Gündəm

"Həmin xarici qüvvələrin əsas məqsədi Türkiyəni zəiflətmək, parçalamaqdır"

Həmin xarici qüvvələrin əsas məqsədi Türkiyəni zəiflətmək, parçalamaqdır

“Bu gün Türkiyəni istəməyən çox güclü güc mərkəzləri var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, ABŞ və bəzi Avropa dövlətləri Türkiyənin artan nüfuzundan çox narahatdır:

“Məhz bu məqsədlə həmin dövlətlər Türkiyədə müəyyən qüvvələrə, siyasi partiyalara, qurumlara, təşkilatlara özlərini lider kimi göstərirlər. Həmçinin, onlara bir əlaltı agent kimi çox yaxşı işləyən müəyyən liderlərə külli miqdarda vəsait buraxırlar. Bu vəsait hesabına həmin siyasi qurumlar Ərdoğan iqtidarına qarşı çıxır. Hesab edirəm ki, həmin xarici qüvvələr Türkiyənin güclü və inkişaf etmiş dövlət olmasına qarşı çıxırlar. Yəni, o maliyyələşmələri edənlərin əsas məqsədi Türkiyəni zəiflətmək, parçalamaq, nüfuzdan salmaqdır. Türkiyə daxilində o qüvvələrin vəsaiti hesabına onlara xidmət eləyənlər də, elə Türkiyənin əleyhinə çalışan qüvvələrdir. Ancaq hesab edirəm ki, böyük və müdrik türk xalqı ağı qaradan seçir. Və kimin haqlı, kimin haqsız olduğunu yaxşı müəyyən edir”.

Deputatın sözlərinə görə, Ərdoğan hakimiyyəti dövründə Türkiyə böyük nüfuza sahib olub: “Ərdoğanın iqtidarı dövründə Türkiyənin hansı inkişafa çatdığı, dünyada hansı nüfuz sahib olduğu göz qabağındadır. Təbii ki, bu da xarici qüvvələrin, xarici dövlətlərin xoşuna gəlmir. Əgər Türkiyədə bu mövqeyi həmin siyasi liderlərin də xoşuna gəlmirsə, elə onlar da türk düşmənləri mövqeyindədir. Biz isə hər zaman qardaş Türkiyənin nüfuzlu olmasını tərəfindəyik”.

Aynurə Demokrat.az

D
demokrat.az