rusiyanın ardınca, Avropa İttifaqı da prosesin 30 ilə yaxın fəaliyyəti səmərəsizliklə tamamlanan Minsk Qrupunun dirijorluğu ilə yürüdülməsini istəmir və gələcəyə baxmağa, birbaşa təmasların daha da artması, problemlərin bir an öncə həll edilməsi xətti tutulur.

Brüssel görüşünün nəticələrin ümumiləşdirsək, Azərbaycanın mövqeyi verilən bəyanatda öz əksini tapıb. Prosesdə iştirak edən Rusiya ilə Aİ-nin yanaşmasında ciddi fərq yoxdur. Hər iki tərəfin tutduğu mövqe Azərbaycanın postmüharibə dövründə irəli sürdüyü tələblərlə eynilik təşkil edir. Sərhədlərin və ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerşəkləşməsi, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması Azərbaycanın mövqeyidir və bu mövqe beynəlxalq dəstək qazanmaqdadır.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az