Gündəm

Hande Harmancı: “Omikron” ştammı Azərbaycana da gələcək”

Hande Harmancı: “Omikron” ştammı Azərbaycana da gələcək”

Azərbaycanda ən sonuncu koronavirusun “Delta” ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar ən çox bu ştammdan əziyyət çəkib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, “Omikron” ştammı hələ ki, Azərbaycanda aşkarlanmayıb, amma bu, həmin ştammın aşkarlanmayacağı mənasına da gəlmir: “Delta” ştammı bütün dünyada yayılmağa başlayanda məndən də bu barədə soruşuldu, onda təbii ki, Azərbaycanda da aşkarlanacağını deyirdim. Eynilə “Omikron” ştammı da gələcək. Çünki bunların hamısı dünyada yayılır və xəstəliyin olduğu hər yerdə də bu ştammları görəcəyik. Amma narahat olmağa ehtiyac yoxdur. Hazırda bildiyimiz bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır. Bildiyimiz kimi, əl gigiyenası, maska, sosial məsafə ilə də bundan qorunmaq olar. Vacib olan budur ki, buna ciddi şəkildə davam etmək lazımdır”.

“Azərbaycan hökuməti COVID-19-a qarşı mübarizəni çox sürətli şəkildə aparıb. 2020-ci ilin fevralında ilk dəfə koronavirus aşkarlandıqdan bir il sonra yanvardan ölkə üzrə vaksinləşmə başlayıb. İnfrastruktur, elektron baza qurulub, yeni xəstəxanalar yaradılıb, laboratoriya sayı artırılıb”.

Onun sözlərinə görə, bunların hamısını qısa vaxt ərzində etmək mümkün deyildi, amma bütün bu işlər pandemiya vaxtı quruldu: “Bundan əlavə, Azərbaycanda əhali bir çox Qərbi Avropa ölkəsindən tez və daha çox vaksin olunub. Eyni zamanda, ictimai məsuliyyət dediyimiz maska, əl gigiyenası, sosial məsafənin qorunması ilə bağlı qaydalara yaxşı şəkildə əməl edilib. Son 10-15 gündə ölkədə yoluxma sayı da təxminən eynidir. Amma bunun davam etməsi də çox vacibdir. Çünki hələ pandemiya bitməyib. Əslində normal həyata təxminən geri dönmüşük. Bircə sosial məsafəni qorumağımız və qapalı yerlərdə maska taxmağımız, əl gigiyenası və havalandırma vacibdir, bunlara davam etsək, normal həyata dönə bilərik”.

Demokrat.az

D
demokrat.az