“Media haqqında” Qanun çox vacib bir qanun kimi qiymətləndirilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat bildirib ki, bugün yazılı medianın vəziyyəti baxımından bu qanuna çox böyük ehtiyacımız var idi:
“Düşünürəm ki, bu qanunun qəbul edilməsi, sanki virtual məkanda sıxışdırılan və ikinci plana keçmiş olan yazılı mətbuatın canlı qalmasında, öz fəaliyyətinin davam etdirməsində əhəmiyyətli rol oynayacaq. Bu gün mətbuata əlbəttə ki, dövlətin böyük bir dəstəyi var. Çap mətbuatının tarixdə qalmaması baxımından da, bizim qəzetlərə, mətbuu orqanlarına dəstəyimiz çox əhəmiyyətlidir. Eyni zamanda bu gün qəzetlərin tirajında, onların buraxılmasında da, əlbəttə ki, müəyyən məhdudiyyətlər var. Düzdür, illər ərzində olduğu kimi, bu gün çox sayda qəzet çıxmır. Ancaq, bu qəzetlər də öz oxucusunu sanki itirir. Medianın inkişafı baxımından, məhz bu qanuna böyük ehtiyacımız var idi. Xüsusilə də, region mediasının inkişaf etdirilməsi çox istərdim”.
Deputat vurğulayıb ki, bu gün region mediasının da vəziyyəti bir o qədər ürəkaçan deyil: “Mən bir neçə dəfə bu məsələni Milli Məclisdə çıxışımda da qaldırmışam. Yəni, həm büdcə layihəsinin müzakirəsi vaxtı, həm də yaz- payız sessiyasının ilk iclasında da. Qeyd edim ki, bugünki mətbuatlar Həsən bəy Zərdabinin ideyalarından alan “Əkinçi” qəzetinin davamçılarıdır. Lakin, çox təəssüflər olsun ki, mətbuatımızın bünövrəsini təşkil edən qəzetlər, demək olar ki, yox olmaq təhlükəsi qarşısındadırlar, tamamilə fəaliyyəti bağlamaq təhlükəsindədirlər. Təbii ki, bunun da müəyyən səbəbləri var. Qeyd edim ki, region mediası ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliliklərin edilməsi, günümüzün tələbi olan bir amil kimi ortaya çıxmışdır. Ümid edirik ki, “Media haqqında” qanunun qəbulu elə birinci növbədə region mətbuatımızın yenidən dirçəldilməsində böyük bir rol oynayacaq. Eyni zamanda həm mətbuatın, həm də mətbuat işçilərinin daha da səmərəli olması baxımından böyük əhəmiyyəti olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


