Gündəm

“Köhnə status məsələsini gündəmə gətirmək bizim üçün qəbuledilməzdir”

“Köhnə status məsələsini gündəmə gətirmək bizim üçün qəbuledilməzdir”

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri Qarabağ nizamlanması ilə bağlı bəyanat qəbul ediblər.

Bəyanatla bağlı fikirlərini Demokrat.az-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Minsk qrupunun qəbul etdiyi yeni bəyanatın formal olduğunu deyib.

O bildirib ki, Azərbaycan üçün Minsk qrupunun fəaliyyəti hələ də məqbul deyil:

“Açığı, yeni bəyanatı daha çox formal qiymətləndirirəm. Çox güman ki, biz bunu artıq aydın şəkildə görürük. Rusiya hər hansı digər qüvvənin bu məsələlərdə fəal iştirakını istəmir. Düzdür, formal olaraq Rusiya qeyd edir ki, Minsk qrupu bir platforma kimi qalmaqdadır. Onu da qeyd edim ki, Rusiya da Minsk qrupunun üzvüdür. Hesab edirəm ki, hər ehtimala qarşı Rusiya bu alətdən müəyyən bir formada bəlkə də gələcəkdə istifadə edəcək. Ancaq danışıqlar prosesində inanmıram ki, Rusiya Minsk qrupunun hər hansı bir tutarlı rol oynamasına imkan versin. Bizim üçün Minsk qrupunun fəaliyyəti də məqbul deyil. İndi yeni bir post-münaqişə şəraitində onların hansı konkret təkliflərlə bizim tərəfə müraciət edəcəkləri də aydın deyil. Çünki köhnə status məsələsini gündəmə gətirmək bizim üçün qəbuledilməzdir. Statusdan başqa, Minsk qrupunun hər hansı bir məsələ ilə məşğul olacağı, hansısa təkliflərin verəcəyi barədə də hər hansı bir elan yoxdur. Ona görə də, nəticə olaraq qeyd etmək istəyirəm ki, bu, formal bir bəyanatdır və vaxtaşırı Minsk qrupu tərəfindən verilir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az